525.Az

Qarabağ Muğam Mərkəzi konsert proqramlarının yeni ünvanları


 

Qarabağ Muğam Mərkəzi konsert proqramlarının yeni ünvanları<b style="color:red"></b>

Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzinin kolletivi ötən ili uğurlu nəticələrlə yola salıb.

Adıçəkilən mədəniyyət mərkəzinin müəllim və şagirdləri bölgədə təşkil olunan ictimai tədbirlərdə, tarixi günlərə, bayramlara həsr olunmuş mərasimlərdə, eləcə də hərbi hissələrdə təşkil olunan görüşlərdə geniş konsert proqramları ilə çıxışlar ediblər.

Muğam Mərkəzinin direktoru Tofiq Cəfərovun dediklərinə görə, kollektivin yetirmələri respublika miqyaslı müsabiqələrdə də fəallıq göstəriblər. Mərkəzin şagirdi Ceyhunə Şıxəliyeva Xan Şuşinski adına III uşaq muğam festivalında üçüncü yer tutaraq xüsusi medala və diploma layiq görülüb. Digər şagirdlər, Zəhra Məmmədova, Nərmin Sultanova və Nəcibə Məmmədova həmin festivalda uğurlu iştiraklarına görə respublika mədəniyyət və turizm nazirliyinin fəxri fərmanları ilə təltif olunublar. Bundan əlavə, Ceyhunə Şirəliyeva, Zəhra Məmmədova və Nərmin Sultanova respublika Gənclər Fondunun dəstəyi ilə keçirilən muğam müsabiqəsində ilk üç yeri tutaraq xüsusi diplomlara layiq görülüblər. Mərkəzin digər 3 nəfər şagirdi isə fəxri fərmanlarla təltif olunub. İstedadlı gənc xanəndələr respublikanın televiziya kanallarında təşkil olunmuş musiqi verilişlərində muğam və xalq mahnılarımızı məharətlə ifa ediblər.

Muğam Mərkəzinin daha bir yetirməsi Arzu Mahmudova VI respublika televiziya muğam müsabiqəsinin finalına vəsiqə qazanıb və hazırda həmin muğam yarışmasında müvəffəqiyyətlə iştirak edir. Direktorun dediyi kimi, kollektiv üzvləri 2017-ci ili də yaxşı başlayıblar. Kollektivin müəllim və şagirdlərdən ibarət ansamblının Yeni ildə, Novruz bayramı günlərində ümumtəhsil məktəblərində, hərbi hissələrdə, açıq hava şəraitində zəngin proqramla təşkil ediyi konsertlər  maraqla qarşılanıb. Muğam Mərkəzində "N " saylı hərbi hissə əsgərləri qarşısında Novruz bayramına həsr olunmuş geniş konsert proqramı zəngin təəssürat,böyük ruh yüksəkliyi doğurub. T. Cəfərov söhbət zamanı qeyd edib ki, Muğam Mərkəzinin müəllim və şagirdləri Novruz münasibəti ilə Bakıda İçərşəhərdə, Sabir adına parkda təşkil olunan bayram karnavalında uğurla çıxış ediblər. Muğam Mərkəzinin gənc ifaçılarının iştirak ilə aprel döyüşlərinin ildönümü münasibəti ilə respublika müdafiə nazirliyinin xətti ilə "N" saylı hərbi hissədə geniş konsert təşkil olunub. Sevindirici haldır ki, Mərkəzin şagirdləri Nəcibə Məmmədova, Çinarə Ömərzadə və Zəhra Məmmədova may ayında Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarında çıxış etmək üçün dəvət alıblar. Onlar idman oyunları dövründə "Qarabağ şikəstəsi"ni səsləndirərək öz məharətlərini nümayiş etdirəcəklər.

Yəhya PAŞAZADƏ

 





12.04.2017    çap et  çap et