525.Az

Sənədli nəsrimizə töhfə


 

MUSTAFA ÇƏMƏNLİNİN "FRED ASİF" VƏ "MÜBARİZ" ADLI SƏNƏDLİ POVESTLƏRİ ƏSASINDA

Sənədli nəsrimizə töhfə<b style="color:red"></b>

Müasir ədəbi prosesdə real faktlardan istifadə geniş vüsət almışdır və yeni əsər yaranmasında impuls xarakteri daşıyır. Faktlardan istifadə tarixi hadisələrin daha yaxından hiss edilib dərk edilməsinə kömək edir.

Bədii ədəbiyyatın bir növü kimi XIX əsrin ortalarından etibarən yaranmağa başlayan sənədli nəsr cəmiyyətin ictimai və siyasi həyatında baş verən tarixi hadisələri, mövcud problemləri real faktlara istinadən əks etdirir. Sənədli nəsrin inkişafı, hüdudlarının genişlənməsi bədii ədəbiyyat ənənələrini zənginləşdirir. Zaman və tarix haqda müşahidə və analiz yolu ilə əldə olunmuş nəticələrin bədii ədəbiyyatda əks olunması yeni nəsil üçün həmin dövrü tarixilik və müasirlik baxımından daha dərindən anlamasına kömək edir. Buna görə də səciyyəvi sənəd, fakt, xroniki ardıcıllıq hamı tərəfindən qəbul edilmiş düşüncəni, fikri detallarla aydınlaşdırma gücünə malik olmalıdır. Bədii nəsrdə istifadəsi çətin mövzular öz yerini təhkiyə üsulu vasitəsilə sənədli nəsrdə tapır. Bu tip mövzular gələcəkdə bədii nəsr üçün  mənbə qaynağı sayıla bilər.

Sənədli nəsr bədiiliyinə görə bədii nəsrə, reallıq və üslub tərzinə görə isə publisistikaya bənzəyir. Bəs onda sənədli nəsri bədii nəsrdən və publisistikadan necə fərqləndirmək olar? Bədii nəsrdə yazıçı təxəyyülünün nəticəsi olan, zaman və cəmiyyəti özündə birləşdirən obrazlara müraciət edir. Qəhrəmanlarını da, azad surətdə, onu cəlb edən zamana və məkana, məqsədini açıqlaya biləcəyi hadisələrin mərkəzinə atma ixtiyarına malikdir. Lakin sənədli nəsrdə yazıçı təsvir etmək istədiyi şəxsiyyət və hadisələrlə bağlı real faktlardan kənara çıxa bilməz.

Sənədli nəsrin inkişafına töhfələr verən Mustafa Çəmənlinin "Fred Asif" və "Mübariz" povestləri Qarabağ müharibəsinə həsr olunmuşdur. Yazıçı real şəxsiyyətləri və hadisələri dəqiqliklə verməyə çalışmışdır. Onun obrazların xarakterini açmaq üçün istifadə etdiyi faktlar, məkan, zaman və təbiətin dolğun təsviri əsərlərinin bədiiliyini gücləndirir. "Uydurulmayan" nəsrin nümunələri olan "Fred Asif" və "Mübariz" müəyyən dövrlərin tarixi hadisə və şəxsiyyətlərini polifonik müzakirəyə cəlb edir.

M.Çəmənli "Fred Asif" adlı sənədli əsərini Ağdamda - İmarətin - Qarabağ xanlarının ailəvi sərdabələrinin yaxınlığında, Yusif kişinin evində böyüyən on bir övladından biri olan Asif Məhərrəmovun şücaət dolu həyatına həsr etmişdir. Asif üçün uşaqlıqdan mənlik və şərəf, onu qorumaq ən dəyərli xüsusiyyətlərdən idi. Gələcəyin ona gətirəcəyi töhfələri səbirsizliklə gözlədiyi bir zaman o, "üst-üstə çinlənmiş 25-likləri", "dayı"sının olmaması səbəbilə, kənd ağsaqqallarının yoluna qoya biləcəkləri uşaq davasını (özgəsinin haqqını müdafiə etmişdi) cinayət, "xuliqanlıq" adlandırıb 2 il azadlıqdan məhrum edilir. Bu, yalnız Asifin başına gəlmiş bir bəla deyildi. Müəllif bu faktı göstərməklə məhkəmə işçilərinin, ümumiyyətlə, vəzifə adamlarının səlahiyyətlərindən sui-istifadələrini ön plana gətirir. Pul üçün insanlıqlarını satan mənsəb sahiblərinin insan taleyilə oynamalarını tənqid edir. Təmizlik, saflıq dövrü kimi xalqın beyninə yeridilməyə çalışılsa da, sovet hakimiyyətinin də bu cür "günahlar"la hökm sürdüyünü, insan faktorunun nəzərə alınmamasını müəllif kiçik epizodlar vasitəsilə oxucuya çatdırmağa çalışır.

