525.Az

"Mükəmməl keyfiyyət infrastrukturu inkişafın əsas vasitələrindən biridir"


 

"Keyfiyyət infrastrukturunun inkişafı rəqabətədavamlı ixrac məhsulları istehsalının vacib amilidir"

"Mükəmməl keyfiyyət infrastrukturu inkişafın əsas vasitələrindən biridir"<b style="color:red"></b>

Müasir bazar iqtisadiyyatının ən mühüm şərtlərindən biri onun iştirakçıları üçün azad rəqabət mühitinin formalaşdırılmasıdır. Çünki məhz azad rəqabət ilk növbədə inkişaf, ümumdaxili məhsulun artımı, sonrakı mərhələdə isə ölkənin ixrac qabiliyyətinin yüksəlməsi deməkdir.

Nə qədər təzadlı olsa da, hətta totalitar cəmiyyətlərin planlı iqtisadiyyatlarında belə onun subyektləri arasında azad rəqabət mühiti formalaşır. 

Ümumiyyətlə iqtisadiyyatı obrazlı şəkildə təsvir etsək, onu canlı orqanizmə də bənzətmək olar. Çünki bu sistemdə hər şey bir-birinə zəncirvari bağlıdır və onun bir həlqəsində yaranan problem bütövlükdə inkişafı buxovlaya bilər. Məhz bu zəncirvari bağlılıq iqtisadiyyatda azad rəqabətdən sonra keyfiyyət amilini ortaya çıxarır. Bu mənada istehsal və ya xidmət sahəsində fəaliyyət göstərməsindən asılı olmayaraq, iqtisadiyyatın hər hansı subyekti o zaman uğur qazana bilər ki, ortaya keyfiyyətli iş qoysun, yəni rəqabətədavamlı məhsul istehsal etsin. Bu mənada rəqabətədavamlı məhsul istehsalına nail olmaq hər iqtisadiyyatın əsas trendi sayılır. Reallıq da göstərir ki, hazırda dünyanın inkişaf etmiş demək olar ki, bütün ölkələrinin uğurlarının kökündə dayanan amillərdən biri də rəqabət qabiliyyətinə malik istehsala sahib olmalarıdır.

Təsadüfi deyil ki, Azərbaycanda ötən ildən start verilən yeni iqtisadi islahatlarda ölkəmizin ixrac potensialının yüksəldilməsi məqsədilə rəqabətədavamlı məhsul istehsalına nail olunması qarşıya qoyulan əsas vəzifələrdən biridir. Məlum olduğu kimi, Prezident İlham Əliyev elan etdiyi yeni iqtisadi siyasətlə əlaqədar həyata keçiriləcək islahatların bir neçə istiqamətini müəyyən etdi. Bunlardan biri iqtisadi sektorun inkişafına yol açacaq tədbirlər kompleksi, o cümlədən qeyri-neft sektorunun inkişaf etdirilməsi idi. Prezident İlham Əliyev bəyan etdi ki, hazırkı dövrdə yaranmış vəziyyətin ölkəyə mənfi təsirinin qarşısını almaq üçün prioritet sahə hesab olunan qeyri-neft sektorunun daha sürətli inkişafını təmin etmək üçün əlavə təsirli mexanizmlər işə salınmalıdır. Beləliklə, ötən ilin əvvəlindən başlayaraq qeyri-neft sektorunda genişmiqyaslı və sürətli islahatlara başlandı. Bu zaman əsas prioritetlərdən biri rəqabətədavamlı məhsul istehsalını stimullaşdırmaq idi. Məsələn, dövlət başçısının ötən ilin yanvarında imzaladığı "Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" sərəncama əsasən, qeyri-neft məhsullarının ixracının stimullaşdırılması, rəqabət qabiliyyətli qeyri-neft məhsullarının istehsalı və ixracının, ənənəvi və yeni bazarlara çıxış imkanlarının artırılması, bu sahədə əlverişli şəraitin daha da genişləndirilməsi məqsədilə bir sıra vacib tədbirlərin həyata keçirilməsi qarşıya vəzifə qoyulub.

