525.Az

Nəzəriyyəni təcrübə ilə birləşdirən tədqiqatçı


 

Nəzəriyyəni təcrübə ilə birləşdirən tədqiqatçı<b style="color:red"></b>

Etibar Əli oğlu Əliyev 15 aprel 1957-ci ildə Cəlilabad rayonunun Ocaqlı kəndində anadan olmuşdur.

1963-1973-cü illərdə orta məktəbdə oxumuş, 1973-1978-ci illərdə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun (indiki Texniki Universitet) "Avtomobil nəqliyyatı" fakültəsində oxumuş, oranı əla qiymətlərlə bitirmiş və təyinatla daxili işlər orqanlarına göndərilmişdir. 1983-cü ildə Etibar Əliyev ikinci ixtisas kimi SSRİ DİN Ali İstintaq Məktəbinə qəbul olunmuş və 1988-ci ildə oranı əla qiymətlərlə başa vurmuşdur. O, hazırda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisinin müavini, eyni zamanda BDU-nun "Beynəlxalq xüsusi hüquq və Avropa hüququ" kafedrasının dosentidir.

Hüquq üzrə elmlər doktoru, polis polkovniki, Qarabağ müharibəsi veteranı Etibar Əliyev işlədiyi müddət ərzində kollektivdə özünü peşəkar mütəxəssis, təcrübəli və intizamlı polis işçisi, sadə, səmimi, qayğıkeş bir insan və zəhmətkeş tədqiqatçı kimi göstərmişdir. Bu səbəbdən Etibar Əliyev gənc yaşlarından indiyə kimi çalışdığı kollektivdə həmişə hörmət və ehtiram qazanmışdır.

1997-ci ildən elmi-pedaqoji fəaliyyətlə məşğul olan Etibar Əliyev 2000-ci ildə Bakı Dövlət Universitetinin "Beynəlxalq hüquq" ixtisası üzrə dissertanturasına qəbul olunmuşdur. O, 2003-cü ildə "Nəqliyyat Azərbaycan Respublikasının beynəlxalq müqavilə praktikasında (beynəlxalq-hüquqi təhlil)" mövzusunda hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işini müdafiə etmişdir. Hüquq üzrə elmi dərəcə alan E.Əliyev bundan sonra beynəlxalq nəqliyyatın hüququ münasibətləri sahəsində elmi tədqiqat işlərini daha da dərinləşdirməyə qərar verdi. Elmə olan daxili istək və arzular Etibar müəllimi doktorluq dissertasiyası üzrə yeni mövzu götürməyə vadar etmişdir. Məhz bu istək və arzunun, eyni zamanda gərgin zəhmətin nəticəsində Etibar Əliyev 2013-cü ildə "Qloballaşma dövründə beynəlxalq nəqliyyat münasibətlərinin hüquqi tənzimlənməsi" mövzusunda hüquq üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi doktorluq dissertasiyasını müdafiə etmişdir.

Etibar Əliyev 2004-cü ildən "Nəqliyyat hüququ" elmi-nəzəri, təcrübi jurnalın həmtəsisçisi, həm də redaksiya şurasının üzvüdür. Bu jurnal 2004-cü ildən indiyə kimi tədqiqatçılar, magistr və doktorantlar arasında geniş tanınmış və çoxlu oxucuları öz ətrafında toplaya bilmişdir.

Qeyd etmək lazımdır ki, Etibar Əliyevin elmi-yaradıcılıq fəaliyyətini mövzu istiqamətinə görə şərti olaraq bir neçə yerə bölmək olar: 1. Beynəlxalq nəqliyyat hüququ. 2. Beynəlxalq iqtisadi hüquq. 3. Yol hərəkəti təhlükəsizliyinin hüquqi əsasları. 4. Avropa hüququ və s. Müəllifin Beynəlxalq nəqliyyat hüququ ilə bağlı elmi yaradıcılığında mühüm yer tutan kitablarından biri 2006-cı ildə nəşr olunmuş "Qloballaşma dövründə beynəlxalq nəqliyyat daşımaları: hüquqi aspektlər" (360 səh.) monoqrafiyasıdır. Göstərmək lazımdır ki, bu kitab beynəlxalq nəqliyyat hüququ münasibətləri sahəsində müasir normativ-hüquqi sənədlər və beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanmışdır.

Bu baxımdan kitab Azərbaycan nəqliyyat hüququ sahəsində müəyyən elmi-nəzəri əhəmiyyət kəsb edir. Monoqrafiyada hazırkı qloballaşma dövründə beynəlxalq daşımalarının növləri, hüquqi təbiəti, xüsusiyyətləri, habelə beynəlxalq nəqliyyat daşımalarında məsuliyyət və təhlükəsizlik məsələləri elmi cəhətdən araşdırılmışdır.

