525.Az

Milli Məclis üzvləri Avroparlamentin komitə sədriylə görüşdülər


 

Milli Məclis üzvləri Avroparlamentin komitə sədriylə görüşdülər<b style="color:red"></b>

Milli Məclisin Beynəlxalq Əlaqələr Komitəsinin sədri Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyətinin Brüssel səfəri davam edir.

Milli Məclisin nümayəndə heyəti Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Deyvid Makallisterlı görüşüb.

Görüşdə Avropa İttifaqı-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin həmsədrləri Səyyad Kərim və Cavanşir Feyziyev, Avronest Parlament Assambleyasının həmsədri Rebeka Harms, Milli Məclisin Avronest Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Fuad Muradov, Avroparlamentin Azərbaycan üzrə məruzəçisi xanım Norika Nikolai, Avropaparlamentin prezidentinin müşaviri və qurumun Xarici əlaqələr komitəsi katibliyinin rəhbəri iştirak ediblər.

D.Makallister Azərbaycan nümayəndə heyətinə səfər etdikləri üçün təşəkkür edib və cari ilin may ayında Avropa Parlamentinin Xarici əlaqələr komitəsinin sədri qismində böyük bir nümayəndə heyəti ilə Azərbaycana səfər etmək niyyətində olduqlarını diqqətə çatdırıb.

Görüş zamanı D.Makallister işğal olunmuş ərazilərimizə qanunsuz səfər etdikləri üçün Azərbaycan hökuməti tərəfindən haqlarında beynəlxalq həbs qərarı çıxarılan 3 avroparlamentari ilə bağlı məsələyə də toxunub.

O, Azərbaycan tərəfinin mövqeyini və narahatlığını anlayışla qarşıladığını, həmkarlarının işğal olunmuş Azərbaycan ərazilərinə səfərindən təəssüfləndiyini bildirib. Bu məsələ ilə əlaqədar sözügedən deputatlarla görüşdüyünü və onlara Avropa Parlamentinin adını istifadə etməklə işğal olunmuş ərazilərə səfər etmələrin və “seçkiləri” müşahidə etmələrinin yolverilməz olduğunu izah etdiyini diqqətə çatdırıb.

Daha sonra Avronest PA-nın həmsədri Rebeka Harms və Avroparlamentin Azərbaycan üzrə məruzəçisi Norika Nikolai Azərbaycanda insan hüquqları ilə bağlı mövcud vəziyyətə dair suallarının Səməd Seyidov tərəfindən cavablandırılmasını xahiş edib. Milli Məclisin komitə sədri ünvanlanan sualları cavablandıraraq insan hüquqlarının müdafiəsinin gücləndirilməsi ilə bağlı ölkədə atılan son addımlar haqda qarşı tərəfi ətraflı məlumatlandırıb. S.Seyidov son dövrlərdə Azərbaycan prezidenti tərəfindən verilən əfv və amnistiya qərarları, Cinayət Məcəlləsinin humanistləşdirilməsi və mədən sənayesində şəffaflığın təmin olunması ilə bağlı imzalanmış sərəncamlar haqda ətraflı məlumat verib.

Sonda Avropa Parlamenti və Milli Məclis arasında ikitərəfli əlaqələrin və dialoqun intensivləşdirilməsinin əhəmiyyəti vurğulanıb və bu istiqamətdə fəaliyyətin gücləndirilməsi zərurəti qeyd olunub.

Ceyhun ABASOV

 





12.04.2017    çap et  çap et