525.Az

“Məqsədimiz o qüvvələri bəhanələrdən məhrum etməkdir”


 

“Məqsədimiz o qüvvələri bəhanələrdən məhrum etməkdir”<b style="color:red"></b>

“Əsas məqsədimiz əhalinin imtiyazlı təbəqəsinin problemlərinin  mətbuata çıxarılmadan, ictimailəşdirilmədən müvafiq qurumlara çatdırılması və həllinə nail olunmasıdır”

Bu fikirləri dünən keçirdiyi mətbuat konfransında Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu bildirib. Prezidentin yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə JEM-in həyata keçirdiyi layihə çərçivəsində görülən işləri mətbuat nümayəndələrinin diqqətinə çatdıran mərkəz sədri bir ayın yekunu ilə bağlı məlumat verib.

C.Musaoğlunun sözlərinə görə, 3 aylıq nəzərdə tutulan layihənin birinci ayında işçi qurupu ilə müqavilələr bağlanıb, dəftərxana ləvazimatları alınıb, Qaynar xətt yaradılıb, layihənin mahiyyəti barədə müraciət hazırlanaraq əksər dövlət qurumlarına-nazirlik və komitələrə göndərilib. Onlardan xahiş olunub ki, ünvanlayacağımız müraciətlərə düzgün reaksiya versinlər. Daha çox köməyə, dövlət dəstəyinə ehtiyac duyan 40-dan çox qaçqın və məcburi köçkün, əlillər, kimsəsizlər və şəhid ailələri ilə söhbətlər aparılıb, problemləri qeyd olunaraq, müvafiq dövlət orqanlarına ünvanlanıb: “Biz istəmirik ki, ölkəmiz barəsində beynəlxalq təşkilatlarda, bəzi Avropa ölkələrində pis təəssürat formalaşsın. Axı biz belə münasibətə layiq deyilik. Məsələn, hansısa şəhid ailəsinin problemi var, və o mətbuata çıxır. Təbii ki, belə problemlərə əsasən müxalifət qəzetlərində rast gəlinir. Beynəlxalq təşkilatlar ölkəmiz barəsində məlumatları daha çox bu düşərgənin media orqanları vasitəsi ilə öyrənir. Düşündük ki, həmin şəhid ailəsinin probleminin həllinə mətbauta üz tutmadan nail olmaq mümkündü. Əsas problemin həllidirsə, bunu daha ağrısız da həyata keçirmək olar. Bu üzdən belə bir layihə hazırladıq. QHT-lərə Dövlət Dəstəyi Şurasının rəhbərliyi, ekspertləri, qiymətləndirmə komissiyası maliyə yardımı ayrılmasına yox demədikləri üçün onlara minnətdarlıq edirik”.

JEM sədri onu da deyib ki, artıq 40 müraciət JEM-in xüsusi blanklarında 10 nazirlik və komitəyə göndərilməsi üçün hazırlanıb. Bu gün onları ünvanlarına göndəriləcək: “Mərkəzə daxil olan müraciətlərə diqqətlə  nəzər salanda məlum olur ki, şikayətçilərin problemləri elə də ağır deyil. Azərbaycan kimi ölkədə onları həll etmək çox asandır. Sadəcə problem mətbuata çıxarılanda müxtəlif prizmalardan yozmalar olur ki, bu da işin xeyrinə deyil. Müraciətlərimizdə xahiş etmişik ki, mavafiq dövlət orqanı 10 gün ərzində problemin həlli ilə bağlı Mərkəzə məlumat versin. Biz inanırıq ki, cəmiyyətimizin ən həssas təbəqəsi olan qaçqın və məcburi köçkün, əlillər, kimsəsizlər və şəhid ailələrinin problemləri qarşılıqlı anlaşma ilə aradan qalxacaq.Mətbuat vasitəsi ilə qabardılan cüzi problemlərdən ölkəmizin beynəlxalq imicinə ləkə yaxmaq üçün istifadə edən, inkişafımıza xor gözlə baxan daxili və xarici qüvvələr var, bizim əsas məqsədlərimizdən biri də o qüvvələri bu cür bəhanələrdən məhrum etməkdir”.

Mətbuat konfransında aparıcı KİV-lərin rəhbər şəxsləri də çıxış edib. “Ədalət” qəzetinin baş redaktor müavini Əbülfət Mədətoğlu JEM-in layihəsindəki orijinallığa diqqət çəkib: “Bu günə qədər belə bir layihə olmayıb. İnanırıq ki, məmurlar sizin fəaliyyətinizə dəstək olacaq, onlara ünvanladığınız problemlərə biganə qalmayacaqlar. “Bakı-Xəbər” qəzetinin redaktoru Hacı Vaqif də tövsiyyə ilə çıxış edib: “Yaxşı olardı ki, müraciət ünvanladığınız məmurlarla görüşüb onlara qulluqçu olduqlarını xatırladasız”.

Teleqraf.az saytının baş redaktoru Nicat Dağlar isə məmurların süründürməçiliyinə diqqət çəkib: “İmtiyazlı təbəqədən olanların problemlərini mətbuata çıxarmadan həll etmək istəyirsiz. Ancaq nəzərə almaq lazımdır ki, elə o problemlərin mətbuata çıxmasında bilavasitə yerlərdəki məmurların “əməyi” var. Onlar vaxtında şikayətləri dinləyib, əncam çəksələr vəziyyət bu həddə çatmaz.

Tədbirdə Prezidentin yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası katibliyinin nümayəndəsi Vüsalə   Süleymanova da iştirak edib. V. Süleymanova JEM-in bir aylıq hesabatını müsbət dəyərləndirib və onlara cəmiyyətin inkişafındakı fəaliyyətlərində uğurlar arzulayıb.

 





30.04.2013    çap et  çap et