525.Az

Kiçik və orta sahibkarlığın inkişafına dəstək


 

LİSENZİYALARIN "ASAN XİDMƏT" MƏRKƏZLƏRİ VASİTƏSİLƏ VERİLMƏSİ ÖZƏL SEKTORUN İNKİŞAFINA ƏLAVƏ STİMUL YARADIR

Kiçik və orta sahibkarlığın inkişafına dəstək<b style="color:red"></b>

Müstəqil Azərbaycanın qurucusu və memarı, dünya şöhrətli siyasətçi, ümummilli lider Heydər Əliyev prezident kimi ölkəyə rəhbərlik etdiyi illərdə azad sahibkarlığın inkişafına daim diqqət göstərib. Çünki o, Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqda, onun tərəqqisində görüb.

Məhz buna görə də ulu öndər 1993-2003-cü illərdə ölkədə geniş iqtisadi islahatların həyata keçirilməsinə, o cümlədən sahibkarlığın inkişafının sürətləndirməsinə, ölkənin sosial-iqtisadi problemlərinin həllində sahibkarlığın rolunun gücləndirilməsinə, bu istiqamətdə dövlət qayğısının artırılmasına və ən əsası mövcud potensialın reallaşdırılmasına çalışıb. Bunun üçün isə ilk növbədə möhkəm qanunvericilik bazası formalaşdırılıb, bürokratik maneələrin aradan qaldırılması, sahibkarlara maliyyə dəstəyinin göstərilməsi və digər istiqamətdə mühüm addımlar atılıb. Buna misal olaraq, sahibkarlığın inkişafı məqsədilə 1993-1995 və 1997-2000-ci illəri əhatə edən iki dövlət proqramının qəbul edilməsini göstərmək olar. Bu proqramların qəbulu və icrası sayəsində kiçik və orta sahibkarlığın inkişafı Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritet sahələrindən birinə çevrilib. Dövlət proqramları çərçivəsində iqtisadiyyatın və sahibkarlığın tənzimlənməsi sahəsində əhəmiyyətli tədbirlər həyata keçirilib, sahibkarlara dövlət maliyyə köməyi sistemi təşkil edilib. Paralel olaraq, sahibkarlıq fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik aktlarında da təkmilləşmələr aparılıb. "Bəzi fəaliyyət növlərinə xüsusi razılıq verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" Azərbaycan Prezidentinin 2 sentyabr 2002-ci il tarixli fərmanı ilə ölkədə mövcud olan lisenziyalaşdırma sistemi köklü sürətdə təkmilləşdirilib. Lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı 8 dəfə azaldılaraq 240-dan 30-a endirilib, sahibkarların lisenziya almaq mexanizmi xeyli sadələşdirilib, lisenziyaların müddəti xeyli uzadılıb.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan iqtisadi islahatlar, o cümlədən kiçik və orta sahibkarlığın inkişafına dövlət dəstəyi, bu sahəyə dair qanunvericilik aktlarının təkmilləşdirilməsi, lisenziyalaşdırmanın daha da sadələşdirilməsi dövlət başçısı İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilməkdədir. Söylənilənlərə əyani misal olaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində dövlət xidmətlərinin təqdim edilməsinin yeni modeli hesab olunan "ASAN xidmət" mərkəzlərinin yaradılmasını da göstərmək olar. Ölkə başçısı İlham Əliyevin 13 iyul 2012-ci il tarixli Fərmanı ilə həyata vəsiqə qazanan bu agentliyin yaradılmasında qarşıya qoyulan əsas məqsəd dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, vətəndaşlara göstərilən xidmətlərin daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilməsi, vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsi, dövlət orqanları tərəfindən göstərilən xidmətlərin təkmilləşdirilməsi və elektron xidmətlərə keçidin sürətləndirilməsindən ibarətdir. Zərrə qədər şübhə etmədən, qətiyyətlə söyləmək olar ki, Dövlət Agentliyi fəaliyyətə başladığı tarixdən bu günədək öz missiyasını uğurla yerinə yetirməklə, vətəndaş-dövlət və vətəndaş-dövlət qulluqçusu münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə nail olub. Son statistikaya görə, bu günə kimi ölkə üzrə 13 milyondan artıq insan "ASAN xidmət" mərkəzlərinin xidmətindən faydalanıb.

Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev yola salınan ildə də ictimai xidmətlər sahəsində işlərin uğurla getdiyini, "ASAN xidmət" mərkəzlərinin sayının 11-ə çatdığını vurğulayaraq, bu mərkəzlərə 13 milyon müraciət olduğunu, vətəndaşların bəyənmə əmsalının təxminən 100 faizə yaxın olmasını müsbət hal kimi dəyərləndirib. O, "ASAN xidmət"in ictimai xidmətlər, ümumiyyətlə, ictimai münasibətlər sahəsində bir inqilab sayıldığını, Azərbaycan brendi kimi dünyada tanındığını dilə gətirib. Qeyd edib ki, artıq bəzi ölkələr Azərbaycanın təcrübəsini tətbiq etməyə başlayıblar. Prezident bildirib ki, bu istiqamətdə coğrafiya bundan sonra da genişləndiriləcək və "ASAN xidmət"in funksiyaları bir qədər də genişləndiriləcək. Ölkə başçısı "ASAN xidmət"in öz səmərəliliyini göstərdiyini, vətəndaşlar tərəfindən çox yüksək qiymətləndirildiyini xüsusi ilə diqqətə çatdırıb. O, hər bir dövlət qurumunda və ictimai sahədə şəffaflığın "ASAN xidmət"dəki kimi olmasının vacibliyini vurğulayıb. Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda da ölkə başçısı "ASAN xidmət"in fəaliyyətindən söhbət açaraq bildirib ki, bütün bu işlər Azərbaycanda inkişafın hərtərəfli və sürətli olması üçün görülür. O, idarəetmədə, məmur-vətəndaş münasibətlərində xoşagəlməz hallara son qoyulmasının vacib olduğunu qeyd edib: "Biz "ASAN xidmət"i yaratdıq, artıq neçə ildir ki, işləyir. Bir dənə də olsun oradan şikayət yoxdur. Hər halda mən eşitməmişəm. Bəyənilmə əmsalı 98 faizdir. On üç milyon müraciət olunub. Bizim əhalimiz hələ 10 milyona çatmayıb, 13 milyon müraciət olub. Bu, ictimai xidmətlər sahəsində bir yenilikdir. Yəni bu, nəyi göstərir? Birincisi, bizim iradəmizi və siyasətimizi göstərir. İkincisi isə onu göstərir ki, bu cür işləmək mümkündür. Əgər orada mümkündürsə, deməli, hər yerdə mümkündür. Ona görə məmur-vətəndaş münasibətləri, bu məsələlər cəmiyyət üçün, inkişaf üçün çox önəmlidir. Burada hər şey məmurlardan asılıdır. Onlar dediyim kimi işləməlidirlər. Əgər öz işində nöqsana, yaxud da pozuntuya yol verərsə, onlar lazımi səviyyədə cəzalandırılacaqlar".

Qeyd edək ki, Azərbaycan vətəndaşları, o cümlədən dövlət başçısı İlham Əliyev tərəfindən də fəaliyyəti yüksək qiymətləndirilən "ASAN xidmət" mərkəzlərində hazırda 10 dövlət qurumu və özəl müəssisələr tərəfindən birlikdə 230-dan çox müxtəlif xidmətlər həyata keçirilir. Həmin dövlət qurumlarından biri də İqtisadiyyat Nazirliyidir. Belə ki, "Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında" Prezident İlham Əliyevin 2015-ci il 19 oktyabr tarixli Fərmanından irəli gələn tapşırığa uyğun olaraq, lisenziya tələb olunan fəaliyyət növlərinin sayının minimuma endirilməsi və dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin müəyyən olunması ilə bağlı ilk öncə İqtisadiyyat Nazirliyi tərəfindən təkliflər hazırlanıb. Bunun ardınca həm normativ-hüquqi bazanın təkmilləşdirilməsi, həm də texniki-təşkilati istiqamətlər üzrə işlər aparılıb, eyni zamanda "ASAN xidmət" mərkəzlərində sahibkarlara xidmətin yüksək səviyyədə göstərilməsi üçün nazirliyin əməkdaşlarına müvafiq treninqlər keçilib.

Sahibkarlıq sahəsində işlərin daha da gücləndirilməsi məqsədilə İqtisadiyyat Nazirliyinin strukturunda da dəyişiklik edilib, Sahibkarlığın inkişafı siyasəti şöbəsinin maddi-texniki bazası və kadr potensialı gücləndirilib, 195-2 Çağrı Mərkəzinin səlahiyyətləri genişləndirilib, Lisenziyalaşdırma və sahibkarlara xidmətlərin göstərilməsi şöbəsi yaradılıb. Yeni şöbəyə sahibkarlara və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərə xüsusi razılığın (lisenziya) verilməsi sahəsində xidməti təşkil etmək vəzifəsi həvalə olunub. Bütün bu işlər yekunlaşandan sonra kütləvi informasiya vasitələrində bu barədə məlumat xarakterli elanlar yerləşdirilib. 2015-ci il 2 noyabr tarixindən etibarən İqtisadiyyat Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzlərində müddəti bitən lisenziyaların yenisi ilə əvəz edilməsi üçün sənədlərin qəbulu prosesinə başlanılıb. Növbəti mərhələdə isə qısa müddət ərzində yeni fəaliyyətə başlamaq istəyən sahibkarlara lisenziyaların (ilk dəfə) verilməsi ilə bağlı müraciətlərin qəbuluna start verilib.