Təbii ki, qeyri-neft ixrac potensialının yüksəldilməsində keyfiyyət infrastrukturu sahələrinin mühüm rolu var. O cümlədən Azərbaycanda iqtisadi islahatların yeni mərhələyə qoyduğu indiki mərhələdə müasir tələblərə cavab verən texniki tənzimləmə, standartlaşdırma, o cümlədən metrologiya olmadan qarşıya qoyulan vəzifələrin, Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"ndə nəzərdə tutulmuş tədbirlərin dolğun icrası mümkün deyil. Bunu Prezident İlham Əliyevin bu ilin fevral ayında imzaladığı "Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanı da təsdiq edir. Fərmana əsasən iqtisadi islahatların dayanıqlılığını təmin etmək, Azərbaycanda istehsal olunan məhsulların keyfiyyətini, təhlükəsizliyini, rəqabət qabiliyyətini və ixrac potensialını yüksəltmək, xarici ticarəti daha da liberallaşdırmaq, standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrini müasir tələblərə uyğunlaşdırmaq, nəzarət mexanizminin şəffaflığının və çevikliyinin artırılmasına nail olmaq məqsədilə beynəlxalq təcrübəni nəzərə almaqla, Nazirlər Kabineti tərəfindən "Standartlaşdırma haqqında" Azərbaycan Respublikası qanununun yeni layihəsi hazırlanacaq.

Həmçinin, istehlak bazarında qeyri-qida məhsullarının təhlükəsizliyinə nəzarət sisteminin təkmilləşdirilməsinə, o cümlədən onların istehsalı zamanı texniki reqlamentlərin tələblərinə uyğunluğa nəzarət səlahiyyətlərinin qanunla müəyyən olunmuş qaydada akkreditasiya edilmiş uyğunluğun qiymətləndirilməsi qurumlarına ötürülməsinə dair təkliflər, milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması, o cümlədən Avropa İttifaqının direktivləri əsasında milli texniki reqlamentlərin və beynəlxalq standartlar əsasında istinad edilmiş standartların qəbulu məqsədilə Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2018-2025-ci illər üçün dövlət proqramının layihəsi hazırlanaraq Azərbaycan Prezidentinə təqdim ediləcək.

Fərmana əsasən Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi "Azərbaycan Metrologiya İnstitutu", "Azərbaycan Standartlaşdırma İnstitutu", "Azərbaycan Akkreditasiya Mərkəzi" və "Patent və Əmtəə Nişanları Mərkəzi"  publik hüquqi şəxslərini yaradacaq. Bunun əsas məqsədi dövlət büdcəsindən bu sahələrə ayrılan vəsaitə qənaət edilərək özünü maliyyələşdirmə mexanizmləri tətbiq etmək, bununla da yeni iş yerlərinin açılması, regionlarda bu fəaliyyət sahələri ilə məşğul olan potensial işçi qüvvəsinin formalaşması və beləliklə, sahələr üzrə müasir tələblər səviyyəsində işin qurularaq inkişaf etdirilməsidir.

Bu fərman göstərir ki, Azərbaycan dövləti qeyri-neft ixrac potensialının yüksəldilməsində keyfiyyət infrastrukturu sahələrinin keyfiyyətinin artırılması ilə yanaşı, bu sahədə idarəetmənin də təkmiləşdirilməsini diqqət mərkəzində saxlayır. Ümumiyyətlə, sənədlə tanışlıq zamanı qarşıya qoyulmuş vəzifələrin daha çox Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə həvalə edildiyini görərik. Bu da təsadüfi deyil. Çünki məhz bu Komitə texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi və sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Kənardan baxanda bəlkə də bu sahənin işi diqqət çəkməz. Amma əslində iqtisadiyyatın davamlı inkişafına nail olunması, ölkəmizin ixrac potensialının artırılması, dünya bazarlarına yüksək alıcılıq qabiliyyətinə malik məhsulların çıxarılması keyfiyyətə nəzarət, texniki tənzimləmə, standartlaşdırma, metrologiya və digər bu kimi tələblər olmadan mümkün deyil.

Xatırladaq ki, Azərbaycanda bu sahənin tarixi XX əsrin əvvəllərinə təsadüf edir. O zaman Cənubi Qafqazda ilk dəfə olaraq Bakıda ölçmə və çəki vasitələrinin yoxlanması həyata keçirilməyə başlanmışdı. Sonrakı dövrlərdə, o cümlədən sovet hakimiyyəti illərində ayrı-ayrı sahələrin, o cümlədən neft sənayesinin inkişafının yeni mərhələyə qədəm qoyması texniki nəzarət və keyfiyyətə nail olunması üçün müvafiq standartların, müvafiq ölçü, çəki normalarının yaranmasına səbəb olub.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra respublikamızda standartlaşdırma və metrologiya üzrə dövlət siyasəti Nazirlər Kabineti tərkibində fəaliyyət göstərən Standartlaşdırma və Metrologiya Mərkəzi tərəfindən aparılırdı. Lakin Ulu Öndər Heydər Əliyevin dövlət quruculuğu siyasəti hər bir sahənin davamlı yüksəlişini, o cümlədən iqtisadi inkişafa xidmət edən bütün sektorların səmərəli və məhsuldar fəaliyyətini özündə ehtiva edirdi. Təbii ki, bu sırada iqtisadiyyatda keyfiyyətə, texniki tənzimləməyə, metrologiyaya nəzarət mexanizmlərini arxa plana keçirmək olmazdı. Ona görə Ulu Öndər Heydər Əliyevin 2001-ci il 27 dekabr tarixli fərmanı ilə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi yaradıldı.

