525.Az

Həmsədrlər Ermənistana təzyiqi gücləndirməlidir


 

Həmsədrlər Ermənistana təzyiqi gücləndirməlidir<b style="color:red"></b>

Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan prezidenti İlham Əliyev bir sıra mühüm məsələlərə toxundu. 

Dövlət başçısının  nitqində diqqət mərkəzində dayanan məsələlərdən biri də Dağlıq Qarabağ münaqişəsi oldu. Prezident Azərbaycanın əsas problemi olan bu münaqişə ilə bağlı bir daha öz mövqeyini bəyan etdi. İlham Əliyev vurğuladı ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli cari ilin birinci rübündə də diqqət mərkəzində olub, Ermənistanın danışıqlar prosesini pozmaq cəhdləri isə baş tutmayıb. Eyni zamanda, prezident əlavə edib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistana təzyiqi daha da gücləndirməli, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qətnamələri icra olunmalıdır. Dövlət başçısı Ermənistanın  Dağlıq Qarabağda keçirdiyi qondarma "referendum"a da toxunub və bununla işğalçı tərəfin bir daha özünü biabır etdiyini söyləyib: "Bütün beynəlxalq aləm "referendum"u qəbul etməməklə Azərbaycanın ərazi bütövlüyünə öz dəstəyini göstərmiş oldu".

Mövzu ilə bağlı fikirlərini açıqlayan  millət vəkili Rövşən Rzayev deyib ki, prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı öz mövqeyini hər zaman aydın şəkildə səsləndirib. O bildirib ki, Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin həmişəki kimi diqqət mərkəzində olduğunu söylədi: "Prezident qeyd etdi ki, Ermənistan danışıqlar prosesini hər vəchlə dayandırmağa, onu boykot etməyə çalışır, ancaq buna nail ola bilmir və nail ola bilməyəcək. Azərbaycanın bu məsələdəki qətiyyətli mövqeyi nəticəsində problemin həlli istiqamətində addımların atılacağına inanırıq. Amma bunun üçün ölkə rəhbərinin də vurğuladığı kimi, Ermənistana, onun işğalçı siyasətinə Minsk qrupu tərəfindən təzyiq daha da güclənməlidir ki, onlar beynəlxalq normalara riayət etsinlər və işğala son qoysunlar". Millət vəkili 2017-ci ilin müvafiq dövründə Azərbaycanın beynəlxalq əlaqələrinin  daha da gücləndiyini əlavə edib: "Beynəlxalq aləmdə Azərbaycanın mövqeyi kifayət qədər uğurludur. Prezident İlham Əliyevin xarici ölkələrə səfərləri, apardığı danışıqlar ölkəmizin dünyada nüfuzunun daha da yüksəlməsinə səbəb olub. Ona görə də düşünürəm ki, hər şey bizim istədiyimiz kimi olacaq. Ölkəmizin uğurları daha da artacaq, beynəlxalq nüfuzu güclənəcək".

Politoloq Cümşüd Nuriyev isə vurğulayıb ki, Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı bir daha Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın öz mövqeyindən dönməyəcəyini bəyan edib: "Cənab Prezidentimizin başçılığı ilə Azərbaycan situasiyadan asılı olaraq həm hərbi güc, həm də iradə siyasəti ilə Ermənistanı küncə sıxışdırıb. Yaxın gələcəkdə dövlət başçımızın yürütdüyü iradəli xarici siyasət öz müsbət bəhrəsini verəcək. Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək".

Politoloqun sözlərinə görə, Ermənistan Dağlıq Qarabağda keçirdiyi qondarma "referendum"la həqiqətən də özünü ifşa etdi: "Prezident haqlı olaraq vurğuladı ki, işğalçı tərəf nə qədər çox qanunsuz "referendum" keçirsə, bu, bir o qədər çox bizim xeyrimizə işləyir. Çünki bütün qonşu ölkələr, Minsk qrupunun həmsədr dövlətləri, Avropa İttifaqı və bir çox digər ölkələr dərhal bu "referendum"u tanımadıqlarını, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiklərini bəyan etdilər".

C.Nuriyev Sarkisyanın hakimiyyəti əlində saxlamaq üçün saxta parlament seçkiləri keçirdiyini əlavə edib: "Bu seçkilər əvvəldən axıra kimi qanun pozuntuları ilə keçdi. Bütün beynəlxalq müşahidəçilər, ATƏT nümayəndələri, hətta Rusiyadan və Ermənistandan olan müşahidəçilər də çoxlu qanun pozuntularının olduğunu bildirdilər. Ermənistanın Mərkəzi Seçki Komissiyası isə 5 dəfə azaldaraq 200-ə qədər qanun pozuntuları olduğunu açıqladı. İri cinayət istiqamətli qanun pozuntularını nisbətən yüngül müstəviyə keçirməyə çalışdılar. Bütün hallarda Ermənistandakı seçkilər birmənalı şəkildə Serj Sarkisyan tərəfindən total olaraq saxtalaşdırıldı. Hazırda Ermənistanda baş verənlər haqqında Levon Ter-Petrosyan və digərləri hətta heç kimin demədiklərini də deyirlər. Azərbaycanın apardığı informasiya müharibəsi və cənab prezidentin göstərişi ilə xarici siyasətdə hücum diplomatiyasına keçməsi Ermənistanı acınacaqlı vəziyyətə salıb. Dövlətimiz ötən ilin aprel döyüşlərində də göstərdi ki, lazım gələrsə, Azərbaycan güclü hərbi vasitə ilə də düşməni məhv edə bilər. Cinayətkar Sarkisyan rejimi insanları artıq bezdirib. Ermənistan  birmənalı şəkildə daxildən parçalanıb.Orada daxili birlik yoxdur, daxili qarşıdurma son həddədir. Ermənistan başqalarının cibindədir. Düşmən ölkə, xüsusən Rusiyanın vassalı statustunda çıxış edir. Beynəlxalq aləmdə Ermənistanı işğalçı dövlət kimi qəbul etməyə başlayıblar. İşğalçı Azərbaycanın gücü qarşısında geri çəkilməyə məcbur olacaq".

