525.Az

"Prezident Minsk qrupuna qarşı iradlarda tam haqlıdır"


 

"Prezident Minsk qrupuna qarşı iradlarda tam haqlıdır"<b style="color:red"></b>

Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında prezident İlham Əliyev bir sıra vacib məsələlərə toxunub.
 
Dövlət başçısı 2017-ci ilin birinci rübündə Azərbaycanın sosial-iqtisadi inkişafı ilə bağlı artımın olduğunu qeyd edib. 

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan 2015-2016-cı illərdəki iqtisadi böhranı uğurla aradan qaldırıb və inkişaf  yoluna çıxıb. Ötən ildə həyata keçirilən islahatlar bu ilin birinci rübündə öz müsbət nəticələrini göstərib. Qarşıdan gələn dövrdə əsas hədəflər isə ölkədə makroiqtisadi sabitliyi təmin etmək, məhsulların süni qiymət artımına imkan verilməməsi, dövlət büdcəsinin icrası və büdcə xərclərinin tam yerinə yetirilməsidir. Bundan əlavə, investisiya proqramları, o cümlədən infrastruktur layihələri  yüz faiz icra olunmalıdır. Müşavirədə diqqət çəkilən vacib məqamlardan biri də Bakının və regionların turizm infrastrukturunun inkişaf etdirilməsi olub. Bu ilin üç ayında ölkəyə gələn turistlərin sayının  25 fazi artdığı vurğulanıb. Prezident Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin həmişəki kimi diqqət mərkəzində olduğunu söyləyib. Dövlət başçısı deyib ki, baxmayaraq ki, Ermənistan danışıqlar prosesini hər vəchlə dayandırmağa, onu boykot etməyə çalışır, ancaq buna nail ola bilmir və nail ola bilməyəcək. İlham Əliyev  əlavə edib ki, Minsk qrupunun həmsədr ölkələri artıq bir neçə dəfə status-kvonun qəbuledilməz olduğunu bəyan ediblər: "Bu, əslində işğala son qoyulması deməkdir. Ermənistana, onun işğalçı siyasətinə Minsk qrupu tərəfindən təzyiq daha da güclənməlidir ki, onlar beynəlxalq normalara riayət etsinlər və işğala son qoysunlar. Bizim danışıqlar prosesindəki mövqeyimizdə heç bir dəyişiklik yoxdur, ola da bilməz. Ərazi bütövlüyü prinsipi danışıqlar mövzusu deyil və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir".

Müşavirədə səslənən fikirlərə münasibət bildirən siyasi şərhçi Elçin Mirzəbəyli deyib ki, Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çox vacib məsələlərə diqqət çəkib. Bunların arasında ölkədə iqtisadi islahatlarla bağlı olan məsələlər xüsusi yer alır. O bildirib ki, dövlət başçısı həmçinin bir daha xəbərdarlıq edib ki, ölkədə süni qiymət artımına yol verilməməlidir, əhalinin aztəminatlı təbəqələri xüsusi olaraq nəzərə alınmalıdır: "Prezident sosial məsələlərə xüsusi diqqət ayırıb. Eyni zamanda, ölkənin turizm potensialının genişləndirilməsi istiqamətində atılan addımlara xüsusi diqqət çəkib. Bununla bağlı hər zaman olduğu kimi, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi prosesi, həmçinin işğaldan azad edilmiş torpaqlarında bərpa, quruculuq, abadlıq işlərinin görülməsi də dövlət başçısının nitqində səslənib. Müşavirə zamanı ölkə rəhbəri Azərbaycanın ərazi bütövlüyünü pozan, ölkə qanunvericiliyinə əməl etməyən, Dağlıq Qarabağa qanunsuz səfər etmiş şəxslərə qarşı Azərbaycan bundan sonra da qətiyyətli mövqe nümayiş etdirəcəyini bildirib. Bir çox istiqamətlərdə cənab Prezident ölkənin prioritetlərini açıqlayıb və hər zaman olduğu kimi, proqram xarakterli bir çıxış edib. Hesab edirəm ki, dövlət başçısının çıxışı ölkəmizdə aparılacaq islahatların intensiv şəkildə həyata keçirilməsi üçün bir yol xəritəsi olacaq".