Sonrakı illərdə Azərbaycanın davamlı inkişafı, milli iqtisadiyyatımızın bir neçə dəfə artması bu sahələrdə də fəaliyyətin daha səmərəli həyata keçirilməsini zəruri etdiyindən Prezident İlham Əliyevin 19 noyabr 2008-ci il tarixli sərəncamı ilə Dövlət Agentliyinin bazasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yaradıldı.

Komitənin fəaliyyət dairəsi kifayət qədər əhatəlidir. Buraya dövlət metroloji nəzarəti, kəmiyyət vahidləri etalonlarının təsdiqi, məhsulların istehsalı, saxlanılması, daşınması, işlərin yerinə yetirilməsi zamanı texniki reqlamentlərin, eləcə də onlarla qarşılıqlı əlaqəli olan dövlət standartlarının, texniki tənzimləmə və standartlaşdırma sahəsində digər texniki normativ hüquqi aktların məcburi tələblərinə, o cümlədən məhsul istehsalçısının məhsulun keyfiyyəti və təhlükəsizliyinə dair bəyan etdiyi göstəricilərə riayət olunmasına öz səlahiyyətləri daxilində nəzarəti həyata keçirmək, istehlak bazarının keyfiyyətsiz, təhlükəli və saxtalaşdırılmış mallardan qorunması məqsədi ilə tədbirlər görmək və digər sadalamadığımız mühüm vəzifələr daxildir.

Xatırladaq ki, "Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Prezidentinin 4 aprel 2012-ci il tarixli Fərmanına əsasən ərazi sınaq və sertifikatlaşdırma idarələri ləğv edilib, sertifikatlaşdırma üzrə qurumları akkreditasiyadan keçirməklə, sertifikatlaşdırma sahəsində işlərin səmərəli həyata keçirilməsi təmin edilib. Bu Fərmandan irəli gələrək görülmüş işlərin nəticəsidir ki, qısa müddətdə uyğunluğun qiymətləndirilməsi xidməti göstərmək üçün maraqlı təşkilatların sayı artıb, bu sahədə liberallaşma, həmçinin rəqabət mühiti yaranıb. Sertifikatlaşdırma və kalibrləmə fəaliyyəti dövlət qurumunun inhisarından çıxarılmaqla sahibkarlarla bu xidməti göstərən özəl təşkilatlar arasında sıx əməkdaşlıq qurulub, münasibətlər bazar iqtisadiyyatı münasibətlərinə uyğunlaşıb və nəticədə məhsul və malların istehsalında, xidmətlərin göstərilməsində müasir standartların tətbiqi imkanları genişlənib.

Reallıq ondan ibarətdir ki, Azərbaycanda iqtisadiyyatının inkişafında başlıca sahələr olan texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi sahələrində ölkə rəhbərliyinin təşəbbüsləri ilə institusional islahatlar aparılıb, Azərbaycanda ilk dəfə olaraq Milli Etalon Bazası formalaşıb. Keyfiyyət infrastrukturunun inkişafını təmin edən qanunvericilik bazası təkmilləşdirilib, maddi-texniki baza - etalon və yeni sınaq laboratoriyaları qurulub. 

Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliliyin artırılması və bu sahəyə investisiya qoyuluşunun sürətləndirilməsi Prezident İlham Əliyevin sosial-iqtisadi inkişaf siyasətinin prioritet istiqamətlərindəndir. Bu prioritetlərə uyğun olaraq artıq ölkəmizdə sahibkarlığın inkişafında yeni mərhələ başlayıb. Texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya fəaliyyətləri isə müasir dövrün çağırışları, qarşıya qoyulan tələblərin icrası və sahibkarlığın inkişafı üçün əsas alət rolunu oynayır. Ona görə xüsusən indiki dövrdə keyfiyyət infrastrukturu istehsalçıların, sahibkarlığın, ümumiyyətlə əhalinin ehtiyaclarının və tələblərinin təmin edilməsində həlledici faktora çevrilib.

İqtisadiyyatda özünü göstərən dəyişikliklər həm də keyfiyyət infrastrukturuna aid olan texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi alətlərindən geniş istifadə olunması istiqamətində perspektivlər vəd edir. Şübhə yoxdur, bu sahədə mərkəzi icra hakimiyyəti olan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və onun müvafiq strukturları bu mərhələdə də qarşıda duran vəzifələri layiqincə dəf edəcəklər.

İbrahim CƏFƏROV
Yazı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.

 





11.04.2017    çap et  çap et