525.Az

"Şərqin Macar tədqiqatçıları" təqdim olundu


 

"Şərqin Macar tədqiqatçıları" təqdim olundu<b style="color:red"></b>

Aprelin 10-da Fransa İnstitutunda Frankofoniya həftələri çərçivəsində təşkil olunmuş "Şərqin Macar tədqiqatçıları" sərgisinin rəsmi açılış mərasimi keçirilib.

Mərasimdə bir ay müddətində Frankofoniya həftələrində iştirak edəcək on ölkənin (Fransa, Macarıstan, Litva, Belçika, Misir, Yunanıstan, Mərakeş, Meksika, Rumıniya və İsveçrə) Azərbaycandakı səfirləri, Azərbaycan - Fransa Cəmiyyətinin nümayəndələri, Fransa İnstitutunun tələbələri, media nümayəndələri iştirak ediblər.

Mərasimdə çıxış edən Fransanın ölkəmizdəki səfiri Orelia Buşez xalqlar arasındakı əlaqələrin inkişafında bu sərginin və ümumilikdə Frankofoniya həftələrinin önəmindən danışıb: "Artıq üç ildir ki, Bakıda Frankofoniya həftələri keçirilir və hər il daha da inkişaf etdirilir. Keçən il iştirak edən ölkələrin sayı səkkiz idi. Bu il isə on səfirlik təmsil etdiyi ölkənin mədəniyyətini, adət-ənənələrini nümayiş etdirir".

Səfir Buşez ilk təşkil edilmiş sərginin dünyanın beş qitəsini gəzib kəşflər aparmış macarlara həsr olunduğunu qeyd edib və hər kəsi bundan sonra keçiriləcək sərgilərlə tanış olmağa dəvət edib.

Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotski macar tədqiqatçılarının macəra dolu həyatlarından söz açıb: "Bizim Fransada təhsil almış bir sıra tədqiqatçı alimlərimiz var ki, sonradan onlar dünyanı gəzərək bir sıra kəşflərə imza atıblar. Sərgi iştirakçıları Şimali Afrika, Yaxın Şərq və Qafqazdan Hindistana, Çinə, Sakit Okean Adalarınadək araşdırmalar aparmış məşhur macar səyyahları və alimlərinin həyatı, macəraları və elmi işlərilə hekayələr və şəkillər sayəsində tanış ola biləcəklər".

Aprel ayı ərzində UFAZ-ın tələbələri Frankofoniya çərçivəsində müxtəlif təhsil müəssisələrində teatr, poeziya və musiqi sahəsində istedadlarını nümayiş etdirəcəklər.

Şahanə MÜŞFİQ

 





12.04.2017    çap et  çap et