525.Az

İngilis dili qrammatikasının tədqiqinə töhfə


 

İngilis dili qrammatikasının tədqiqinə töhfə<b style="color:red"></b>

Tarixin bütün dövrlərində Qərb, onun mədəniyyətinin əsas aparıcı nümayəndələri bütövlükdə Şərqə olan maraqları çərçivəsində Azərbaycan mədəniyyətinə də öz münasibətlərini göstərməklə yanaşı, ondan bəhrələniblər. Bu gün qloballaşma dünyada mədəniyyətlər arası dialoqun müəyyənləşməsinə şərait yaradıb.
 
Çox yaxşı haldır ki, müstəqillik əldə etdiyimiz bir dönəmdə başqa ölkələrlə müstəqil bir siyasətimiz müəyyənləşib. Bu müstəqil siyasətin müəyyənləşməsində eyni zamanda, ədəbi əlaqələrin də yaranması, inkişafı çox aktual və zəruri məsələlərdən birinə çevrilir ki, bu missiyanın öhdəsindən gəlmək üçün ayrı-ayrı sahələrin üzərinə konkret vəzifələr düşür. Bu vəzifələrin öhdəsindən gəlmək baxımından dilçilik elmi də başqa dillərin Azərbaycanda tədrisi və tədqiqi sahəsində müəyyən əsərlərin  müəyyənləşməsinə şərait və imkan yaradan mövzular tədqiq olunur. Təqdirəlayiq haldır ki, belə əhəmiyyətli zəruri mövzulardan biri də məhz Azərbaycanda ingilis dilinin tədqiqi məsələsidir. Bu mövzunun öyrənilməsi olduqca vacib və aktual mövzu kimi ciddi elmi-ictimai maraq doğurur.

Müstəqillik illərində - son iyirmi ildə aparılan tədqiqatlar yeni istiqamət alıb. Bu səpkidə yazılan ən dəyərli əsərlərdən biri də AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutu Dilçilik şöbəsinin  elmi işçisi,  filologiya üzrə fəlsəfə doktoru Leyla Səfərovanın "Azərbaycanda İngilis  dili qrammatikasının tədqiqi tarixi" adlı monoqrafiyasıdır. Həmin əsər bu yaxınlarda ADPU-nun nəşriyyatında  işıq üzü görüb.  Əsərin elmi redaktoru filologiya üzrə elmlər doktoru, professor Fikrət Cahangirov, rəyçiləri AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev və filologiya üzrə elmlər doktoru, professor Adil Babayevdir.

Bəhs açdığımız bu əsər Azərbaycan dilçiliyinin aktual məsələlərindən birinə həsr olunmuşdur. İngilis  dilinin Azərbaycanda tədqiqi məsələləri istiqamətində müxtəlif dövrlərdə görkəmli alimlər gərəkli işlər görmüşlər. Həmin sahədə geniş, əhatəli və dərin tədqiqatlar aparılsa da, yenə də bəzi məsələlərin, ələlxüsus da ingilis dili qrammatikasının Azərbaycanda tərdisi və tədqiqinin daha da dərindən araşdırılmasına ehtiyac vardır. Bu mənada Leyla Səfərovanın təqdim etdiyi bu monoqrafiya ilk sistemli, əhatəli elmi-tədqiqat əsəridir. Bu məziyyət də monoqrafiya  mövzusunun aktuallığını şərtləndirən amillərdəndir.İngilis  dilinin yayılma arealını müəyyənləşdirərək, ölkəmizdə hansı dövrdən öyrənildiyinin tədqiq olunmasını məhz bu əsərdə ilk dəfə olaraq monoqrafik şəkildə və bütün ölçüləri ilə öyrənilmişdir.

Monoqrafiya giriş, üç fəsil, nəticə, ədəbiyyat siyahısından ibarətdir.

