525.Az

Qarda bir cüt iz açmaq yanğısı - Fotolar


 

XİZƏK - BAŞIMDA SEVDA, AYAĞIMA BƏLA KİMİ

Qarda bir cüt iz açmaq yanğısı - <b style="color:red">Fotolar</b>

Neçə vaxtdır, ayağımı sındırıb, hər mənada, “asılı” vəziyyətdə qaldığımdan, internetə davamlı baş vura, könlümün istəyincə oxuyub-yaza bilmirəm.Mətni başdansovdu, atüstü oxumaqsa məni heç razı salmır.

Oxuduğum, gözdən keçirdiyim, böyüklü-kiçikli, nə yazı varsa, gərək, yeri gəldikcə,işarələr, qeydlər qoyam sözün, cümlənin, misranın qırağına. Bu işarələr, qeydlər müəlliflə aramdakı təmas nöqtələridir. Oxuyub belə qeydlər etməyə ehtiyac yaranmırsa, bu,mütaliə deyil, dərin təəssüfümə, məyusluğuma səbəb olan itkimdir - vaxt itkisi. Əksinə, təmas nöqtəsi çox olan mətnlər də, müəlliflər də sanki neçə illik tanışlarım, dostlarım, mənəvi yaxınlarımdır. Mənim oxu prosesim üçün feysbuk ən yaxşı məkan, ən əlverişli müstəvidi.

Hərdən, ruhuma qida kimi gələcək həzin bir yazıya, yaxud şeirə, lirik bir musiqiyə, munis səslərə ehtiyacım olur:hətta qatar çarxlarının çaqqıltısından tutmuş, köhnə dəyirman çax-çaxınaqədər, eşitmək, dinləmək keçir könlümdən! Yenə də internet, sosial şəbəkə var olsun - tapıb dinləməyi, arzuladığını oxumağı barmaq ucu qədər yaxınlaşdırır, su içimincə asanlaşdırır.Ümumiyyətlə, ədəbiyyatsız, musiqisiz yaşamaq sevgisizlik kimidir məndən ötrü: insanı boşluğa, mənasızlığa, natamamlığa məhkum edir...

lll

“Asılılığ”ımın davam etdiyi bu baharın ilk günündə telefonla bayramlaşdığım cavan dostum - “525-ci qəzet”in redaktoru Seyfəddin Hüseynli, nəsə duyubmuş kimi, “nə var-nə yox” arasında qeyri-ixtiyari dilimdən qopardığı “Ayağım sınıb... Şahdağda... Xizək sürəndə... “ xəbərinə özünəməxsus tərzdə reaksiya verir. Səmimi bir qayğıkeşliklə: “Keçmiş olsun! İnşallah, tez sağalın” - deyəndən sonra söhbətimizi “peşəkar məcra”ya yönəldir.

- Bu yaşda sizi xizəkçiliyə həvəsləndirən, o dağlara çəkib ekstremal hallara sövq edən nə duyğudur belə? Bu təhlükəli əyləncədən nə cür zövq alırsız? Xizək sürmək, qarda-buzda dağaşağı sürüşmək necə bir hissdir? Çox maraqlı məqamlardı bunlar. Bəlkə bunu yazasınız?! İnanıram ki, çox maraqlı bir yazı çıxar bundan...

Daha bir neçə həvəsləndirici cümlədən sonra hiss edirəm ki, özümü də maraq bürüyür. Deyilənləri həm də bir redaktor tapşırığı kimi qavradığım üçün, telefon söhbətimiz bitər-bitməz, ovqatım, düşüncələrim bu yazıya köklənir...

