525.Az

Müasir fortepiano musiqisi ilə bağlı konsert-seminar


 

Müasir fortepiano musiqisi ilə bağlı konsert-seminar <b style="color:red"></b>

Aprelin 11-də Bakı Xoreoqrafiya Akademiyasında Musiqi fənləri kafedrasının təşkilatçılığı ilə "Azərbaycanın müasir fortepiano musiqisi: yaradıcılıq və ifaçılıq xüsusiyyətləri. Bəstəkar Eldar Dadaşovun əsərlərindən ibarət konsert-seminar" keçirilib.

Tədbirdə Bakı Xoreoqrafiya Akademiyasının rəhbərliyi, Akademiyanın və digər sənət ali təhsil müəssisələrinin professor-müəllim və tələbə heyəti nümayəndələri, tanınmış ustad sənətkarlar və pedaqoqlar iştirak edib.

Bakı Xoreoqrafiya Akademiyasının Musiqi fənləri kafedrasının müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Nailə Rəhimbəyli kafedranın tarixi və fəaliyyəti haqqında qısa məlumat verərək, kafedrada çalışan müəllimlərin elm və sənət sahəsində uğurlarından söz açıb. N.Rəhimbəyli qeyd edib ki, rektor Timuçin Əfəndiyevin rəhbərliyi ilə fəaliyyət göstərən və dinamik inkişaf edən Bakı Xoreoqrafiya Akademiyasında Musiqi fənləri kafedrasının özəlliyi ondadır ki, buraya təcrübəli və peşəkar musiqiçilər, musiqişünaslar və bəstəkarlar cəlb olunub: "Nəzərə alsaq ki, xoreoqrafiya sintetik incəsənət növü kimi musiqisiz təsəvvür edilə bilməz, kafedranın professor-müəllim heyətinin üzərinə böyük məsuliyyət düşür".

Daha sonra professor N. Rəhimbəyli tədbirin əsas qəhrəmanı olan Bakı Xoreoqrafiya Akademiyasının Musiqi fənləri kafedrasının dosenti, əməkdar mədəniyyət işçisi, bəstəkar-pianoçu Eldar Dadaşovun həyat və yaradıcılığına nəzər salıb. Qeyd edib ki, Azərbaycanda professional musiqinin və professional bəstəkarlıq məktəbinin banisi Üzeyir bəy Hacıbəylinin ənənələrini qoruyub saxlayan və nəsildən-nəslə ötürən nəhəng bəstəkarlardan bəhrələnərək, görkəmli bəstəkarımız Cövdət Hacıyevin tələbəsi olan Eldar Dadaşovun yaradıcılığı janr və üslub baxımında həm rəngarəng, eyni zamanda da zəngindir.

Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru Sərdar Fərəcov Eldar Dadaşovla bağlı xatirələrini bölüşüb və onun müasir bəstəkarlıq məktəbinin layiqli nümayəndələrindən biri olduğunu qeyd edib.

Tədbir Bakı Xoreoqrafiya Akademiyasının Tam orta məktəbin şagirdləri, bakalavr və magistr tələbələrinin ifasında bəstəkar-pianoçu Eldar Dadaşovun əsərlərindən ibarət konsert proqramı ilə sona çatıb.

ŞAHANƏ

 





13.04.2017    çap et  çap et