525.Az

Ədəbiyyat İnstitutunda 2016-cı ilin yekunları ilə bağlı müşavirə


 

Ədəbiyyat İnstitutunda 2016-cı ilin yekunları ilə bağlı müşavirə <b style="color:red"></b>

Aprelin 11-də AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında 2016-cı ilin yekunlarına həsr edilmiş "Ədəbi proses-2016" mövzusunda elmi-yaradıcılıq müşavirəsi olub.

Tədbirdə institutun direktoru, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli rəhbərlik etdiyi qurumda 1976-1984-cü illərdə ardıcıl olaraq ilin ədəbi proseslərinə həsr olunan yaradıcılıq müşavirələrinin keçirildiyini bildirib. Builki yaradıcılıq müşavirəsinin təhlil istiqamətlərinin daha çoxcəhətli və mürəkkəb olduğunu deyən akademik İ.Həbibbəyli vurğulayıb ki, bu müşavirələr Ədəbiyyat İnstitutunda yeni ədəbi nəslin formalaşmasında, onların istedadlarının üzə çıxarılmasında əhəmiyyətli rol oynayır və bura təqdim olunan məruzələrin elmi səviyyəsi ildən-ilə artır.

AMEA-nın vitse-prezidenti "Ədəbi proses-2016" müşavirəsində publisistika, rus dilində yaranan Azərbaycan ədəbiyyatının da təhlilə cəlb olunduğunu, ədəbi əlaqələrin Azərbaycan-Qərb ədəbiyyatı və Azərbaycan-türk xalqları ədəbiyyatı kimi təsnif edilərək iki istiqamətdə nəzərdən keçirildiyini diqqətə çatdırıb.

Akademik İ.Həbibbəyli ədəbi proses müşavirəsinin məruzələrindən ibarət kitabın nəşri barədə də məlumat verərək bildirib ki, bu müşavirədə 20 məruzəçinin ədəbi prosesin bütün sahələrini əhatə edən müxtəlif mövzularda çıxışı nəzərdə tutulub.

Tədbirdə filologiya üzrə fəlsəfə doktoru Elnarə Akimova "İlin ədəbi mənzərəsi", filologiya üzrə elmlər doktoru Cavanşir Yusifli "Poeziya", filologiya üzrə fəlsəfə doktoru Nərgiz Cabbarlı "Roman (tarixi və müasir romanlar)", filologiya üzrə fəlsəfə doktoru Aynur Xəlilova "Povest", filologiya üzrə elmlər  doktoru Vaqif Yusifli "Bölgələrdə ədəbi həyat" və digər mövzularda məruzə edib. Rus dilində yaranan Azərbaycan ədəbiyyatı, ədəbi əlaqələr və elmi tədqiqatlarla bağlı da müzakirələr aparılıb.

 





12.04.2017    çap et  çap et