lll

Yeni yaranmaqda olan sosial gerçəkliklər, həyat tərzimizdəki qaçılmaz dəyişikliklər hər addımımıza öz təsirini göstərir, məişətimizdə izlər qoyur. Bu baxımdan, Şahdağda, Qəbələdə dağ-xizək turizm komplekslərinin yaradılması, insanların bu əyləncə-istirahət növü ilə məşğul olmaları müasir tələblərdən irəli gələn yeni sosial-mədəni göstəricilərdir. Söz düşmüşkən, bir neçə il öncənin maraqlı bir hadisəsini xatırlatmaq istərdim. Bir neçə il əvvəl Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin Soçidəki görüşündən sonra prezidentlərin xizək sürmələrilə bağlı görüntülər yayımlanmışdı. O görüntülərdə İlham Əliyevlə Vladimir Putin, az qala peşəkar xizəkçilər qədər hazırlıqlı, rahat davranırdılar. Sərkisyan bədbəxt isə bir kənarda çaşıb qalmış, miskin görkəmdə büzüşüb durmuşdu. Sifətində həmişəkindən də artıq dərəcədə küt, məğmun ifadə vardı. Bir sözlə, kimin kim olduğunu aşkar göstərən, ibrətamiz görüntülər...

lll

Xizəkçiliklə illərdən bəri müntəzəm məşğul olanlardanam və başıma gələnlərə rəğmən, yəni hazırda ayağım gipsdə, özüm isə”asılı” halda və intensiv qınaq altında (“Sən yaşda adamın nə işi var o qarlı dağlarda?! A kişi, sənin xizək sürən vaxtındı?! Altmışı çoxdan keçmisən e, xəbərin var?!”) qalsam da, idmanın, əyləncənin bu növünə rəğbətim zərrəcə azalmayıb...

Bu mövzuya qayıdacağam, hələliksə, məlumatı olmayanlar üçün,bir neçə cümləlik statistik informasiya: Tikintisinə 2009-cu ilin sentyabrında start verilən və layihə dəyəri 2 milyard avroluq “Şahdağ” Qış-Yay Turizm Kompleksinin inşaat işlərində dünyanın aparıcı şirkətləri iştirak edib. Ümumi ərazisi 2058 hektar olan kompleks, Şahdağ Milli Parkının ərazisində yerləşir, dəniz səviyyəsindən 1300-2351 metr hündürlükdədir. Hazırda dəniz səviyyəsindən1640 metr hündürlükdən başlayan təbii yaylaqlarda qaldırıcı kanatlar, xizək yolları var və mübaliğəsiz demək olar ki, bu kompleks ən müasir texniki avadanlıqlarla, xizəkçilik ləvazimatları ilə təhciz edilib. Bunu ona görə belə əminliklə deyirəm ki, Amerikanın, Kanadanın olimpiya dağ-xizək komplekslərində də, Rusiyanın Soçisində,Gürcüstanın Bakurianisində də dəfələrlə xizək sürmək imkanım olub və bu qəti qənaətə əyani müqayisə yoluyla gəlmişəm.

İnformasiya məqamı gəlmişkən, bunları da qeyd edim, indi artıq gec olsa da, bəlkə növbəti mövsümdə kimlərinsə işinə yaradı: Şahdağda bir günlük əyləncə, öz maşını ilə gedib qayıdanlar üçün, 66 manata (xizək-26; kanat-25; dəbilqə-8; maşın park etmək-7), Qəbələdə isə 40 manata başa gəlir. Hər iki kompleks paytaxtdan eyni məsafədədir, - 200 km-ə yaxın. Qəbələ kompleksi meşəlikdə, “Şahdağ” açıqlıqda yerləşir. Qiymətləri və təbii şəraiti müqayisə etdikdə Qəbələ sərfəlidir. Amma qarlı-buzlu vaxtlarda Ağsu aşırımını keçib Qəbələyə getmək var! Bunlar belə...

İndi isə Azərbaycandakı dağ-xizək əyləncəsinin - həyatımızın bu yeni reallığının qəza zamanı insanı, yaxşı mənada, təəccübləndirən digər bir tərəfindən söz açım:

