525.Az

Milli Şuranın aksiyası iflasa uğradı


 

Milli Şuranın aksiyası iflasa uğradı<b style="color:red"></b>

Məlum olduğu kimi, aprelin 8-də Milli Şura Bakının Yasamal rayonundakı "Məhsul" stadionunda mitinq keçirib.

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə razılaşdırılmış mitinqdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli, AXCP Ali Məclisinin sədri Nurəddin Məmmədli, Milli Şuranın sədri Cəmil Həsənli, şuranın üzvü Gültəkin Hacıbəyli çıxış ediblər. Lakin onların səsinə səs verən çox az adam tapılardı.

Daxili İşlər Nazirliyinin məlumatına görə, etiraz aksiyasında ayrı-ayrı partiyaların və bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının ümumi sayı 1500 nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib. Bu da mitinqin növbəti dəfə uğursuzluqla yadda qaldığından, aksiyanın cəmiyyətdə ciddi effekt doğurmadığından xəbər verir.

AXCP sədrliyinə keçmiş namizəd Sahib Kərimli 8 aprel mitinqinin uğursuzluğuna görə keçmiş liderini günahlandırıb. O, özünün Feysbuk səhifəsində vəziyyəti təhlil edərək, bütün bu uğrusuzluqların təqsirkarı kimi Əli Kərimlini istefaya çağırıb: "Cəmiyyətdən mitinqə dəstək gəlmədi, həmişəki adamlar iştirak etdi, AXCP və bütövlükdə cəmiyyət ciddi zədə aldı. Təşkilat ( AXCP ) və onun işi zəifdir. Liderin ( Əli Kərimli ) reytinqi aşağıdır, insanlar güvənmirlər. AXCP strukturları tamamən zəifləyib, təcrübəli adamlar yanlış idarəetmə nəticəsində partiyadan ya uzaqlaşıb, ya da uzaqlaşdırılıblar".

S.Kərimli qeyd edib ki, Əli Kərimli illərdir uğursuz fəaliyyət göstərir, heç kim onun nə zamansa, nəticə əldə edəcəyinə inanmır.

Hüquqşünas Aslan Ismayilov isə bildirib ki, mitinqə yüz minlərin yox, minlərin, özü də eyni adamların çıxmasının səbəbi çox maraqlıdır: "Başqalarını demirəm, 2013-cü il mitinqlərinin hamısına gedirdim və insanların da getməsi üçün əlimdən gələni edirdim. Elə bu müddət ərzində həmin mitinqə gələnlər günümü qara etdilər, haqqımda yazmadıqları böhtanlar qalmadı. Onlardan aralanan kimi təhqirlər də yox oldu".

A.İsmayılov qeyd edib ki, mitinqdən sonra Müsavat, AXCP üzvlərinin bir birilərinə yönəlik yazıları ikrah hissi doğurur: "Başqalarından fərqli olaraq, ənənəvi müxalifət liderlərinin uğusuzluqlarına çox üzülürəm. Kimin içində nə var, başqalarına nə arzu edir onu da qazanır. Bu yolda xəyanət, haqsızlıq, təhqir görənlər birinci səbəbi öz etdiklərində axtarsınlar. Hamı bilməlidir ki, intriqalarla, başqalarının uğursuzluqlarında, böhtan atmaqla, oyunbazlıqla bu günə qədər heç kim uğur qazanmayıb. Əminəm ki, bundan sonra da qazanmayacaq. ...30 il eyni simaları hakimiyyətdə gördüyümüz kimi müxalifətdə də görürük. Müxalifətdə partiya sədrinin müavini, sədrin sözçüsü, gənclər təşkilatının sədri və digər adlarda oğulları da tanıyırıq. Azərbaycan balaca yerdir, nə baş verir hamı bilir və görür... Siz mənə deyin hansı müxalifət liderinin yanında parlaq bir sima var?! Bu illər ərzində hansı müxalif partiyada lideri dəyişib? Heç birində. Formal olaraq dəyişmələri də görürük".

