525.Az

Məhəmmədhüseyn Təhmasibin 110 illiyi qeyd edildi


 

Məhəmmədhüseyn Təhmasibin 110 illiyi qeyd edildi<b style="color:red"></b>

AMEA Naxçıvan Bölməsində görkəmli folklorşünas alim, professor Məhəmmədhüseyn Təhmasibin 110 illik yubileyinə həsr edilən elmi konfrans keçirilib.

AMEA Naxçıvan Bölməsi, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm nazirliyi, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyi ilə birgə təşkil olunan tədbirdə Bölmənin sədri, akademik İsmayıl Hacıyev görkəmli alimin həyat və yaradıcılığından, Azərbaycan folklorşünaslıq elmi sahəsindəki əvəzolunmaz xidmətlərindən söz açıb. Bildirib ki, folklorumuzu sistemləşdirən, toplayan və Azərbaycanda folklorşünaslıq məktəbi yaradan professor Məhəmmədhüseyn Təhmasib 12 aprel 1907-ci ildə Naxçıvan şəhərində anadan olub. Akademik qeyd edib ki, Azərbaycan tarixinin, etnoqrafiyasının, toponiminin, coğrafiyasının mükəmməl bilicisi olan alimin apardığı elmi-tədqiqat işləri bu gün də Azərbaycan ədəbiyyatşünaslığı üçün dəyərlidir. Şifahi xalq ədəbiyyatının tədqiqində böyük xidmətləri olan alim gərgin zəhməti sayəsində müxtəlif janrlı tədqiqat əsərləri yazıya alaraq nəşr etdirib. Eyni zamanda o, dastanlarımızın toplanılması sahəsində də ciddi işlər görüb.

Professor Məhəmmədhüseyn Təhmasibin rəhbərliyi altında şifahi xalq ədəbiyyatımızın qədim və zəngin janrı olan dastanlarımızın müxtəlif variantları yazıya alınaraq 5 cildlik "Azərbaycan dastanları" çap edilib. Kitablarda dastanlarımızdakı tarixən daşıdığı adlar araşdırılıb və adlara aydınlıq gətirilib. Eyni zamanda, onun "Bir qalanın sirri", "Onu bağışlamaq olarmı?" ssenariləri əsasında eyniadlı filmlər çəkilib, "Bahar", "Aslan yatağı", "Çiçəklənən arzular" və digər pyes nağılları teatr səhnələrində uğurla tamaşaya qoyulub.

Məhəmmədhüseyn Təhmasib kimi alimlərimizin elmi fəaliyyətlərinin bugünkü gənc tədqiqatçılara tanıdılmasının Azərbaycan ədəbiyyatının inkişafı baxımından vacib məsələlərdən biri olduğunu qeyd edən akademik Bölmədə cari ildə nəşr edilməsi nəzərdə tutulan "Məhəmmədhüseyn Təhmasib:  taleyi və sənəti" məqalələr toplusunun üzərində işlənildiyini də diqqətlərə çatdırıb.

Elmi konfransda Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev "Məhəmmədhüseyn Təhmasibin həyatı və yaradıcılığı", filologiya üzrə elmlər doktoru Yusif Səfərov "Dastanlarımızın ustad tədqiqatçısı", İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri Elxan Məmmədov "Azərbaycan dastanlarının toplanması, tədqiqi və nəşrində Məhəmmədhüseyn Təhmasibin rolu" mövzusunda məruzələrlə çıxış ediblər. Konfransda digər alimlərin də fərqli mövzularda məruzələri dinlənilib. Məruzələrdə M.Təhmasibin Azərbaycan ədəbiyyatşünaslığında müxtəlif istiqamətlər üzrə elmi fəaliyyəti ətraflı işıqlandırılıb.

 





12.04.2017    çap et  çap et