525.Az

Əsir düşməmək üçün özlərini partladan kəşfiyyatçılar anıldılar


 

Əsir düşməmək üçün özlərini partladan kəşfiyyatçılar anıldılar<b style="color:red"></b>

Qarabağ Qaziləri İctimai Birliyinin, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin və hərbi ekspert, polkovnik Xətai Baxışovun təşkilatçılığı ilə şəhid kəşfiyyatçıların xatirəsi anılıb.

Qaziler.az-ın məlumatına görə, əvvəlcə şəhid kəşfiyyatçıların ailə üzvləri, silahdaşları, millət vəkilləri, Müdafiə Nazirliyinin rəsmiləri, Qarabağ döyüşçülərinin, generalların, yazıçıların, şairlərin, rejissorların, sənət adamlarının, QHT təmsilçilərinin iştirakı ilə şəhidlərimizin II Fəxri Xiyabandkı məzarları ziyarət edilib.

Məlumat üçün qeyd edək ki, 1997-ci il aprelin 7-də iki kəşfiyyat qrupu xüsusi tapşırıqla Qarabağa göndərilir. Qrup düşmənin arxasına keçərək tapşırığı yerinə yetirir. Birincin qrup itkisiz qayıdır, lakin ikinci qrupu bir yaşlı erməni qadını görür. Təbii ki, döyüşçülərimiz o qadına toxunmurlar. Ancaq bir az keçmiş düşmən həmin o qadının xəbəri ilə kəşfiyyat qrupunu mühasirəyə alır və təslim olmalarını söyləyirlər. Təslim haqqında təklif döyüşçülərimiz tərəfindən rədd edildikdən sonra ağır döyüş başlayır.

Kəşfiyyatçılarımız düşmənin xeyli canlı qüvvəsini məhv edir. Güllələri qurtardıqda düşmənin əlinə keçməmək üçün özlərini qumbara ilə partladırlar. 8 nəfər heyətdən ibarət olan qrupun 7-üzvü şəhid olur, onlardan biri Əhmədov Aqil Mürsəl oğlu isə ağır yaralanaraq huşsuz vəziyyətdə əsir düşür. Erməni məhkəməsi Aqilə güllələnmə qərarı da çıxarır. Ancaq uzun sürən danışıqlardan sonra Aqili dəyişmək mümkün olur.

Xatırladaq ki, onların hər birini mərhum prezident Heydər Əliyev "Azərbaycan Bayrağı" ordeni ilə təltif edib:

Leytenant Ağayev Elxan Ataxan oğlu:
Leytenant Gərəhmədov Vüqar Rzaxan oğlu:
Çavuş Rzayev Anar Üzeyir oğlu;
Çavuş Mustafayev Dinar İbrahim oğlu;
Çavuş Həsənov Aqşin Əli oğlu;
Çavuş Ələkbərov Nizami Səfi oğlu;
Çavuş Cavadov Fariz Şamil oğlu;

Daha sonra isə “Qurd qapısı” yaxınlığındakı Mərasim Evində şəhid kəşfiyyatçıların anım tədbiri keçirilib.

Tədbirin aparıcısı Azərbaycanın ilk hərbi diktoru, vətənpərvərlik mahnlılarının tanınmış ifaçısı Şəmistan Əlizamanlı idi.

Tədbir jurnalist Teymur Zahidoğlunun hazırladığı 16 dəqiqəlik “Kəşfiyyatçılar” sənədli filminin təqdimatı ilə başladı.

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli çıxış edərək 8 qəhrəman kəşfiyyatçı haqqında danışdı. Bildirdi ki, necə ki, bizim bu 8 kəşfiyyatçımız birləşib bir ürək ola bildilər. Eləcə də, aprel hadisələri də göstərdi ki, bu qəhrəmanlıqlar davamlıdır. O, kəşfiyyatçılara rəhmət dilədi.

