525.Az

"Azərbaycanda ədəbi tənqid ürəkaçan səviyyədə deyil"


 

GÜNEYLİ ŞAİR ÇALĞIN MƏHƏMMƏDİN FİKRİNCƏ, YENİ ƏDƏBİYYATIMIZ ÖZ KÖKLƏRİ ÜZƏRİNDƏ YARANMALI, KLASSİK İRSƏ SÖYKƏNMƏLİDİR

"Azərbaycanda ədəbi tənqid ürəkaçan səviyyədə deyil"<b style="color:red"></b>

Təbrizli şair, tanınmış ədəbiyyatçı Çalğın Məhəmmədin bu yaxınlarda Bakıda kitabı çap ediləcək.

Bununla əlaqədar bir neçə gün əvvəl Bakıda qonaq olan şair, bizimlə söhbətində Təbriz ədəbi mühitindən, Güney Azərbaycanda gedən ədəbi prosesdən söz açdı:

"Əslində, o tayda və bu tayda yaradılan bütöv bir Azərbaycan ədəbiyyatı var. Dünya ədəbiyyatının qarşısına çıxaracağımız layiqli əsərlər var. Əsasən də poeziyada. O tayda bu tayın ədəbiyyatı çox geniş və dərindən oxunur, öyrənilir. Buradakı tanınmış şairlərin kitablarının tirajı güneydə daha çoxdur, nəinki burada. Nəsrdə Anarın, şeirdə Ramiz Rövşənin, Məmməd İsmayılın, Şahmar Əkbərzadənin, Səlim Babullaoğlunun yaradıcılığına orada yaxşı tanıyırlar, çox oxuyurlar. Anarın "Göz muncuğu" əsəri mənim iştirakımla farscaya tərcümə olunub, çap edilib və maraqla qarşılanıb".

Şair, Azərbaycanda poeziyanın, tənqidin hazırkı durumu haqqında da fikirlər səsləndirdi:

"Azərbaycan ədəbiyyatının Qərbi yamsılamasına ehtiyac yoxdur. Çünki bizim bədii söz sahəsində zəngin klassik irsimiz var. Biz Azərbaycan ədəbiyyatını dünyaya tanıtmaq üçün məhz bu irsimizə söykənməliyik".

Gənclərin ədəbi fəaliyyətini izlədiyini deyən Çalğın Məhəmməd xüsusi olaraq bəyənəcəyi, yaradıcılığını tam mənada təqdir edəcəyi yeni imzalar görmədiyini vurğuladı:
 
"Ancaq sərbəst şeirdə yazan bir sıra gənclər var ki, onları digərlərindən fərqləndirirəm. Təssüflə deyirəm ki, indi sərbəst şeir yazdığını iddia edənlərin bir çoxunun yazdıqları həqiqi sərbəst şeir deyil. Biz şeirdən hecanı, vəzni alıb, yerinə harmoniyanı qoymalıyıq. Ancaq nə yazıq ki, çoxlarının heç harmoniyadan xəbərləri belə yoxdur. Bir çoxları heç sərbəst şeirin texnikasını bilmirlər. Biz anlamalıyıq ki, Qərbi kor-koranə yamsılamaqla müasir olmuruq, yüksək ədəbiyyat yaratmırıq. Bizim yeni ədəbiyyatımız öz kökləri üzərində yaranmalıdır. Biz məhz Azərbaycana aid olan ədəbiyyatı müasirləşdirərək ortaya çıxarmalıyıq. Azərbaycanda ədəbi tənqid də ürəkaçan səviyyədə deyil. Tənqidçilər bir əsərə münasibət bildirəndə ya onu həddindən artıq tərifləyirlər, ya da pisləyirlər, əsərin mahiyyəti qalır qıraqda".

Ç.Məhəmməd öz yaradıcılığında məhəllilikdən uzaqlaşmağa, şeirlərində ümumbəşəri ideya və mövzulara söykənməyə çalışdığını qeyd etdi.

Şahanə MÜŞFİQ

 





13.04.2017    çap et  çap et