Şahdağda qəzaya düşmüş insanın son dərəcə operativ, peşəkar çevikliklə xilas edilib sərt dağ enişindən aşağı düşürülməsi, sığorta şirkətinin nümayəndəsinin ona yaxınlaşıb,dərhal ilkin yardımın və bütün tibbi xidmətlərin göstəriləcəyini söyləməsi, sonrakı müayinə və müalicə üçün təcili yardım briqadası tərəfindən Bakıdakı müvafiq klinikalara (seçim pasientindir) çatdırılacağını, müalicə xərclərinin sığorta şirkəti tərəfindən ödəniləcəyini bildirməsi xoş əhval-ruhiyyə yaradır. O anlarda insan özünü qarlı dağ yamacında deyil, rahatlıq, təmənnasızlıq adası “Asan xidmət”də hiss edir. Məndə də belə oldu. Komp leksin özündəki ən müasir rentgen aparatına saldılar, “dizdən aşağı qoşa sümüklərin açıq qəlpəli sınıqları, yerdəyişməsi, toxumaların zədələnməsi müəyyən edildi”, müvafiq ilkin tədbirlər görüldükdən sonra Bakıya yola salındım. Buna görə, fürsət ikən, “Paşa Sığorta” ASC-yə də, həmin gün Şahdağda növbə çəkən həkim Sərraf Mahmudova da öz təşəkkürlərimi, sayğılarımı ünvanlayıram.

lll

Xizəkçilik sevdamın tarixçəsi yeniyetmə yaşlarımdan başlanır. O illərdə şərikli xizəyim vardı. Mirqadirlə, adama manat yarım pul qoyub, üç manata, rus əsgərlərdən almışdıq. Əlbəttə, böyüklərimizdən gizlin. “Moskovski” araq onda iki manat yetmiş qəpiyə idi. Əsgərlər elə xoşbəxt olmuşdu, biz də belə. Biz deyəndə, bu bir cüt xizək əslində kəndin bütün uşaqlarını xoşbəxt eləmişdi! Ən çox da mənim “ənənəvi cığallıqlarım”sayəsində, Mirqadiri yıxıb - ən azı bir mövsümlüyə - sıradan çıxarmaq da daxil, saysız-hesabsız xizək sərgüzəştləri yaşamışdıq. Qış düşüb qar yağanda, ən azı baharın gəlişinə, Novruz bayramına sevindiyimiz qədər, şadlanırdıq. O vaxt Sovet dövrünün qayğısız, arzularla dolu çağlarıydı, bizsə xizək sürməklə qarlı qışın ləzzətini çıxara bilən yeniyetmələrdik. Xizək sürərkən yıxılmaq qorxusu, zədə almaq narahatlığı məndə heç vaxt olmayıb. Bu məqamda bir “xəbərçilik” etmək istəyirəm: Mən Şahdağda yıxılalı, nə hər bazar bizi yatmağa qoymayan nəvəm Aydının, nə də “komanda üzvləri” olan üç kürəkənimdən hansınınsa dilinə “xizək” sözü gəlmir; elə mısıblar, gəl görəsən...

Hə, xizək sarıdan korluğum olmasa da, yeri gəlmişkən, deyim ki, gözümdə-könlümdə hələ də yeniyetmə kənd uşağının velosiped həsrəti qalıb! İndi uşaqların hərəsi bir tərəfə atılıb qalmış velosipedlərini görəndə fikrimdən keçir ki, kaş, bunlar o vaxt olaydı!...

Yaddaş misilsiz xəzinədir, xüsusən dəhüdudsuz, rəngli, sehrli dünya olan uşaqlıq yaddaşının insan həyatında sonadək böyük rol oynayır. Böyüklər gərək bunu unutmasınlar, uşaqlara münasibətdə elə özlərinin uşaqlıq yaddaşına söykənsinlər.

Heç yadımdan çıxmaz, 60-cı illərdəböyüklərdə belə bir kor inam vardı ki, top-top oynamaq, velosiped sürmək uşağı dərsdən yayındıra bilər. O dövrdəki qıtlıq, kasıblıq da öz yerində: kolxozçu ailələrində, ayda-ildə bir dəfə kəndə gətirilən kino üçün uşağa verməyə 20 qəpik də tapılmırdı bəzən. Çətin vaxtlardı, güzəran ağır idi. Ancaq bunun uşağa nə dəxli var: uşaq hərtərəfli, dolğun həyat yaşamalıdır.

