525.Az

Molla Pənah Vaqif haqqında kitab və elektron baza təqdim edildi - Fotolar


 

Molla Pənah Vaqif haqqında kitab və elektron baza təqdim edildi - <b style="color:red">Fotolar</b>

Aprelin 13-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında "Molla Pənah Vaqif" kitabının və kitabxana tərəfindən hazırlanmış elektron məlumat bazasının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi, Türk Mədəniyyəti və İrsi Fondunun Milli Kitabxana ilə birgə nəşr etdiyi kitabın müəllifi Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar Elm Xadimi Nizami Cəfərovdur. Yeni nəşr "Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında" Prezident İlham Əliyevin müvafiq Sərəncamı əsasında hazırlanıb.

Tədbirdə Milli Kitabxananın direktoru Kərim Tahirov çıxış edərək görkəmli Azərbaycan şairi M.P.Vaqifin zəngin yaradıcılığından söz açıb. Bildirilib ki, böyük şairin yaradıcılığı ölkəmizlə yanaşı, bir sıra türkdilli dövlətlərdə də tədqiq edilir. 2017-ci ilin TÜRKSOY tərəfindən "Molla Pənah Vaqif ili" elan olunduğunu qeyd edən K.Tahirov "Molla Pənah Vaqif ili"nin açılış mərasimlərinin Türkiyənin Ankara və Sakarya şəhərlərində keçirildiyini söyləyib.

Yubiley tədbirlərinin türkdilli ölkələrdə də qeyd edildiyini deyən K.Tahirovun sözlərinə görə, bütün bunlar Azərbaycan ədəbiyyatı tarixində qüdrətli söz ustası kimi tanınan şairin yaradıcılığındakı humanist dəyərlərə verilən qiymətin təzahürüdür. O, şairin həyatını və yaradıcılığını daha müfəssəl anlamaq üçün sözügedən kitabın oxuculara yardımçı olacağını vurğulayıb.

Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək böyük söz ustasının yaradıcılığından danışıb. Şairin şeriyyətinin, ümumilikdə ədəbi irsinin böyük mənada tədqiq olduğunu diqqətə çatdıran nazir müavini vurğulayıb ki, yeni nəşrin ərsəyə gəlməsi ölkə başçısının söz adamlarına, bütövlükdə ədəbiyyatımıza diqqətinin göstəricisidir.

"Molla Pənah Vaqif" kitabının gənc nəsil, xüsusən də şairin yaradıcılığı ilə yaxından tanış olmaq istəyən hər kəs üçün əhəmiyyətli olacağını söyləyən nazir müavini bildirib ki, M.P.Vaqif yaradıcılığında baş vermiş bütün hadisələrə real gözlə baxılır.

Qeyd olunub ki, şairin klassik bədii fikir salnaməmizin parlaq səhifələrindən birini təşkil edən irsi müasir dövrdə də insanların əxlaqi-mənəvi kamilləşməsinə xidmət edir. Azərbaycan tarixinə siyasi xadim kimi daxil olan Vaqif, hər zaman taleyüklü məsələlərin həllində müdriklik və uzaqgörənlik nümayiş etdirib.

Kitabın ərsəyə gəlməsində zəhməti olan hər kəsə təşəkkür edən V.Əliyev belə nəşrlərin vacibliyini vurğulayıb.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva bildirib ki, Vaqif yaradıcılığı daim tədqiqat obyektinə çevrilərək, əsərləri kütləvi tirajla nəşr edilib. Qeyd olunub ki, Vaqif irsinin azərbaycançılıq məfkurəsi işığında daha dərindən araşdırılıb öyrənilməsi bu gün də aktuallığını qoruyan və həllini gözləyən mühüm məsələlərdəndir. "Çünki Vaqif yaradıcılığı Azərbaycan poeziyasında yeni bir mərhələnin başlanğıcıdır". G. Əfəndiyeva qeyd edib ki, hələ 1982-ci il yanvarın 14-də ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və iştirakı ilə Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa şəhərində şairin məzarı üzərində ucaldılmış əzəmətli məqbərəsinin açılışı olub. Bu ənənənin Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini söyləyən natiq "Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında" müvafiq Sərəncamın bu qəbildən olduğunu deyib.

Diqqətə çatdırılıb ki, bununla bağlı ölkəmizlə yanaşı, bütün türkdilli ölkələrdə tədbirlər keçirilir, UNESCO da bunu öz proqram siyahısına daxil edib.

TÜRKSOY-un Baş katibi Düsen Kaseinov "Vaqif ili" çərçivəsində türkdilli ölkələrdə və TÜRKSOY-da keçiriləcək tədbirlərdən, rəhbəri olduğu qurumun dəstəyi ilə çap olunacaq "Molla Pənah Vaqifin 9 şeiri" kitabında şairin şeirlərinin türk xalqının dillərinə tərcümə olunaraq çap ediləcəyindən danışıb.

Akademik Teymur Kərimli, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, ədəbiyyatşünas Rüstəm Kamal, filologiya elmləri doktoru Məmməd Əliyev, professorlar Buludxan Xəlilov,

Qəzənfər Paşayev, Şirindil Alışanlı və başqaları M.P.Vaqif haqqında çıxış edib, kitabın məziyyətlərindən söz açıblar.

Milli Kitabxananın şöbə müdiri Rübabə Səfərova tərəfindən təqdim olunan "Molla Pənah Vaqif " adlı Elektron məlumat bazası tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Müəllif Nizami Cəfərov söz alaraq tədbirdə iştirak və çıxış edən hər kəsə təşəkkürünü bildirib, nəşrin məzmunu barədə məlumat verib. Sonda qonaqlar "Molla Pənah Vaqif -300" adlı kitab sərgisinə baxıblar.

 





14.04.2017    çap et  çap et