Millət vəkili Asim Mollazadə isə deyib ki, prezident İlham Əliyev Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında tam haqlı olaraq qeyd etdi ki, bu gün təcavüzkarı sülhə məcbur edən heç bir addım atılmır.

O bildirib ki, uzun illərdir Ermənistan guya,, danışıqlarda iştirak etməsinə dair imitasiya ilə məşğul idi: "İndi danışıqları da dayandırıblar. Amma görürsünüz ki, heç bir beynəlxalq təşkilat, ilk növbədə ATƏT-in Minsk qrupu tərəfindən təcavüzkara qarşı heç bir təzyiq mexanizmi müəyyənləşmir. Bu da münaqişənin həllində ən əsas maneədir. Yəni, münaqişə ona görə həll olunmur ki, beynəlxalq hüquq normalarına riayət edilmir. Ona görə də bu prosesdə köklü dəyişiklik etmək lazımdır".

 Millət vəkili vuğulayıb ki, hazırda Minsk qrupu Rusiyanın inhisarına keçib və münaqişənin həlli bilavasitə Moskvanın nəzarətindədir: "Ermənistanın istənilən şıltaqlığına isə göz yumulur". Prosesdə hansısa dəyişikliyin olacağına ümid etdiyini deyən A.Mollazadə əlavə edib ki, hazırda Minsk qrupunun həmsədrləri Ermənistanla tutduğu mövqeyi dəyişməsinə dair danışıqlar aparmalıdır: "Ermənistan sülhə məcbur edilməlidr. Əks halda vəziyyət dəyişməyəcək. ATƏT-in, BMT Təhlükəsizlik Şurasının qərarlarının icra olunması üçün müvafiq addımlar atılmalıdır. Düşünürəm ki, burda əsas rolu ABŞ oynamalıdır. Lakin son vaxtlar Rusiya-ABŞ münasibətlərində olan gərginlik Minsk qrupunun fəaliyyətinə də öz mənfi təsirini göstərir".

Milli Məclisin deputatı Elman Məmmədov deyib ki, Ermənistan cinayət törədib cəzasız qalmış işğalçı bir dövlətdir. E.Məmmədov bildirib ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın bir nömrəli problemidir: "Azərbaycan Prezidenti İlham Əliyev həmişə bu məsələni gündəlikdə saxlayır. Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da cənab Prezident Dağlıq Qarabağ məsələsinə toxundu və həm Ermənistana, həm də onun havadarlarına lazımi mesajları verdi". Deputat vurğulayıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində qeyri-konstruktiv mövqe tutmaqla pozuçuluq, təxribatçılıq fəaliyyətini davam etdirir, danışıqlardan qaçır, danışıqlar prosesində qoyulmuş şərtlərə əməl etmir, beynəlxalq təşkilatların, o cümlədən BMT-nin münaqişənin həlli ilə bağlı məlum qətnamələrinin icrasından birmənalı olaraq imtina edir: "Bu onu göstərir ki, Ermənistan cinayət törədib cəzasız qalmış işğalçı bir dövlətdir. Ermənistan törətdiyi cinayətə, apardığı işğalçılıq siyasətinə görə, heç bir dövlət və beynəlxalq qurum tərəfindən, o cümlədən ATƏT-in Minsk qrupu tərəfindən nə sanksiya, nə də digər cəza tədbirinə məruz qalıb. Beynəlxalq qurumlar və dünyanın aparıcı dövlətləri görüntü yaratmağa çalışırlar ki, guya Ermənistanın öhdəsindən gələ bilmirlər və yaxud işğalçı dövlət onları eşitmir. Bu, tamamilə yalandır, qeyri-səmimilikdir və riyakarlıqdır. Ermənistan gücsüz, terrorçu bir dövlətdir və ölkənin bütün maliyyə dəstəyi, yaşayışı bu mövqedən çıxış edən təşkilatlar və dövlətlər tərəfindən təmin olunur. Ona görə də Ermənistan özünü cəzasız hesab edir. Ermənistanı hüquqi müstəviyə dəvət etmək, danışıqlar masasına oturtmaq üçün işğalçı ölkəyə təzyiqlər göstərilməli, sanksiyalar tətbiq edilməlidir".

PƏRVANƏ

 





12.04.2017    çap et  çap et