"Fred Asif" əsərində təhkiyənin məkanı genişdir. Burada sosial həyat, sosial ədalət, insanın qəlbindəki həqiqətlər, insan problemi ön plana gətirilir.

M.Çəmənli iki dəfə "türemşik" adı qazanmış  "bəxti yeyin" cavanın, düşdüyü çətin və gərgin situasiyalarda əxlaqi keyfiyyətlərini itirmədiyini, mənən güclü olduğunu göstərir.

Həqiqətən də, insanın əsl gücü imkanların sona çatdığı məqamlarda üzə çıxır. Yazıçı əsərdə müharibənin insan qəlbinə necə təsir etməsini bədii təsvirin mərkəzinə çəkir. Müharibə insanın içində olan pislikləri üzə çıxmağa şərait yaradan faktor kimi səciyyələndirilir.  Lakin zülm və itkilərin şahidi Asif insanlığını unutmur və intiqam hissi iləyanıb qana-qan deyən əsgərləri sakitləşdirməyə çalışırdı:

- "Biz ən ağır dəqiqələrdə alicənablığımızı, nəcibliyimizi unutmamalıyıq. İnsanın diri-diri başını kəsmək bizim dinimizdə, adətimizdə yoxdu. Allaha ağır gedər". 

Əsəri oxuyanda görürük ki, Fred Asif vətənpərvər olsa da, milliyyətçi, şovinist, qəddar deyildir. O, ermənilərin böyükdən-kiçiyə namərd olduğuna, insan xislətindən çıxdıqlarına inanmırdı. İşgəncə, faciə törətmiş xalqa qarşı belə törədilə biləcək qəddarlıq və işgəncənin əleyhinə idi. Fred Asifin özünəməxsus insanlıq kodeksi var idi. Hər döyüşdən öncə yoldaşlarına xatırladırdı: "Eşidəm-biləm, əsir düşmüş bir adama işgəncə vermisiniz, incitmisiniz, gözümə görünməyin. İllah da yaşı altmışı keçən qocaya, qadına. Bu yaşda olan bu gündən sonra nə övlad doğasıdı, nə əkəsi. Onsuz da Allah tərəfindən onun ömrü üzülüb, amma qoy, sənin əlinlə üzülməsin. Biz döyüşçüyə qarşı döyüşürük".

İnsan qəlbini açan, silahdan daha güclü təsirə malik bu cür psixoloji detallar  qəhrəmanın - Fred Asifin mənəvi yüksəlişini, gücünü daha da inandırıcı edir.

Fred Asif siyasəti məqsədli, təmənnalı adlandırır. Bu fikirlə bağlı müəllifin Fred Asifə haqq qazandırdığını hiss etmək mümkündür. Doğrudan da, təmənna olan yerdə haqq-ədalətdən danışmaq olmaz. Dünənə kimi Azərbaycan kişisinin bir sözü bir imzaya bərabər idisə, bu gün artıq öz məqsədləri, təmənnaları uğrunda bir qisim insanın siyasət adı altında manevrbazlıq etməsi, milli mənafenin unudulması yazıçının qələmindən yan keçmir.