Şəhid kəşfiyyatçılardan Aqşin Həsənovun anası Xanım ana çıxışında qeyd etdi ki, şəhid analarlının ürəyi yoxdur. “Bizim ürəyimiz qara bir parçadır. Yaxşı olardı ki, bu 7 qardaş kəşfiyyatçı haqqında film çəkiləydi, kitablar yazılaydı, onlara poema ithaf olunaydı. Bu 7 kəşfiyyatçının 1 qardaşı var, o da Aqil Əhmədovdur ki, sağ qalıb. Onun səhhətindəki problemlərin aradan qaldırılmasını arzulayırıq”. Daha sonra Xanım Ana tədbirin təşkilatçılarına şəhid analarının və yaxınlarının adından dərin minnətdarlığını bildirdi.

Sağ qalan kəşfiyyatçı Aqil Əhmədov da öz növbəsində şəhid olmuş döyüşçü yoldaşlarını həmişə hörmətlə anacağını bildirdi və tədbir təşkilatçılarına təşəkkür etdi.

Millət vəkili Flora Qasımova şəhid analarına səbr diləməklə sözə başladı: “Deməyin ki, şəhid analarının ürəyi yoxdur. Bizim övladlarımız şəhid olanda demirik ki, niyə mənim oğlum öldü. Deyirik ki, vətən, başın sağ olsun! Bizim erməni analarından fərqimiz də məhz budur”.

Millət vəkili Qənirə Paşayeva öz çıxışında 8 kəşfiyyatçının qəhrəmanlığından söz açdı. O, daim şəhid ailələrinin, Qarabağ qazilərinin yanında olduğunu dilə gətirdi. “Biz fəxr edirik ki, bu vətənin belə oğulları var. Mən onları böyüdən anaların qarşısında baş əyirəm. Mən o şəhidlərin ruhu qarşlısında baş əyirəm”.

Daha sonra Ali Baş Komandanın şəhid ailələrinə və Qarabağ qazilərinə diqqət və qayğısından danışan millət vəkili kəşfiyyatçılardan sağ qalan Aqil Əhmədovun müalicəsi ilə yaxından məşğul olacaqlarına söz verdi. “Mən maraqlanmışam Aqil Əhmədovun sənədləri Türkiyənin Gülhanə Xəstəxanasındadır. Yəqin ki, tezliklə o məsələ ilə məşğul olacağıq”.

Millət vəkili Adil Əliyev də Azərbaycan oğullarının mübarizliyindən söz açdı. O da həmin döyüşdən yeganə sağ çıxan Aqil Əhmədovun müalicəsi ilə məşğul olacağını bildirdi.

Rejissor Əli Əmirli öz çıxışında bildirdi ki, bu qəhrəmnanlıqlar haqda film çəkməyi planlaşdırır. Tədbirin aparıcısı Şəmistan Əlizamanlı da öz növbəsində 7 kəşfiyyatçıya hərbi marş yazacağını qeyd etdi.

Tədbirdə həmçinin Milli Məclisin Sosial –Siyasət Komissiyasının sədri, millət vəkili Hadı Rəcəbli, millət vəkilləri Aqil Abbas, Zahid Oruc, Elman Məmmədov, generallar - Məmmədhüseyn Sarıyev, Qabil Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov rayon şöbəsinin rəisi polkovnik Qəşəm Mahmudov, Vətən Müharibəsi Əlilləri Birliyinin sədri Firudin Məmmədov, Qaziler.az saytının baş redaktoru Rey Kərimoğlu, Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmov (Fred) adına Fondun sədri Ədalət Məhərrəmov, 20 yanvar şəhidləri İlham və Fərizənin ailə üzvü Elxan Allahverdiyev, Xocalı rayonunun keçmiş icra başçısı Elman Məmmədov, Azərbaycan Qarabağ Əlilləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin sədri Mehdi Mehdiyev, hərbi jurnalistlər – Üzeyir Cəfərov və İbrahim İbadoğlu da iştirak edirdilər.

İştirakçılar arasında aktyor İlqar Cahangir, yazıçı-publisist Fəxri Uğurlu, Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlu, Bilik Fondunun aparıcı məsləhətçisi Ramilə Qurbanlı, Strateq.az saytının baş redaktoru Elxan Şükürlü, şair Xanəmir Telmanoğlu və digər tanınmış simalar da vardı.

Tədbirin rəsmi hissəsi bitəndən sonra 7 kəşfiyyatçının ehsan süfrəsi açıldı. Din nümayəndəsinin iştirakı ilə şəhidlərimizin ruhuna dualar oxundu.

 





10.04.2017    çap et  çap et