İndi nəvələrimin yan-yana düzülən velosipedlərinə baxanda, istər-istəməz,bəlli müqayisələr keçir beynimdən. O vaxtların 10-12 yaşlı mən Aydını ilə, bu gün həmin yaşda olan nəvəm Aydını tutuşdurub paralellər aparıram, özlüyümdə mizan-tərəzi qururam: “Görəsən, bizi indiyədək yandırıb-yaxan o velosiped təşnəliyi indiki uşaqlarda niyə yoxdur? Təkcə bolluğa, bu səbəbdən çox şey adiləşdiyinə görəmi?” Bəlkə də...

lll

Yıxılarkən ayaqdan çıxmalı olan xizəyin biri çıxmır və yüksək sürət zəmnində, burulan ayaq sümükləri sınıb-parçalanır. Əslində, belə hadisələrin qarşısını almaq üçün,xizəyi çəkiyə və boya uyğun düzgün tənzimləmək barəsində texniki personal arasında zəruri iş aparılmalı, nöqsanlara görə cəza verilməlıdir.

Sürətin yaratdığı sürüşmə dayandıqdan sonra, özüm bir tərəfdə, sınan ayaq başqa tərəfdə düşüb qalırıq. Yanımdakılar xizəyi çıxarır, özüm ayağımı çəkib yönünü birtəhər düzəldir, şalvarın altından dikələn sümüyü əlimlə yerinə sıxıram. Bir az gec gəlib çatan Abbas, çığırıb-zarımadığımı, sakit, toxtaq uzandığımı görüb,iki-üç dəfə soruşur: “Aydın əmi, bəlkə sınmayıb, burxulub?...” Başımı bulayıram...

Motorlu texnikadan qabaq, yuxarıdan enən iki trass nəzarətçisi çatıb, məni arxalarınca sürüdükləri xizək-xərəklə aparmaq istəyirlər. “Qırmızı zolaq”da olduğumuzdan, eniş çox sərtdir; ayaq üstə dayanan adamın əli yerə dirənir, xərəyi çevirmək mümkün olmur. Məni xərəyə tərsinə - başıaşağı yerləşdirib, sürüşdürərək aparırlar. Ağrıkəsici-filan vurulmadan! Qollarımı bədənimə dayaq eləyib birtəhər özümü saxladığımdan, xizəkdən qopub üzümə vuran qar nəfəsimi kəsir. Ağrı dözülməz həddə çatır. Yol isə bitmək bilmir ki bilmir!Cəmi 25-30 dəqiqə çəksə də, dünyanın ən uzun, ən əzablı yoluna dönür! Dişlərimi o qədər qıcayıb, bir-birinə sıxmışam ki, sonralar iki-üç həftə ərzində, yemək o yana qalsın, ağzımı açıb danışanda da çətinlik çəkirdim.

Bu sonsuz yol, bu dəhşətli ağrı mənə uzun zaman öncə çəkdiyim, ancaq yaddaşıma ömürlük həkk olunmuş bir başqa ağrını təkrar yaşatdı...

İbtidai sinifdə oxuyanda “qanacaqlı heyvan”dan yıxılıb qolumu sındırmışdım. Əmim məni o vaxt kəndin yeganə “yüngül minəyi” olan (yük maşını tapılmadı) üçtəkərli əlil maşınıyla -Bəhman əminin “tısbağası”ilə - başqa kəndə, Ərəbyeycəyə, sınıqçı yanına aparmışdı. O vaxtın kənd yollarıyla, zor-güc sığışdığım həmin “tısbağa”da gedəndə sınıq qolumun daha da artan ağrısı indi, Şahdağdan endirilərkən yaddaşımdan dikəlmiş, sanki ordan axıb yenidən canıma dolmuşdu. Hə, mən o uzun, əzablı yol boyunca həmin ağrını təkrar yaşadım!

Yaddaşın qəribəlikləri adamı mat qoyur. İnsan yaddaşında qorunan hansısa hiss, həyəcan, yaşantı ən gözlənilməz məqamda təkrar geri qayıda bilir. Və həmin gün kritik bir məqamda məhz bunun sayəsində Şahdağla Ərəbyeycə yolu qəribə, sirli şəkildə birləşdi.