Hüquq müdafiəçisi deyib ki, son 25 il ərzində şəxsi qənaəti odur ki, müxalifətin öz aralarında olan mübarizə hakimiyyətə qarşı olan mübarizədən daha kəskin olub: "AXCP, Müsavat, AMİP, ADP-nin öz aralarında olanı kənara qoysaq da, yeni yaranan siyasi təşkilatlara hücumları kimlər görmədi. REAL, NİDA təşkilatlarına "ya bizimlə olacaqsınız, ya da atdığımız çirkablarda boğulacaqsınız" prinsipini kimlər görmədi?! ...Birdən onlar da irəli düşərlər qənaətinə görə onların hamısını ictimai həyatdan uzaqlaşdırdılar. Söhbət etdiyim, ictimai həyatda aktiv olmalarını istədiyim ziyalıların hamısı bunu deyib. Bu xalq 25 il meydanda olanların hamısından, yumşaq desəm yorulub, inanmır, bundan sonra da inanmayacaq və buna da tam haqqı var. Ona görə ki, hamısı bu xalqı aldadıb, onun səmimiliyini öz şəxsi maraqları, ambisiyalarına qurban verib...Yekun olaraq onu da bildirim ki, bu işdə heç bir sem dayı, seyid ağa, dyadya vasya bizə kömək olan deyil. Biz ancaq özümüzə inanmaqla, özümüzü sevməklə və birlikdə uğur qazana bilərik".


Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov isə qeyd edib ki, Milli Şura deyilən qurumun keçirdiyi mitinq məqsədi, məramı bilinməyən bir yığıncaq idi. O, APA-ya bildirib ki, görünən odur ki, bunların istəyi o idi ki, kim olur-olsun - islamçı ya Avropa İttifaqının bayrağını daşıyan, əsas ora adam toplaşsın.

S.Novruzov qeyd edib ki, mitinqdə əvvəlki köhnəlmiş fikirlər, məzmunsuz çıxışlar, aspekti olmayan iddialar səsləndirilib: "Korrupsiyaya qurşanmış AXCP sədri Əli Kərimli çıxıb orada korrupsiyadan danışır. Bilirik ki, Əli Kərimli partiyasına üzv olmayanlara pul müqabilində saxta üzvlük sənədi verərək Avropaya mühacirət etməsinə şərait yaradır. Bu adam ən eybəcər korrupsiya ilə məşğuldur. Onu da deyim ki, artıq bunu hüquq-mühafizə orqanları araşdırır. Avropadan da bununla bağlı münasibət bildirilib, oradakı strukturlar məsələ ilə məşğuldur. Bunun qarşısı artıq alınmaqdadır. Çünki ora mühacir adı altında gedənlər həmin dövlətdən maliyyə almalı olurlar, o dövlət müəyyən müddət ora gedənin minimum yaşayış həddini təmin etməyə məcbur olur. İndi siyasətlə yox, dəllallıqla məşğul olanlar mitinq keçirməyə cəhd edərək qanunsuzluqdan dəm vurur. Bunlardan hətta bəziləri bu yolla gedib Avropada öz kiçik biznesini qurur və oradan əldə etdikləri vəsaitlərdən Əli Kərimliyə yönəldirlər. Bu barədə də artıq məlumat var. Bəziləri isə həmin dairələrin təhlükəsizlik xidmətinin təsirinə düşür və onlara işləməyə başlayır".

S.Novruzov bildirib ki, aksiyada təşkilatçılar özləri də xalqın mitinqə çıxmadığını etiraf ediblər: "Təbii ki, xalqın onlara heç bir etimadı yoxdur. Xalq bu gün öz dövlətinə, prezidentinə və ölkədə gedən inkişafa etimad göstərir. Amma xaricdən maliyyə alan, erməni lobbisinə xidmət göstərən, Azərbaycanın maraqlarını satan bu cür qüvvələrə xalq "yox" deyir. Aksiyada onların ətrafında olan bəzi qohumlar, bir neçə qeyri-hökumət təşkilatı, müxtəlif şəkildə cinayət törətdiyi üçün həbs olunmuş şəxslərin yaxınları və pul ilə tutulmuş bəzi adamlar var idi. Onların sosial bazası məhz elə budur. Neçə illərdir elə eyni insanlar, eyni fikirlər təkrarlanır. İndi insanlar bunların nəyinə etimad göstərsin? Təsadüfi deyil ki, aprelin 8-də Yeni Azərbaycan Partiyası bir necə yerdə xeyirli işlər gördü, xeyli sayda ağac əkdi. Bu tədbirlərimizdən birinə toplaşanların sayı onların bu mitinqinə toplaşanların sayından qat-qat çox idi. Çünki insanların bizə inamı var".

