525.Az

“Molla Pənah Vaqif: dövrü, yaradıcılığı və tədqiqi problemləri”


 

BDU-nun FİLOLOGİYA FAKÜLTƏSİNDƏ BU MÖVZUDA DƏYİRMİ MASA KEÇİRİLİB

“Molla Pənah Vaqif: dövrü, yaradıcılığı və tədqiqi problemləri” <b style="color:red"></b>

Azərbaycanın və Türk dünyasının görkəmli şairi Molla Pənah Vaqifin 300 illik yubileyilə bağlı BDU-nun Filologiya fakültəsində şairin yaradıcılığına həsr edilmiş dəyirmi masa keçirilib.

“Molla Pənah Vaqif: dövrü, yaradıcılığı və tədqiqi problemləri” mövzulu Dəyirmi masada kafedra müdirləri, professor-müəllim heyəti iştirak edib.

Tədbiri giriş sözü ilə açan fakültə dekanı dosent Elçin Məmmədov M.P.Vaqif haqqında, onun dövrü, mühiti və bədii irsi barədə fikirlərini bölüşüb. E.Məmmədovun fikrincə, M.P.Vaqif Azərbaycan ədəbiyyatında o şairlərdəndir ki, özündən sonra ədəbi məktəb yaradıb. Şairin şeirlərini ilk dəfə Haşim bəy Vəzirov nəşr etdirib və bu gün onun əsərlərinin toplanması, nəşri və yaradıcılığının bəzi məqamları ilə bağlı polemik məsələlərə yenidən baxılmalı, şeirlərinin poetik strukturu, dil-üslub xüsusiyyətlərinin araşdırılmamış tərəfləri tədqiqata cəlb olunmalıdır. Dekan deyib ki, ölkə prezidentinin sərəncamına uyğun olaraq, M.P.Vaqifin 300 illik yubileyi ilə bağlı elmi konfransın keçirilməsinin nəzərdə tutulur və bu konfransın beynəlxalq strandartlar səviyyəsində təşkil olunması üçün zəruri işlər görülür.

“Azərbaycan ədəbiyyatı tarixi” kafedrasının professoru Tofiq Hüseynoğlu M.P.Vaqifin qüdrətli söz ustası olmasından, ictimai-siyasi xadim kimi fəaliyyətindən danışıb. Azərbaycan ədəbiyyatında M.P.Vaqifin həyatına həsr olunmuş bədii əsərlərdə Vaqif obrazının təqdimatı və onun bədii xüsusiyyətlərindən ətraflı bəhs edib, ayrı-ayrı şair və yazıçıların Vaqifə olan münasibəti barəsində məlumat verib. Bildirib ki, bır sıra görkəmli sənətkarlar kimi Yusif Vəzir Çəmənzəminli də “İki od arasında” romanında Vaqif obrazı yaradıb və əslində müəllifin əsəri ilk dəfə “Vaqif” adlandırması heç də təsadüfi olmayıb. Natiq vaqifşünaslığın bır sıra vacib problemləri ətrafında da fikirlər söyləyib.

Professor İfrat Əliyeva ədəbiyyatşünaslıqda M.P.Vaqif irsinin tədqiqi məsələlərinə toxunub. O qeyd edib ki, əslində şairin həyatı və yaradıcılığı yenidən və müasir elmin tələbələrinə uyğun şəkildə tədqiq olunmalıdır. Bunun üçün gənc tədqiqatçıları - tələbələri, magistrləri, doktorantları bu işə cəlb etmək, onlara yeni istiqamətdə mövzular vermək lazımdır. Həmçinin, keçirilməsi nəzərdə tutulan konfransın elmi çəkisinin yüksək səviyyədə olmasına və gənclərin M.P.Vaqiflə bağlı araşdırmalarının yer almasına çalışmaq lazımdır.

Türkologiya kafedrasının müdiri, professor Ramiz Əskər M.P.Vaqifin türk dünyasında görkəmli şair və dövlət xadimi kimi mövqeyindən, xarici ölkələrdə, xüsusilə türkdilli xalqlarda şairin irsinə münasibətdən bəhs edib.   

Dəyirmi masa şairin həyatı və yaradıcılığı ilə, eləcə elmi konfransın təşkil olunması ilə bağlı müzakirələrlə davam edib. 

CAVİD

 





08.04.2017    çap et  çap et