İyirmi il əvvəl yazdığım yazıda da vermişdim bu duyğunu: “Uşaq vaxtı, xəyalən, “Daşarası”nda iki dağdan nənni asıb yellənərdim... Bir dəfə Moskvada, “Tarzan” deyilən atraksionda çox böyük hündürlükdən - yalnız ayaqlarımdan iplə bağlanmaqla - aşağı tullanarkən ilk təəssüratım, qorxum, ağlıma gələn bu olur:”Vaayyy! “Daşarası”ndan asdığım nənninin ipi qırıldı, uçurumun dibinə gedirəm!!!”

lll

Qayğıkeş bir mühitdə, az əvvəl qeyd elədiyim kimi, ən müasir səviyyədə tibbi yardım alıram, 55 il əvvəlin yaddaşımdan baş qaldıran ağrıları yenidən uyuyur. Ancaq unuda bilmədiyim və israrla aydınlaşdırmaq istədiyim bir məsələ zehnimi işğal edir: “Bəyəm 60-cı illərdə, ağrıkəsici kimi, Allahın novokaini də olmayıb?!Onda məni sınıqçıya aparan əmim özü o dövrün yaxşı feldşeri və kəndin yeganə ziyalısı sayılırdı. Sınıqçının, məni bağırda-bağırda, çəkib qolumu düzəltməsinə dözə bilməyən əmimin, az qalır, ürəyi getsin. Və bütün bunların fonunda, heç kimin ağlına da gəlmir ki, bir ağrıkəsicidən tapıb mənə vuralar. Evə qayıdandan sonra da ağrı, qızdırma içində zarıyan uşağa “can-can”, “anan ölsün”, “əmicanın ölsün” deməkdən, yelpik çəkməkdən başqa bir yardımı toxunan olmur...”

lll

Mən təcili yardımla Bakıya gətirilərkən Şahdağda bir başqa problem yaşanır: Londondan qonaq gəlib bizimlə Şahdağa gedən qardaşımı tapa bilmirlər. Cəmi bircə dəfə Fransa Alpında olub, onda da sürüşə bilməyib, indi fürsətdən istifadə edib öyrənmək istəyir. Həvəskar kimi yavaş-yavaş öyrənsin deyə, onu bir az təlimatlandıraraq, “Yaşıl zolaq”da qoyub getmişdik. Tez-tez yıxılacağını nəzərə alaraq, telefonunu maşına atıb getmişdi.

Mənim vəziyyətim üzündən təcili Bakıya qayıtmalı olduğumuzdan,qardaşımı axtarırlar, amma tapılmır ki tapılmır! Məni yola salıb axtarışı davam etdirirlər.Yarım saat keçir, bir saat ötür, ondan bir xəbər çıxmır. Mən də yol boyu telefonla “dispetçerliyə” başlayıram. O arada elan verilir, çağırış edilir, kanata minib yuxarıdan təhlükəli yerlərə baxırlar. Nə fayda!...

Nəhayət, üç saatdan sonra özü gəlib çıxır: “Tək darıxırdım, yuxarılara qalxdım ki, bir az gəzişim, ordan sizə baxım”.

Ruslar demiş, “naroçno ne pridumaeş”... 

lll

Bizim, illərdən bəri formalaşmış “idman qrupumuz” var, səhərlər “Qorqud” parkında, göl ətrafında gəzintiyə çıxırıq. On nəfərdən dördü həkimdir. Odur ki, Şahdağdan gələ-gələ Bakıdakı hospitallardan birini seçməli olanda öz həkimlərimizdən Nizami doktorla məsləhətləşirik. Beləliklə, Bakıya özümdən tez xəbərim çatır...

Şahdağdan gətirilən yaralılar hospital personalı üçün də maraqlıdır. Çünki hospital işçilərinə Şahdağda güzəşt var, cavanlar orda xizək sürməyə, gəzintiyə gedirlər. Odur ki, yıxıldığım yeri dəqiqləşdirən, fikrini deyən kim, hələ orda olan yoldaşına zəng edib, vəziyyətini xəbər alan, ehtiyatlı olmasını tapşıran kim...