Yeni Azərbaycan Partiyasının Sədr müavini-icra katibi Əli Əhmədov isə qeyd edib ki, Azərbaycanda siyasi partiyalarında təmsil olunan insanlarda görünür ki, iki tip məfkurə mövcuddur. O, SİA-ya bildirib ki, bunlardan biri dövlətçilik məfkurəsidir ki, bunun aydın ifadəsini YAP və dövlətçilik məfkurəsinə sahib olan digər siyasi qüvvələrin timsalında görmək olar. Ə.Əhmədovun sözlərinə görə, siyasi düşərgənin digər hissəsində, təəssüflə qeyd etmək lazımdır ki, dövlətçilik məfkurəsi və dövlətçilik təfəkkürü çox azdır və yaxud tamamilə başqa istiqamətə yönəlib: "Bu gün Azərbaycan vətəndaşlarını düşündürən ölkədəki sabitliyin, əmin-amanlığın qorunub saxlanılması, ölkəmizin inkişaf etdirilməsi istiqamətinə həyata keçirilən islahatlar kampaniyasına imkanları daxilində dəstək verilməsidir. İndi biz çox narahat bir dünyada yaşayırıq. Azərbaycanın ətrafında nələrin baş verdiyini hər kəs yaxşı bilir. Hazırda hər bir Azərbaycan vətəndaşını düşündürən budur ki, ölkəmizdə sabitlik, əmin-amanlıq olsun, bu narahat bölgədə rahat həyatını qoruyub saxlaya bilsin. Vətəndaşlarımızın həyatı, ailələrin normal yaşaması, bütövlükdə xalqımızın normal, rahat yaşayışı üçün hər hansı bir təhlükə mövcud olmasın. Bizi düşündürən əsas məsələlərdən biri bundan ibarətdir. Təbii ki, digər məsələ ölkənin iqtisadi inkişafının surətləndirilməsidir. Bu istiqamətdə Prezident İlham Əliyevin dərin islahatlar kampaniyası artıq həyata keçirilməkdədir. İnanıram ki, yaxın zamanlarda bu islahatlar kampaniyası özünün müsbət nəticəsini verəcək".

Ə.Əhməov vurğulayıb ki, son illər ərzində Azərbaycanın iqtisadi və sosial cəhətdən nə qədər dəyişdiyi hər kəsin gözləri qarşısındadır: "İndi Bakını 10 il əvvəl görənlər yenidən gələndə paytaxtımızı tanımır. Digər bölgələrimiz də belədir. Budur Azərbaycanın keçdiyi inkişaf yolu. Təəssüf hissi ilə demək istəyirəm ki, bəzi siyasi qüvvələr Azərbaycandakı sabitliyi, əmin amanlığı pozmaq üçün əllərindən gələn hər şeyi edirlər. Çox məmnunam ki, onların əllərindən çox şey gəlmir və çox şey bacara bilmirlər. Azərbaycandakı sabitliyi pozmaq üçün göstərdikləri səylər səmərə vermir. Çünki insanlarımız onların sabitliyə qarşı çevrilmiş belə əməllərinə dəstək vermirlər. Onlara yardım etmirlər, əksinə təşəbbüslərinin qarşısını alırlar və təbii ki, onları dəstəkləmədikləri üçün keçirdikləri aksiyalar da çox zəif alınır. Belə hesab edirəm ki, Azərbaycanda bu gün insanlarımızı düşündürən və düşündürməli olan məsələlər sabitliyin qorunması, iqtisadi inkişafın nailiyyətlərinin əldə edilməsinə kömək göstərməkdən ibarət olmalıdır. Mitinqlər, ab-havanı, sabitliyi pozmaq cəhdləri, hesab edirəm ki, öncə Azərbaycanın dövlətçiliyinə və insanlarımızın normal həyatına qarşı çevrilmiş addımlardır. İkincisi isə təbii ki, bu vaxta kimi göstərdikləri cəhdlər puça çıxdığı kimi bu gün də bu istiqamətdə göstərilən cəhdlər tamamilə puça çıxacaq. Hər şeydən əvvəl ona görə ki, insanlar, vətəndaşlar, xalq bu cür düşünən insanları dəstəkləmir".

AZAD

 





11.04.2017    çap et  çap et