Müharibə Fred Asifin sərkərdəlik qabiliyyətini, sabahı görmə fəhmini üzə çıxarır. Döyüş strategiyası, əsgərlərlə ədalətli davranışı ona etibar və etimad qazandırır. Asifə görə müharibədə insan sərt olmalı, hər cür itkiyə, doğma qardaşı belə olsa, hazır olmalıdır. Burada yazıçı döyüş etikasını təqdim edir. Lakin Xocalıya köməyə gedərkən əzab və ölümdən, təcavüzdən xilas edə bilmədikləri qız-gəlinlərin, uşaqların halı Fred Asifi sarsıdır. Mustafa Çəmənli bu iztirablar vasitəsilə qəhrəmanının mənəvi keyfiyyətlərinin açılmasına xüsusi diqqət yetirir. Ona görə vətənə, xalqa bağlılıq, adət-ənənələrə verilən qiymət, təbiətə yaxınlıq, onu duymaq, milli musiqi və poeziyaya münasibət qəhrəmanda milli düşüncə tərzini formalaşdıran vasitəyə çevrilir. Fred Asif yenilikləri qəbul etsə belə, tərbiyə olunduğu, alışdığı "patriarxal həyat" (Patriarxal həyat "milli yaşayış"ın əsl atributu kimi qavranılır) tərzini sürür. Bir tərəfdən xeyirxah, saf, vicdanlı, digər tərəfdən isə çılğın, sərt olan Asifin xarakterindəki ziddiyyətlər sevdiyi qadınla münasibətində də özünü göstərir. Müstəqil, azad, "ayağı üstündə durmağı" bacara biləcək qadın mühafizəkar düşüncə tərzindən xilas ola bilməyən Asif üçün qəbuledilməzdir. Onun aləmində qadın, müti şəkildə, övladı və evi ilə məşğul olmalıdır. M.Çəmənli bu yanaşmanın onu tənhalığa, peşmançılığa yuvarladığını incə psixoloji detallarla qələmə ala bilmişdir.

Müəllif Asifin dili ilə köçkünləri qınayanların şübhəsini dağıtmaq üçün müharibənin çətinliyini, əzabını, mümkünsüzlüyünü faktlarla göstərir. Xalqı, vətəni uğrunda canından keçən, ölməzlik zirvəsinə ucalan qəhrəmanın həyəcan, ölüm qorxusu, qadağalar, itkilərlə dolu qəddar döyüşlərini səciyyəvi cizgilərlə təsvir etməyi bacarır. Təsvirlər o qədər canlıdır ki, insan özünü həmin proseslərin iştirakçısı kimi hiss edir, həyəcanlanır. Hadisələrin bu qədər real təsviri müəllifin həmin döyüşlərdə iştirakı təəssüratını yaradır.

Dustaqlıq, səngər həyatı, qəlbini didən düşüncələr, itkilər onun həyata bağlana bilməməyinin səbəbi kimi təqdim olunur. Tanrının verdiyi nemətlərdən istifadə etmədiyinə görə cəzalanaraq tək qalan Asifin son günləri sarsıntı və tənhalıqla doludur. Dostuna dediyi "Anama de, ağlamasın... Mən səhrada bitmiş tənha çiçəyəm" ifadəsi onun ruhunun ümidsiz tənhalığın əksidir, qəhrəmanın düşüncə tərzi haqqında müəyyən təsəvvür yaradır.

Müəllif Milli qəhrəman Asif  Məhərrəmovun xarakterini, həyat yolunu çox diqqətlə izləyir, döyüş yoldaşlarının, dostlarının, ailəsinin dediklərinə istinadən "Fred Asif" adlı sənədli əsərinin qəhrəmanının mənəvi portretini cızır. Allahsız, imansız, tərifbaz, vəzifə düşgünü, yaltaq, ikiüzlü insanlara qarşı olan Asifi haqq elçisi, düzlük carçısı, mərdlik simvolu kimi təqdim etməyə çalışır və əsasən buna nail olur.

Ümumilikdə, əsər sənədli nəsrin bütün qanunlarını özündə əks etdirir. "Fred Asif" povesti sənədlər, şəkillər, fonoqrammalar (səs yazıları), şahid qeydləri, təəssüratlar, araşdırmalar, təhlillər nəticəsində araya-ərsəyə gəlir. Əsərdə təqdim olunan şəkillər və statistik məlumatlar gələcək üçün əvəzolunmaz tarixi mənbədir.

Yazıçının Qarabağ müharibəsi mövzusunda yazdığı ikinci sənədli əsəri "Mübariz" povestidir. Bu povest öz üslubuna, bədii xüsusiyyətlərinə görə "Fred Asif"dən fərqlənir. Əsərdə Mübarizin Azərbaycanı ayağa qaldıran, bütün dünyanı silkələyən şücaətindən bəhs olunur. Əsərin faktlar, şəkillər, şahid qeydləri əsasında yazılması onun tarixi dəyərini artırır. Mübarizin planları haqqında rəsmi sənəd, gündəlik, əli ilə yazılan bir parça kağız belə olmadığından yazıçı burda daha çox eyhamlar dolu ata-oğul arasında söhbətlər, epizodik şahid qeydləri əsasında alınmış məntiqi nəticə sənətkar təxəyyülünə istinadən dolğunlaşır, bunun da nəticəsində əsərdə bədiilik ön plana keçir.