Birinci fəsildə Azərbaycanda ingilis dili qrammatikasının tədqiqinin təşəkkülünü dərindən və hərtərəfli araşdıran müəllif  qərb dillərinin Azərbaycanda tədrisi tarixini 1848-ci ildən başladığını qeyd edir. İngilis dilinin tədrisinə 1936-cı ildən başlanmasına baxmayaraq, bu dilin qrammatikası ilə bağlı Rüxsarə Qayıbovanın ilk kitabı tipoloji dilçilik baxımından xüsusi əhəmiyyətə malik olmuşdur. 60-cı illərdən sonra bu səpkidə aparılan tədqiqatlarla bağlı müəllif belə qeyd edir: "1970-80-ci illərdə artıq ingilis dilinin qrammatikası sahəsində müəyyən dərəcədə elmi potensial formalaşmışdı. Xarici dili öyrənən tələbələrin tələbatını ödəmək üçün ana dilində ingilis dilinin qrammatik quruluşunu sistemli şəkildə əks etdirən dərsliyə ehtiyac hiss olunurdu". Bu təlabatı ödəmək üçün yazılan bütün monoqrafiya və kitablar, tədqiqat işlərini  gənc tədqiqatçı konseptual şəkildə araşdırmış və maraqlı müqayisələr etmişdir.

Müəllif çox doğru olaraq öncə Azərbaycan və ingilis dil əlaqələrinin tarixini, ikinci fəsildə isə "Azərbaycanda ali məktəblər üçün yazılmış dərslik və dərs vəsaitlərində ingilis dili qrammatikası" məsələlərini tədqiqata cəlb edir. O, ingilis  dilinin tədqiqi və tədrisi ilə bağlı Azərbaycanda hazırlanmış dərslik, dərs vəsaitləri və tədris proqramlarını ilkin mənbə kimi göstərərək hazırlanan bu vəsaitlər içərisində dərsliklərin yerini xüsusi vurğulayır və ön plana çəkir. İkinci fəslin hər üç yarımfəslində ingilis  dilinin qrammatikası ilə bağlı  azərbaycanlı alimlərin araşdırmalarını tədqiqat obyektinə çevirir və dəyərli fikirlərinə mütamadi istinad edir. Azərbaycanda ingilis  dili qrammatikasının tədqiqi və tədrisi məsələlərinin müqayisəli-tutuşdurma metodu ilə araşdırılması, hər iki xalqın biri-birinin dilinə, elm və mədəniyyətinə olan qarşılıqlı marağının nəticəsidir. Bu və ya digər məsələlərin hansı tarixdən başlanmasının sistemli şəkildə araşdırılması həm monoqrafiyanın elmi yeniliyini şərtləndirir, həm də müəllifin hər iki xalqın dilinə dərin bələdçiliyinin göstərir.Müəllif əsər boyu müxtəlif fikir və mülahizələrə münasibət bildirərkən konkret faktlara və nümunələrə əsaslanmışdır.

Bu fəslin ən maraqlı yarımfəsillərindən biri "Müstəqillik illərində yazılmış qrammatika kitabları"dır.

Üçüncü fəsil "Azərbaycanda yazılmış tədqiqat işlərində ingilis dilinin qrammatikası" adlanır. Burda ingilis dilinin morfologiyasına, sintaksisinə dair aparılan tədqiqatlar təhlil müstəvisinə gətirilir. Aydın olur ki, XX əsrin ortalarından sonra aparılan bu tədqiqatlar həm nəzəri, həm də praktik baxımdan müasir dövrdə də öz aktuallığını saxlayır. 

İngilis dilinin mətn dilçiliynə dair K.M.Abdullayevin, Ə.Ə.Abdullayevin, A.Y.Məmmədovun tədqiqatları və həmçinin sonrakı tədqiqatçılara stimul verməsi bu fəslin əsas qayəsini təşkil edir. Bu və ya bu qəbildən olan digər məsələlər bəhs etdiyimiz fəslin hər üç yarımfəslində elmi izahını tapmışdır.

Monoqrafiyada verilən məlumatlarla tanışlıqdan sonra ingilis dilinin qrammatik quruluşu və onun tarixi inkişafı haqqında tam təsəvür yaranır.

Monoqrafiyanın "Nəticə" hissəsində də tədqiqat boyu gəlinən nəticə və qənatlər yığcam və dolğun şəkildə əksini tapır, araşdırmanın nəticəsini konkret şəkildə başa düşməyə və mənimsəməyə imkan verir. Mövzu ilə bağlı əldə olunmuş nəticələrin ümumiləşdirilməsi monoqrafiyanın praktik əhəmiyyətindən xəbər verir.

Bu əsərin ali məktəb tələbələri, magistr və doktorantlar, həmçinin ingilis dilinin nəzəri problemlərinin müqayisəsi  ilə məşğul olan tədqiqatçılar üçün dəyərli mənbə rolunu oynayacağına əminik. 

Zülfiyyə İSMAYIL
filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA Naxçıvan Bölməsi böyük elmi işçisi

 





11.04.2017    çap et  çap et