Zəhmətkeş tədqiqatçı Etibar Əliyevin bu kitabdan başqa Beynəlxalq hüququn müxtəlif sahələrini əhatə edən bir çox monoqrafiyaları da nəşr olunmuşdur. Məsələn, "Azərbaycan Respublikasının Polis Hüququ", "Beynəlxalq əqli mülkiyyət hüququ", "Avropa nəqliyyat hüququ" və s. monoqrafiyalarını öz nəzəri və praktiki əhəmiyyətinə və tədqiqatçıların diqqətini cəlb etdiyinə görə müsbət dəyərləndirmək olar.

Qeyd etdiyimiz kimi, Etibar Əliyevin əmək fəaliyyəti çoxşaxəlidir. Uzun illər daxili işlər orqanlarında çalışan polis polkovniki Etibar Əliyev 2003-cü ildən həm də elmi-pedaqoji fəaliyyətlə məşğul olmaqdadır. Bu baxımdan o uzun illərdir ki, BDU-nun "Beynəlxalq xüsusi hüquq və Avropa hüququ" kafedrasında da tələbələrə "Beynəlxalq hüquq", "Avropa hüququ", "Beynəlxalq iqtisadi hüquq" və digər fənlərdən dərs deyir. Məhz polis orqanlarındakı əməli fəaliyyətini elmi-pedaqoji fəaliyyətlə səmərəli şəkildə uzlaşdırmağı bacardığına görə Etibar Əliyev tələbələr üçün bir çox maraqlı, faydalı dərslik və dərs vəsaitləri hazırlayıb nəşr etdirmişdir.

Bir neçə dərslik və dərs vəsaitinin müəllifi olan Etibar Əliyevin oxucular tərəfindən maraqla qarşılanan kitablarından biri 2003-cü ildə nəşr olunan "Yol hərəkətinin beynəlxalq-hüquqi tənzimlənməsi və milli qanunvericilik" (260 səh.) adlı dərs vəsaitidir. Ali məktəb tələbələri, Dövlət yol polisi əməkdaşları, nəqliyyat hüququ ilə maraqlananlar üçün nəzərdə tutulmuş bu dərs vəsaitində yol hərəkəti qaydalarının hüquqi cəhətdən nizama salınması, nəşr edilmiş bu qaydaların pozulmasına görə məsuliyyətin hüquqi aspektləri təhlil edilmişdir. Göstərmək lazımdır ki, bu dərs vəsaitinin  müstəqil respublikamızın yol hərəkətinin hüquqi münasibətləri sahəsində mövcud olan boşluqların doldurulmasında elmi-pedaqoji cəhətdən xüsusi əhəmiyyəti vardır.

Etibar Əliyevin "Hüquq" ixtisası üzrə ali məktəb tələbələri, nəqliyyat hüququ sahəsində çalışan mütəxəssislər və praktiki işçilər üçün nəzərdə tutulan 2009-cu ildə nəşr olunmuş "Beynəlxalq nəqliyyat hüququ" (868 səh.) adlı dərsliyi də oxucular üçün elmi-pedaqoji cəhətdən maraq doğuran dərslik hesab olunur.

Azərbaycan Respublikasının beynəlxalq nəqliyyat hüququ ilə bağlı məsələlərin geniş şəkildə işıqlandırılması və şərh edilməsinə Etibar Əliyev bu dərslikdə ilk dəfə olaraq təşəbbüs göstərmişdir. Kitabda ayrı-ayrı nəqliyyat növləri üzrə beynəlxalq daşımaların hüquqi tənzimlənməsinin xüsusiyyətləri təhlil edilmiş, beynəlxalq nəqliyyat daşımaları sahəsində ən yeni normativ-hüquqi sənədlər şərh edilmişdir.

Beynəlxalq iqtisadi hüquqla bağlı olan məsələləri əhatə edən elmi istiqamətlər isə Etibar Əliyevin müxtəlif illərdə nəşr etdirdiyi bir neçə dərsliklərində öz ifadəsini tapmışdır. 2016-cı ildə nəşr edilmiş "Beynəlxalq iqtisadi hüquq" adlı iri həcmli (690 səh.) dərslik bu mövzuda yenidən işlənmiş və təkminləşdirilmiş bir əsərdir. Dərslikdə beynəlxalq iqtisadi hüquq sahəsinə aid olan bir çox məsələlər geniş şəkildə şərh edilmişdir. Kitabda beynəlxalq iqtisadi hüquqa və onun yarımsahələrinə anlayış verilmiş, dövlətlərarası beynəlxalq iqtisadi münasibətlər üzrə beynəlxalq hüquqi tənzimlənmənin xüsusiyyətləri təhlil edilmişdir. Etibar müəllimin digər maraqlı dərsliklərindən biri - orta ixtisas məktəbləri üçün hazırlanmış "Yol hərəkəti təhlükəsizliyinin hüquqi əsasları" (2010, 368 səh.) adlanan dərslikdir. Bu dərslikdə müəllif tərəfindən yol hərəkəti təhlükəsizliyinin hüquqi əsaslarının mahiyyəti, əlamətləri, sosial-hüquqi cəhətləri ətraflı şəkildə işıqlandırılmışdır. Eyni zamanda bu kitabda yol hərəkətinin hüquqi tənzimlənmə sisteminin və Dövlət Yol Polisi orqanlarının inzibati-hüquqi fəaliyyətinin xüsusiyyətləri müəllif tərəfindən sadə və aydın şəkildə şərh edilmişdir. Bundan başqa, Etibar Əliyevin "Azərbaycan Respublikasının nəqliyyat hüquqü (Dərs vəsaiti)" (2010, 544 səh.) adlı kitabı da işıq üzü görmüşdür.