2015-ci il noyabrın 5-də İqtisadiyyat Nazirliyi tərəfindən 5 saylı "ASAN xidmət" mərkəzində avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları və taksi minik avtomobilləri ilə sərnişin daşımaları sahəsində fəaliyyət göstərən müəssisələrə ilk lisenziyalar verilib. Noyabrın 10-da nazirlik tərəfindən yenə 5 saylı "ASAN xidmət" mərkəzində sahibkarlara növbəti lisenziyalar təqdim edilib. Bu lisenziyalar avtomobil nəqliyyatı ilə ölkədaxili və beynəlxalq yük daşımaları, əczaçılıq fəaliyyəti, etil (yeyinti) spirtinin və alkoqollu içkilərin satışı, şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) müntəzəm sərnişin daşımaları sahələrində fəaliyyət göstərən sahibkarlara verilib. Noyabrın 12-də isə Gəncədəki "ASAN xidmət" mərkəzində sahibkarlara lisenziyalar təqdim edilib. Bu lisenziyalar şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) müntəzəm sərnişin daşımaları, ölkədaxili yük daşımaları sahəsində fəaliyyət göstərən sahibkarlara verilib. Beləliklə də yalnız 2015-ci ildə İqtisadiyyat Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzləri vasitəsilə sahibkarlıq subyektlərinə 264 lisenziya verilib. Bu lisenziyaların 202-si Bakı şəhərinin, 62-si regionların payına düşüb. 2016-cı ilin sonuna dair statistikaya görə isə ötən müddət ərzində İqtisadiyyat Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzləri vasitəsilə sahibkarlara 3382 lisenziya verilib. Bunlardan 1788-i yeni verilmiş, 1594-ü müddətsiz lisenziya ilə əvəz edilmiş lisenziyalardır. Lisenziyalar təhsil, əczaçılıq, özəl tibb, tikintisinə icazə tələb olunan bina və qurğuların layihələndirilməsi, tikinti-quraşdırma işləri, maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması, baytarlıq preparatlarının satışı, bitkiləri mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin idxalı, dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması, yanğından mühafizə, qaldırıcı qurğuların, metallurgiya avadanlığının, təzyiq altında işləyən qazanların, tutumların quraşdırılması, təmiri və sair fəaliyyət sahələrinə verilib.

Xatırladaq ki, Azərbaycan Prezidentinin "Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında" 21 dekabr 2015-ci il tarixli Fərmanının qüvvəyə mindiyi gündən lisenziyalar müddətsiz hesab edilib, lisenziyaların verilməsi müddəti 15 gündən 10 iş gününə endirilib. Eyni zamanda, lisenziyaların verilməsinə görə ödənilən dövlət rüsumlarının məbləği 2 dəfə, o cümlədən regionlar üzrə 4 dəfə azaldılıb. Misal üçün, hazırda dərman vasitələrinin istehsalına lisenziya verilməsi üçün 2250 manat, topdansatışına lisenziya verilməsi üçün 2250 manat, pərakəndə satışına lisenziya verilməsi üçün dövlət rüsumu 1000 manatdır.

Son olaraq qeyd edək ki, İqtisadiyyat Nazirliyi tərəfindən sahibkarlara lisenziyaların "ASAN xidmət" mərkəzləri tərəfindən təqdim edilməsi dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsinə yönəlmiş kompleks və ardıcıl tədbirlər sisteminin mühüm tərkib hissəsidir. Sevindirici haldır ki, "ASAN xidmət" mərkəzləri vasitəsilə lisenziya əldə etmiş sahibkarlar da xüsusi razılığın alınması üçün müraciətlərinə qısa müddətdə baxıldığını qeyd edərək, lisenziyaların verilməsi prosesindən razılıqlarını bildirirlər. Azərbaycan Prezidentinin təşəbbüsü ilə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması, eləcə də gömrük və lisenziyalaşdırma sahələrində inzibati prosedurların sadələşdirilməsi barədə fərmanlar da sahibkarlığın inkişafı baxımından inqilabi addımlar olmaqla, biznes mühitinin bir qədər də yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatların daha bir göstəricisi kimi dəyərləndirilir. Bütün bunlar, yəni ölkədə kiçik və orta sahibkarlığın inkişafına dəstək tədbirləri, lisenziyaların "ASAN xidmət" mərkəzləri vasitəsilə verilməsi, inzibati prosedurların sadələşdirilməsi, şəffaflığın təmin edilməsi sahibkarların fəaliyyətini daha da asanlaşdırır, özəl sektorun inkişafına əlavə stimul verir.

İsgəndər HƏSƏNOV
İqtisadiyyat Nazirliyi tərəfindən KİV nümayəndələri arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir

 





12.04.2017    çap et  çap et