525.Az

Azərbaycan inkişaf yoluna çıxıb


 

"HƏYATA KEÇİRİLƏN İSLAHATLAR ÖLKƏMİZDƏ MÖHKƏM BİR İQTİSADİYYATIN FORMALAŞMASINA SƏBƏB OLACAQ"

Azərbaycan inkişaf yoluna çıxıb<b style="color:red"></b>

Aprelin 10-da Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

AZƏRTAC-ın məlumatına görə, bu ilin birinci rübündə ölkəmizdə iqtisadi inkişafın təmin olunduğunu, sosial məsələlərin həllini tapdığını, ordu quruculuğunun uğurla getdiyini bildirən prezident İlham Əliyev qeyd edib ki, 2017-ci il bizim üçün uğurlu il olacaq. Dövlət başçısı beynəlxalq vəziyyətin gərgin olduğunu, münaqişələrin davam etdiyini, yeni risklərin yarandığını təəssüflə qeyd edib, ölkəmizin təhlükəsizliyini təmin etmək məqsədilə tədbirlər görüldüyünü söyləyib.

Bu ilin ilk 3 ayı ərzində xarici ölkələrə 7 dəfə səfər etdiyini vurğulayan və beynəlxalq tədbirlərdəki iştirakından danışan prezident bu səfərlərin böyük əhəmiyyət daşıdığını, Azərbaycanın beynəlxalq imicinin möhkəmləndirilməsi, ikitərəfli əlaqələrin inkişafı baxımından önəmini vurğulayıb. 2017-ci ilin ilk 3 ayında Azərbaycana 7 dövlət başçısının səfər etdiyini xatırladan prezident İlham Əliyev bunu ölkəmizə olan hörmətin göstəricisi kimi qiymətləndirdi. Prezident İlham Əliyev qeyd edib ki, bu ilin birinci rübündə Bakıda keçirilən və 40-dan çox fəaliyyətdə olan və sabiq dövlət və hökumət başçısının iştirak etdiyi V Qlobal Forum, ABŞ və Rusiya silahlı qüvvələrinin qərargah rəislərinin görüşü Azərbaycanın dünyadakı rolunu, dünya miqyasında etibarlı tərəfdaş olduğunu əks etdirir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin cari ilin birinci rübündə də diqqət mərkəzində olduğunu, Ermənistanın danışıqları dayandırmağa çalışdığını, amma buna nail ola bilməyəcəyini deyən prezident İlham Əliyev bildirib ki, Minsk qrupunun həmsədr ölkələri bir neçə dəfə bəyan ediblər ki, status-kvo qəbuledilməzdir. Dövlət başçısı vurğulayıb ki, ATƏT-in Minsk qrupu Ermənistana təzyiqi daha da gücləndirməlidir. BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı dörd qətnamə qəbul etdiyini diqqətə çatdıran prezident İlham Əliyev bildirib ki, bu qətnamələr qeyd-şərtsiz icra olunmalı və işğalçı qüvvələr işğal olunmuş ərazilərdən çıxarılmalıdır. Dövlətimizin başçısı vurğuladı ki, Ermənistanın bütün cəhdlərinə baxmayaraq, onların qeyri-konstruktiv və qeyri-səmimi siyasəti qınaq obyektinə çevrilib.

İclasa yekun vuran prezident İlham Əliyev 2017-ci ilin ilk aylarının yaxşı nəticələrlə yekunlaşdığını bildirib. Makroiqtisadi sabitliyin möhkəmləndirilməsini önəmli məsələlərdən biri adlandıran prezident İlham Əliyev vurğulayıb ki, süni qiymət artımına yol verilməməlidir. Prezident İlham Əliyev sənaye istehsalı və kənd təsərrüfatı sahələrini prioritet sahələr adlandırıb. Rayonlarda sənaye zonalarının yaradıldığını deyən dövlətimizin başçısı kənd təsərrüfatının inkişafı üçün bu il 150 min hektar yeni torpağın suvarılmasının nəzərdə tutulduğunu, yeni zavodların istifadəyə veriləcəyini qeyd edib və görüləcək işlərin bu sahədə artıma səbəb olacağını vurğulayıb.