Millət vəkili Azər Badamov isə vurğulayıb ki, ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində dünya iqtisadi böhranının Azərbaycan iqtisadiyyatına təsiri aradan qaldırılıb. Azərbaycan iqtisadiyyatının inkişaf tepmini əks etdirən statistikaya baxanda bunu açıq şəkildə görmək olur. O qeyd edib ki, dövlətimiz tərəfindən aparılan uzaqgörən iqtisadi siyasət Azərbaycan iqtisadiyyatının dünya böhranının təsirinə düşməsinə əngəl olub: "Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında cənab  prezident vurğuladı ki, Azərbaycan 2015-2016-cı illərdəki iqtisadi böhranı uğurla aradan qaldırıb və inkişaf  yoluna çıxıb. Dövlət başçımız bildirdi ki, 2016-cı ildə həyata keçirilən islahatlar 2017-ci ilin birinci rübündə öz müsbət nəticələrini göstərib. Prezident tərəfindən təsdiq edilən dövlət proqramları, Strateji Yol Xəritələri, bir çox qanunlara edilən dəyişikliklər və onların icrası nəinki dünya böhranın təsirini aradan qaldırıb, hətta Azərbaycan iqtisadiyyatının inkişafına səbəb olub. Yəni, bu ilin birinci rübü iqtisadi artımla yekunlaşıb, bütün iqtisadi göstəricilər müsbət olub, yeni iş yerləri yaradılıb. Müəyyən olunmuş proqramlar mütəmadi icra olunduqca qarşıdakı dövrdə iqtisadi inkişaf daha da sürətlənəcək".

Politoloq Arzu Nağıyev isə bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri son vaxtlar ancaq deklorativ xarakterli bəyanatlar verməkdən başqa heç bir addım atmırlar.

Onun sözlərinə görə, həmsədrlərin funksiyası yalnız hər hansı bir hadisəyə qiymət verməkdən və yaxud tərəflərlə görüşlər keçirməkdən ibarət olmamalıdır: "Məlum məsələdir ki, Ermənistanda keçirilən saxta referendumda müharibə partiyaları demək olar ki, hakimiyyətə gəlib. Bu, həm Daşnaksütyun partiyası, həm Sarkisyanın partiyası, həm də bir sıra başqa qruplardır. Bu gün onların masa ətrafında oturub danışıqlar aparması demək olar ki, sıfır vəziyyətindədir. Buna görə də Minsk qrupunun həmsədrləri doğurdan da münaqişənin tənzimlənməsini, status-kvonun ləğv edilməsini istəyirlərsə, Dağlıq Qarabağ münaqişəsini tam həll etməlidirlər. Əks halda münaqişə regionda hərbi toqquşmaya səbəb ola bilər ki, bu, region ölkələrinə, o cümlədən Minsk qrupuna xeyir gətirməz".

Politoloq vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının 5 üzvündən 3-ü Minsk qrupunda təmsil olunur, amma onlar münaqişənin həlli istiqamətində heç bir hərəkət etmirlər: "Azərbaycan əlbəttə ki, bundan razı qala bilməz. Nə qədər danışıqlar prosesini gözləmək olar. Ermənistan danışıqlar prosesindən boyun qaçırır. Eyni zamanda, münaqişənin həlli istiqamətinə müsbət bəyanatlar vermirlər.  Düşünürəm ki, məhz buna görə də Azərbaycan Prezidenti öz bəyanatlarında, eyni zamanda ATƏT-in Minsk qrupuna qarşı iradlarda tam haqlıdır və onlar real işə keçib Ermənistana təzyiqi artırmalıdırlar".

PƏRVANƏ

 





11.04.2017    çap et  çap et