525.Az

Azərbaycanın beynəlxalq əlaqələri daha da güclənir


 

2016-cı İLDƏ HƏYATA KEÇİRİLƏN İSLAHATLAR CARİ İLİN BİRİNCİ RÜBÜNDƏ ÖZ MÜSBƏT NƏTİCƏLƏRİNİ GÖSTƏRİB

Azərbaycanın beynəlxalq əlaqələri daha da güclənir<b style="color:red"></b>

Xəbər verdiyimiz kimi, aprelin 10-da Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

Müşavirədəki çıxışında bu ilin birinci rübündə ölkəmizdə iqtisadi inkişafın təmin olunduğunu, sosial məsələlərin həllini tapdığını, ordu quruculuğunun uğurla getdiyini bildirən prezident İlham Əliyev qeyd edib ki, 2017-ci il bizim üçün uğurlu il olacaq. Dövlət başçısı beynəlxalq vəziyyətin gərgin olduğunu, münaqişələrin davam etdiyini, yeni risklərin yarandığını təəssüflə qeyd edib, ölkəmizin təhlükəsizliyini təmin etmək məqsədilə tədbirlər görüldüyünü söyləyib.

Azərbaycanın beynəlxalq əlaqələrinin daha da gücləndiyini deyən Prezident İlham Əliyev qeyd edib ki, xarici ölkələrə səfərləri, apardığı danışıqlar Azərbaycanın dünyada nüfuzunun yüksəlməsinə, ölkəmizin ikitərəfli və çoxtərəfli əlaqələrinin möhkəmlənməsinə xidmət edib: "2017-ci ilin 3 ayında 7 dövlət başçısının Azərbaycana səfər etməsi dünyada ölkəmizə olan hörmətin göstəricisidir. Fəaliyyətdə olan və keçmiş dövlət və hökumət başçılarının, nüfuzlu ictimai-siyasi xadimlərin Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə iştirakı, həmçinin ABŞ və Rusiya silahlı qüvvələrinin qərargah rəislərinin ölkəmizdə görüşü Azərbaycanın dünyadakı rolunu və yüksək nüfuzunu əks etdirir".

Ölkə başçısı bildirib ki, cari ilin birinci rübündə Azərbaycanda iqtisadi inkişaf təmin olunub, sosial məsələlər həllini tapıb: "Azərbaycan ümumdünya iqtisadi böhranın fəsadlarını uğurla aradan qaldırıb və inkişaf yoluna çıxıb. 2016-cı ildə həyata keçirilən islahatlar 2017-ci ilin birinci rübündə öz müsbət nəticələrini göstərib. Cari ilin ilk 3 ayı ərzində qeyri-neft sektoru 2,4 faiz, qeyri-neft sənayesi 2 faiz, kənd təsərrüfatı 3,5 faiz artıb. Azərbaycanın valyuta ehtiyatları 1 milyard dollar çoxalaraq 38,5 milyard dollar təşkil edib. Ölkənin valyuta ehtiyatları xarici borcu 5 dəfədən çox üstələyir. Ticarət dövriyyəsi 15 faiz, ixrac 50 faiz, qeyri-neft ixracı 10 faiz artıb, idxal 17 faiz azalıb. Ticarət dövriyyəmizin müsbət saldosu 1 milyard dollar səviyyəsindədir".

Ölkədə 85 min yeni iş yerinin yaradıldığını deyən dövlət rəhbəri onu da qeyd edib ki, Azərbaycanda turizm sektoru sürətlə inkişaf edir: "Birinci rübdə ölkəyə gələn turistlərin sayı 25 faiz artıb".

Ölkənin dinamik inkişafı, müasir sosial-iqtisadi infrastrukturun yaradılması, şəhərlər və digər yaşayış məkanlarında ən müasir standartlara uyğun quruculuq və abadlıq işlərinin həyata keçirilməsi, ölkədə hökm sürən sabitlik və təhlükəsizlik, müasir turizm infrastrukturunun yaradılması, viza rejinimin sadələşdirilməsi və "ASAN viza" sisteminin yaradılması, Azərbaycanın ardıcıl şəkildə mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, ölkəmizin dünyada müsbət imicinin formalaşması Azərbaycanda turizmin inkişafını şərtləndirən amillərdir.