Vətənə sevgi, bayrağa hörmət, xalqa, ailəyə sədaqət hissi ilə böyüyən, imam övladını qorumaq üçün "geyin, gəl" deyib oğlunu fəda edən yel ocağının yetirməsi  Mübarizin qəlbində yanan alov uşaqlıqdan ailəsinin, müəllimlərinin diqqətini cəlb edir. M.Çəmənli onun vətənpərvər yetişməsinin səbəbini atası Ağakərimdə, sədaqət və inam dolu genlərində görür və bunu "ot kökü üstə bitər" deyə vurğulayır. Uşaq, yeniyetmə, gənc Mübarizin bir sevgisi var - Vətən sevgisi. Mübarizin görmədiyi, lakin qarış-qarış gəzmək istədiyi torpaqda at çapmaq, məşhur İsa bulağından su içmək, Azərbaycan bayrağını qaldırmaq, düşmənin cəzasını vermək kimi xəyalları yüksək bədiiliklə təsvir edilir. Mübarizin keçirdiyi narahatlıq və qorxusunun dolğun və canlı təqdimatı əsəri oxunaqlı edir. Mübariz şəxsi istəklərdən imtina edə biləcək qədər güclü fenomendir. İnsan-əsgər-qəhrəman vəhdəti bu obrazın əsas aparıcı xəttidir. Mübarizin qisas hissi o qədər güclüdür ki, ailə, həyat eşqi, əmrə itaətsizlik, geriyə sağ qayıtmamaq kimi manelər onu dayandıra bilmir. Əsərdə Mübarizin şücaəti düşmənin özünün olmayan torpaq uğrunda apardığı ədalətsiz müharibədə "haqlı və qalib" təsəvvürünə bir zərbə kimi təqdim olunur. Mübariz acizlik və əlacsızlığı yox, mübarizə, qəhrəmanlıq yolunu seçir. O, işığa, haqqın, ədalətin bərpasına tələsir. Öz fövqəladə qəhrəmanlığı ilə xalqa hələ də cəsarətin, mərdliyin, igidliyin ölmədiyini göstərir, özü kimi gəncləri şərəf və ləyaqətləri uğrunda fədakarlığa ruhlandırır. Sanki gənc nəsilə "silaha sarıl", "vətəni xilas et" əmrini, mesajını verir.  O, yaşamaq haqqından imtina edib "ölməzliyi" seçir və müasir gəncliyin cəsarət və qəhrəmanlıq simvoluna çevrilərək mümkünsüzlüyün mümkünlüyünü sübut edir. Mübariz etdiklərinə görə heç bir mükafat gözləmir, sadəcə əqidəsinə, amalına sədaqətini nümayiş etdirir.

Əsərdə insan duyğularını riqqətə gətirən epizodlar vasitəsilə müəllif qəhrəmanına sevgisini, mərhəmətini  əks etdirməyə çalışır və əsər boyu bu hiss olunur. Eyni zamanda, o, qəhrəmanı vasitəsilə ilə insan gücünün, iradəsinin hüdudsuzluğunu diqqətə çatdırır. Qəhrəmanın əhvali-ruhiyyəsinə uyğun təbiət təsvirlərinin verilməsi əsərin təsir gücünü artırır.

Epitet, metafora, atalar sözü və frazeologizmlərdən istifadə onun dilini daha da gözəlləşdirir, hadisələrə fərqli bədiilik və emosionallıq qatır.

M. Çəmənli sənədli əsərləri ilə xalqda azadlıq ruhunu gücləndirməyə çalışır. O, millətini keçmiş və bugünkü, yad və daxili düşmənlərə qarşı birləşməyə, mətin olmağa səsləyir. Xalqını sevən, onu azad, dövlətini tarixi sərhədlərinə qədər bütöv görmək istəyən yazıçı bu hissin hər bir azərbaycanlı vətəndaşının ruhuna hopmasını arzulayır.

Mustafa Çəmənlinin təhlilə cəlb etdiyimiz povestləri onu göstərir ki, sənədli nəsrin özünəməxsus qanunauyğunluqları vardır və yaradıcılıq prosesində bunları mütləq nəzərə almaq lazımdır. Bugünümüzün hadisələrini sənədlər əsasında əks etdirən əsərin bir neçə il sonra mötəbər tarixi qaynağa çevriləcəyi də nəzərə alınası faktdır.

Aynurə BABAYEVA
Sumqayıt Dövlət Universitetinin doktorantı

 





13.04.2017    çap et  çap et