525.Az
Bakıda ana və körpə doğuş zamanı öldü
Respublika Kliniki Xəstəxanasında doğuş zamanı ana və uşaq ölümü baş verib.
Xəstəxananın baş həkiminin müavini Mahir Babayev APA-ya açıqlamasında bildirib ki, 1989-cu il təvəllüdlü Orucova Nuranə Səməd qızı aprelin 8-i saat 12:00-da ağır vəziyyətdə və 40 dərəcə hərarətlə xəstəxanaya yerləşdirilib.
Onun sözlərinə görə, hamiləliyinin 27-ci həftəsində olan qadında sepsis, qaraciyər və böyrək çatışmazlığı olub:
“Qanaxma və ölü döl qeydə alınıb. Qadında vəziyyəti çox kritik-ağır olub, qaraciyər-böyrək çatışmazlığı müşahidə edilib. Lazımi tibbi yardımlara baxmayaraq, onu və körpəni xilas etmək mümkün olmayıb, aprelin 9-da ana və uşaq ölüb”.
Baş həkimin müavini qeyd edib ki, meyit Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə verilib:
“Birliyin rəyi nəticəsində məsələ Səhiyyə Nazirliyində araşdırılacaq”.
10.04.2017
çap et