Qeyri-neft sektorunun istehsal etdiyi məhsulların ixracı ilə bağlı məsələyə toxunan dövlət başçısı Azərbaycan brendinin dünyada təbliğ edildiyini, müxtəlif ölkələrdə ticarət evlərinin yaradıldığını, ticarət-ixrac missiyalarının həyata keçirildiyini qeyd edib. Bu istiqamətdə xarici mediada reklam kampaniyalarının aparılmasının, yeni ixrac bazarlarına çıxışın təmin edilməsinin, logistika mərkəzlərinin yaradılmasının vacibliyini söyləyib.  Sonda dövlətimizin başçısı bu ilin sonuna qədər müsbət dinamikanın saxlanılmasının vacibliyini vurğulayıb.

Mövzu ilə bağlı "525"ə fikirlərini bildirən Yeni Azərbaycan Partiyasının İcra katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin deputatı Aydın Mirzəzadə qeyd edib ki, ölkə başçısı İlham Əliyevin ənənəvi olaraq ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə dair keçirdiyi müşavirədəki çıxışı böyük maraq doğurub: "2016-cı il dünya, o cümlədən, Azərbaycan üçün çox çətin il olub. ABŞ dollarının uçot dərəcəsinin kəskin şəkildə qalxması və bunun fonunda neft qiymətlərinin aşağı düşməsi Azərbaycana gələn xarici valyuta ehtiyatlarına mənfi təsir etmişdi. Düzdür, Azərbaycan özünü həmişə post-neft dövrünə çox ciddi şəkildə hazırlayır, qeyri-neft sektorunun inkişafına dəstək verirdi. Bununla belə dünyadakı böhran Azərbaycanın da milli valyutasının dəyərinə, müvafiq olaraq ölkəmizin iqtisadi inkişaf sürətinə müəyyən qədər təsir göstərib. Atılan ciddi struktur və təşkilati addımlar bu böhranın təsirlərini kifayət qədər azaltmağa və artıq Azərbaycanın valyuta qoruyacaq iqtisadi sistem qurmasına şərait yaradıb".

Deputat bildirib ki, bu ilin birinci rübü göstərir ki, Azərbaycan manatı stabilləşib: "Hətta, son hərrac qiymətlərinə görə, manat dollar qarşısında bir az möhkənlənib. Bütün bunların hamısı onu göstərir ki, Azərbaycan artıq stabilləşmə dövrünə qədəm qoyub, dövlətimiz qeyri-neft sektorunu inkişaf etdirə bilib, valyuta gətirəcək sahələrin çoxalması və həmçinin artması üçün müvafiq addımlar atıb, sahibkarlığın inkişafına güclü dəstək verib. Artıq ilkin nəticələr özünü göstərir".

A.Mirzəzadə hesab edir ki, bu nəticələr bir ilin yekunlarına görə, daha böyük uğurlar qazanacağımızın anonsudur: "Bu təkcə, iqtisadi sahədə uğur olmayıb, həm də sosial sahədə problemlərin həllinə də öz təsirini göstərir. Bu imkan verəcək ki, pensiyalar, təqaüdlər artsın. Eyni zamanda, nəticə etibarilə banklar da öz kredit faizlərini aşağı sala biləcək ki, sahibkarlığın inkişafı üçün aşağı faizli kreditlər əldə olunsun. Ümumilikdə, bütün bunların hamısı Azərbaycanda möhkəm bir iqtisadiyyatın formalaşmasına səbəb olacaq".

Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli isə qeyd edib ki, prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə cari ilin birinci rübünün yekunlarına dair kifayət qədər müsbət faktlar səsələndirilib: "Bildirilib ki, qeyri-neft sektorunun inkişafında xeyli irəliləyişlər var. Dünya iqtisadi böhranına baxmayaraq, respublika iqtisadiyyatı dirçəlmə və inkişaf yolu ilə gedir. Bütün bunlar müsbət dinamikadan xəbər verir. Lakin qeyd etmək lazımdır ki, prezidentin nəzərdə tutduğu islahatlar paketi, bunlara dair yol xəritəsi var. Nəzərdə tutulan kadr və struktur islahatları da həyata keçirilməlidir ki, dövlət idarəetməsində çeviklik və dinamizm təmin olunsun. Burada korrupsiya və rüşvətxorluqla mübarizənin də adını çəkmək lazımdır. Bir sözlə, dünya ilə ayaqlaşmaq üçün islahatlar yolunun tutulması vacibdir".

Ceyhun ABASOV

 





11.04.2017    çap et  çap et