Müşavirədə qarşıdan gələn dövrdə əsas hədəflərə toxunan prezident bildirib ki, sənaye istehsalı və kənd təsərrüfatının inkişafı prioritet istiqamətlər olaraq qalır: "Bu sahədə dövlətin başladığı işlər daha da sürətlənməlidir. Ölkədə makroiqtisadi sabitlik təmin olunmalı, məhsulların süni qiymət artımına imkan verilməməlidir. Sosial sahə üzrə dövlət büdcəsinin icrası və büdcə xərcləri tam yerinə yetirilməlidir. İnvestisiya proqramları, o cümlədən, infrastruktur layihələri (yol, su, qaz, kanalizasiya və s.) 100 faiz icra olunmalıdır. Azərbaycanın 270 kəndinə modul tipli içməli su qurğularının quraşdırılması işi sürətləndirilməli, həmin yaşayış məntəqələrinin əhalisi bu işin tezliklə yekunlaşmasına ictimai nəzarəti artırmalıdır".

Azərbaycan brendinin dünyada təbliğ edildiyini, müxtəlif ölkələrdə ticarət evlərinin yaradıldığını, ticarət-ixrac missiyalarının həyata keçirildiyini deyən dövlət başçısı İlham Əliyev qeyd edib ki,  bu istiqamətdə xarici mediada reklam kampaniyaları aparılmalı, yeni ixrac bazarlarına çıxış təmin edilməli, logistika mərkəzləri yaradılmalıdır.

Prezident söyləyib ki, 2016-cı ildə qəbul edilmiş qərarlar və görülən işlər nəticəsində bu il inşaat sektorunda canlanma müşahidə edilir: "Bakıda 300-dən çox yeni hündürmərtəbəli bina tikilir və minlərlə yeni iş yeri yaradılır. İnşaat sektorunda 2016-cı ilin sonundan başlayan yüksəliş davam etdirilməli, köhnə binaların sökülməsi və yeni binaların inşası pilot layihəsi gücləndirilməli və bütün şəhər və rayonları əhatə etməlidir. Rayonlarda sənaye mərkəzlərinin yaranması sürətləndirilməlidir. Sumqayıtdakı SOCAR Polimer zavodunun istehsal etdiyi xammal, ilk növbədə iş adamları tərəfindən alınmalı və yeni iş sahələri yaradılmalıdır. Xarici sərmayənin ölkə iqtisadiyyatına cəlb olunması sahəsində işlər görülməli və bu sahəyə diqqət artırılmalıdır".

Sahibkarlığın inkişafına dövlət qayğısı və diqqətinin davam etdirilməli olduğunu deyən ölkə başçısı vurğulayıb ki, bu diqqət  daha da artırılmalıdır.

Müşavirədə kənd təsərrüfatı sahəsinə də toxunan prezident bildirib ki, cari ildə 150 min hektar yeni torpaq sahəsinin suvarılması ilə bağlı başlanmış iş yekunlaşmalıdır: "Bu, kənd təsərrüfatı məhsullarının istehsalına ciddi təsir göstərməlidir. Kənd təsərrüfatının inkişafı ilə bağlı yaradılmış Pivot Suvarma zavodu, Pestisid zavodu və gələn il inşa ediləcək Azot gübrələri zavodunun tikintisi sürətləndirilməlidir. Bu, kənd təsərrüfatı məhsullarının istehsalına öz töhfəsini göstərməlidir. Kənd təsərrüfatı sahəsində böyük aqrar zonaların və iri fermer təsərrüfatlarının yaradılması işi davam etdirilməli, bu sahəyə nəzarət gücləndirilməlidir".

