525.Az

“Döyüş gündəliyi-Talış” sənədli filmi Moskvada - Foto


 

“Döyüş gündəliyi-Talış” sənədli filmi Moskvada - <b style="color:red">Foto</b>

Aprelin 11-də Moskvada hərbi blogger Tofik Şahmuradovun 2016-cı ildə baş vermiş Aprel döyüşlərinə həsr olunmuş “Döyüş gündəliyi-Talış” adlı sənədli filminin təqdimatı keçirildi.

Qarabağ savaşında şəhid olmuş əsgərlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan təqdimat mərasimini jurnalist Anar Həsənov açdı: “Qarabağ müharibəsi tarixində şanlı dönüş nöqtəsi olan Aprel savaşı həm də içimizdə yenidən doğan bir ümid oldu. Hərbi vətənpərvərlik ruhumuzun oyanmasına təkan verən 4 günlük müharibədəki qələbəmizin orada yaralalan və şəhid olan Milli ordumuzun əsgərlərinin qanı-canı bahasına əldə edildiyini hər birimiz unutmamalıyıq”.

Sonra “Döyüş gündəliyi-Talış” filminə baxış oldu. 25 illik Qarabağ savaşının dönüş nöqtəsi olan Aprel döyüşlərində geri alınan ərazilərimizin həvəskar fotoobyektivindən görüntülənən kadrlarını salona yığışan Moskva Azərbaycan icmasının nümayəndələri gözyaşı və sevincqarışıq qürur hissi ilə izlədilər.

Filmin yaradıcı heyətini - blogger Tofiq Şahmuradovu, hərbi məsləhətçiləri Abuzər Əbilov və Nazim Bayramı səhnəyə dəvət edildilər. Tofiq Şahmuradov əvvəl bu sənədli materialın professional jurnalist və operator imzasından çıxmadığını qeyd edərək, onun bir həvəskar çəkilişi olduğunun nəzərə alınmasını söylədi. “Əslən Ağdam rayonundanam, orada əcdadlarımın, döyüşlərdə iştirak etmiş və sonradan həyatını dəyişmiş dayımın qəbri qalıb. Niyə mən gedib doğma torpağımı, əcdadlarımın qəbirlərini ziyarət edə bilmirəm?! Bu acı, bu yanğı məni vadar edib bu yola çıxım”.

T.Şahmuradov filmin çəkilməsində ona bu şəraiti yaradan Azərbaycanın müdafiə naziri Zakir Həsənova təşəkkür etdi. “Döyüş gündəliyi-Talış” səndəli filminin Moskvada vərəqlənən hər bir səhifəsi bir çox suallara cavab tapmaq fürsəti də yaratmışdı. Aprel döyüşləri bizə nə qazandırdı - sualına isə hərbi zabit Nazim Bayram çıxışında cavab vermiş oldu. - “Aprel döyüşləri Ermənistan ordusu məğlubedilməzdir”-mifini darmadağın etdi. ODKB (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) üzvü olan dövlətlərin Qarabağ münaqişəsində Ermənistanın yanında olmadığını ortaya qoydu, ən başlıcası bu xalqın döyüşən ruhu və əsgərindən başqa gözünüqırpmadan torpaqlarının azadlığı üçün savaşa getmək istəyən böyük könüllülər ordusu olduğunu, Ali Baş komandanın əmrinə müntəzir dayandıqlarını ortaya çıxartdı”.

Nazim Bayram bununla bərabər hərbi uğurumuzu siyasi uğura çevirə bilmədiyimiz acı reallığını da qeyd etməkdən çəkinmədi. Abuzər Əbilov Aprel döyüşlərini əslində Qarabağ müharibəsinin “baş məşqi” kimi dəyərləndirdi. “25 illik sükutdan sonra əsgərlərimiz Ermənistan işğalçılarına bir gecədə keçdikləri yol ilə nəyə qadir olduğumuzu göstərdi və onlar arasında çaxnaşma saldı”. Tədbirdə çıxış edən xeyriyyəçi Hacı Mirəşrəf Fətiyev, jurnalist Cəfərsadıq Abbasov, şair Həsib Nəbioğlu və digərləri öz növbəsində yaradıcı heyətə minnətdarlıqlarını bildirdilər.

Tünzalə Vəliqızı




 





13.04.2017    çap et  çap et