Qeyd etmək lazımdır ki, Etibar Əliyevin elmi yaradıcılığı coğrafi məkan baxımından təkcə Azərbaycan hüdudları ilə məhdudlaşmır. Uzun illərdir ki, o, Rusiya Federasiyası, Ukrayna və Türkiyə Respublikasının tanınmış hüquqşunas alimləri ilə əməkdaşlıq edir. Məsələn, Ukrayna Dövlət Xidməti Milli Universitetinin professoru, hüquq elmləri doktoru L.D.Timçenko ilə Etibar müəllim üzun illərdir ki, elmi əməkdaşlıq edir. Maraqlı cəhət odur ki, iki hüquqşunas alimin elmi əməkdaşlığı artıq onların şəxsi dostluğuna çevrilmişdir. Bundan başqa, Etibar Əliyevin Kiyev Milli Linqivistika Universitetinin professoru, hüquq elmləri doktoru A.L.Merejko, Rusiya Federasiyası Kazan Federal Universitetinin professoru, hüquq elmləri doktoru R.M.Valeyev, Ukrayna MEA-nın Dövlət və Hüquq İnstitutunun şöbə müdiri, hüquq elmləri doktoru, professor, əməkdar elm xadimi V.N.Denisov, Türkiyə Respublikası İstanbul Universiteti Hüquq fakültəsinin professoru, doktor Əminə Yazıçıoğlu və başqa tanınmış xarici alimlərlə geniş elmi yaradıcılıq əlaqələri vardır.

Yüksək peşə bacarığına və intellektual potensiala malik olan Etibar Əliyev nəqliyyat hüququ və yol hərəkətinin təhlükəsizliyi ilə bağlı olan qanunvericilik sənədləri və digər normativ-hüquqi aktların hazırlanmasında xeyli işlər görmüşdür. Belə ki, "Yol hərəkəti Haqqında" Azərbaycan Respublikasının Qanunu, "Dövlət Yol Polisi" əsasnaməsinin və bir çox normativ-hüquqi aktların layihələrinin hazırlanmasında Etibar müəllimin də zəhməti olmuşdur. Məsələn, Azərbaycan Respublikasının "Yol hərəkətinin təhlükəsizliyi" Beynəlxalq Konvensiyasına qoşulması ilə əlaqədar yol hərəkəti təhlükəsizliyi sahəsində bir çox zəruri olan hüquqi-normativ sənədlərin layihələrinin hazırlanmasında Etibar müəllim yaxından iştirak etmişdir.

Ümumiyyətlə, hüquq üzrə elmlər doktoru Etibar Əliyev öz həyat fəaliyyətində qazandığı ixtisas üzrə həmişə nəzəriyyəni praktika, təcrübə ilə birləşdirməyi bacarmışdır. Burada Ulu öndər Heydər Əliyevin alimlər haqqında dediyi bir müdrik kəlamını misal gətirmək yerinə düşərdi: "Hər bir alim qiymətlidir. Ancaq nəzəriyyəni təcrübə ilə birləşdirən, fikirlərini tətbiq edə bilən və onlardan əməli nəticə götürə bilən, cəmiyyətə, ölkəyə, xalqa konkret fayda gətirən insanlar, alimlər sırasında xüsusi yer tuturlar".

Uzun illər yaxından tanıdığım zəhmətkeş tədqiqatçı, tanınmış ziyalı, öz həyat fəaliyyətində nəzəri işlə praktikanı səmərli şəkildə bir-biri ilə uzlaşdırmağı bacaran, intizamlı polis işçisi, hüquq üzrə elmlər doktoru, polis polkovniki Etibar Əli oğlu Əliyevi qarşıdan gələn 60 illik yubileyi münasibəti ilə təbrik edir, ona can sağlığı, uzun ömür, dövlətçiliyimizə xidmətdə və elmi yaradıcılıq sahəsində böyük uğurlar arzu edirəm.

Sakit HÜSEYNOV
AMEA-nın Fəlsəfə İnstitutunun "Dinşünaslıq və mədəniyyətin fəlsəfi problemləri" şöbəsinin müdiri, fəlsəfə üzrə elmlər doktoru

 





11.04.2017    çap et  çap et