Prezidentin müşavirədəki çıxışına münasibət bildirən Milli Məclisin deputatı Tahir Rzayev qeyd edib ki, ölkə başçısı İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında kənd təsərrüfatının inkişafı ilə bağlı səsləndirdiyi fikirlər və qarşıya qoyduğu vəzifələr bilavasitə ölkə iqtisadiyyatının inkişafına və insanların həyat şəraitinin yaxşılaşmasına yönəlib. O, "Trend"ə bildirib ki, kənd təsərrüfatı sahəsində müəyyən məsələlər təcili və fəal şəkildə həll olunmalıdır: "Dövlət başçısı tərəfindən verilən tapşırıqlar kənd təsərrüfatı sahəsində sürətli inkişafa nail olmaq məqsədi daşıyır. Prezident İlham Əliyev eyni zamanda sahibkarlığın inkişafına diqqətin daha da artırılması məsələsinə toxunub. Bütün bu tədbirlər neftdən asılılığın aradan qaldırılmasına xidmət edir. Ona görə də dövlət başçısı ölkənin vacib sahəsi olan kənd təsərrüfatının inkişafını ən önəmli bir vəzifə kimi qarşıya qoyub".

Deputat vurğulayıb ki, regionlarda iqtisadiyyatın inkişafı üçün xeyli işlər görülüb:

"Ancaq aqrar sahənin inkişafı ilə əlaqədar yerlərdə əkin sularına ehtiyac var. Ona görə də prezident İlham Əliyev tapşırıq verib ki, mütərəqqi suvarma texnologiyalarından istifadə etmək lazımdır. Eyni zamanda, aqrar sahədə kadr potensialının inkişafına diqqət yetirilməlidir. Çünki yeni gətirilən müasir, kompüter sistemi ilə təchiz edilmiş texnikanın istifadəsi yeni savadlı kadrların olmasını tələb edir. Bütün bu tədbirlər göstərir ki, bu gün aqrar sahənin inkişafı mühüm bir vəzifədir və prezidentin bu istiqamətdə qarşıya qoyduğu tapşırıqlar ölkə iqtisadiyyatının inkişafı üçün çox vacibdir".

Deputat Elman Nəsirov isə qeyd edib ki, prezident İlham Əliyevin müşavirədəki nitqində diqqət mərkəzində olan məsələlərdən biri Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da möhkəmlənməsi ilə bağlı olub: "Azərbaycan son üç ay ərzində ənənəvi fəal xarici siyasət kursunu davam etdirib. Bu müddət ərzində 7 dövlət başçısının Azərbaycana səfər etməsi ölkəmizin beynəlxalq aləmdə nüfuzunu bir daha təsdiq edir və daha da güclənməsinə gətirib çıxarır. Eyni zamanda, bu müddət ərzində fəaliyyətdə olan, eləcə də keçmiş dövlət və hökumət başçılarının, nüfuzlu ictimai-siyasi xadimlərin iştirakı ilə Azərbaycanda çox vacib əhəmiyyət daşıyan beynəlxalq tədbirlər keçirilib".

Deputatın sözlərinə görə, bu beynəlxalq tədbirlər onu göstərir ki, Azərbaycan dünyanın gündəliyini müəyyən edən məsələlərin müzakirə olunduğu və bu problemlərdən çıxış yollarının axtarıldığı bir məkandır və Azərbaycan paytaxtından dünyaya yalnız sülh və əminamanlıq mesajları göndərilir:

"Bu gün dünyada və regionda baş verən olduqca mürəkkəb proseslər kontekstində Azərbaycanın belə tədbirlərə ev sahibliyi etməsi xüsusi məna və əhəmiyyət kəsb edir. Azərbaycan bu ilin birinci rübü ərzində də ənənəvi və çevik, çoxvektorlu, balanslaşdırılmış və hücum taktikasına söykənən xarici siyasət kursunu davam etdirib və Azərbaycanın mövqeyi dünyada daha çox eşidilməyə başlanıb. Eyni zamanda, Azərbaycanı müdafiə edən dövlətlərin və ölkəmizin dostlarının sayı da artıb".

Ceyhun ABASOV

 





12.04.2017    çap et  çap et