Komfort şərait, səliqə-sahman, tibbi personalın peşəkarlığı hər an və hər addımda hiss olunur: diş fırçasına, üzqırxmaq üçün ləvazimata, birdəfəlik çəkələyə kimi verilir, lazımsa, yataq dəsti bir gündə üç dəfə dəyişdirilir, iynə-dərmanı, sarğı materialını, salfetka-filanı əsirgəmək yoxdur. Tibb işçilərı - Nigar, Surə, Minayə - xəstələrlə elə mədəni, elə şəfqət və bacarıqla rəftar edirlər ki, adam heyran qalır.

lll

Əməliyyatım ertəsi günə təyin edilir və sığorta şirkətinin hospitaldakı nümayəndəsi yaxınlaşıb, əməliyyat üçün “çox babət”- dördrəqəmli - bir məbləği özüm ödəməli olacağımı pıçıldayır. “Olsun, babam, olsun”, - deyib məbləği ödəyirəm. Yəni bu nöqtədə “Asan xidmət” zonası bitir: gecə xəstənin yanında qalmaq istəyən varsa, xəstə təkrar rentgendən keçəcəksə, yaxud təciliyardım maşınında evə gedəcəksə, bütün bunların hər biri üçün fərqli məbləği gözə almaq gərəkdir...

Əməliyyatdan öncə təzyiqimin kəskin aşağı salınması bir neçə dəfə krizis yaşadır. Var olsun kardioloq Könül Babayeva! Məni müayinə edib dərmanları dəyişir və təxminən bir aydan bəri yuxarı olan təzyiqim nizamlanır - “kosmonavt təzyiqi” kimi.

Əsas həkimimin - “sümük zərgəri”, idman travmaları üzrə mütəxəsis-alim, travmatoloq-ortoped Ayaz Hümbətovun işi xüsusi alqışa layiqdir. Qismət olsa, bir vaxt onun barəsində ayrıca söz açaram...

Qısası, əməliyyatdan sonra əynimə bir “zahı paltarı” geyindirir, hər tərəfimdən şlanq sallayıb yatağa uzadırlar. Heç vaxt xəstəxanada yatmadığımdan, ən başlıcası, hərəkət məhdudiyyəti nədir bilmədiyimdən, qəribə duyğular yaşayır, öz aləmimdə guya fəlsəfi düşüncələrə dalıram. Məsələn:”Sən demə, öz ayağınla tualetə getmək də insan üçün dünyanın ən böyük nemətlərindən biriymiş!...” Zəng edib halımı soruşanlara Lermontovun, hələ orta məktəbdən əzbərimdə qalan, misralarını “zəruri dəyişikliklə” söyləyirəm:

Kak qornıy aryol na verşine Kafkaza
Tı qordo sidiş na krayu unitaza
İ krılyami maşeş, bumajki komkaya...

lll

Doğmaların, yaxınların mütləq əksəriyyəti bu xizəkçilik sevdam üzündən başıma gələnə görə məni qınasa da, tək bircə nəfər -indiyəcən iki dəfə bizimlə Şahdağa olmuş Niyazi, telefonuma mənim yazılarımdan götürdüyü cümlələri göndərməklə, ürəkdən dəstək verir:

“... Mənim ilhamım dağlardadı, həyatdan, insanlardan yorulanda, bezəndə dağlara üz tuturam, günahlarımı, sıxıntılarımı onlara etiraf və etibar edirəm.Dağa, yüksəkliyə çıxıb, o ucalıqdan aşağıya, genişliyə baxanda, ürəyim böyüyür, nəfəsim açılır, ayılıram, ucalıram, özümə qayıdıram... Mən hesabatımı da dağlara verirəm, özüm-özümə: “Şair, qayalara, dağlara söykən, - deyirəm, - dağlar etibarlıdı!”

Hə,ulu Məmməd Arazın dilindən səslənmiş bu fikirlərə şərik olduğumu Niyazi Məmmədov, Türkiyənin buludların döşündən su əmən yaylalarını, Ərzurumdan tutmuş, Borjominin meşələrinə qədər, birlikdə qarış-qarış gəzdiyimiz günlərdən bilir.

Zirvənin, dağın, yüksəkliyin insan təxəyyülünün genişlənməsində rolu böyükdür. Bu mənada, dağlar mənim mənəvi dünyamda həmişə canlıdır.

Oğuz elində dağ, qaya önündə gəlinlər yaşmaq tutublar, özlərini dədə, baba, qaynata hüzurundaki kimi aparıblar.

Dağın, yüksəkliyin sinəsində xizəklə xətlər çəkmək, izlər buraxmaq, zəhmli, zabitəli “dağ baba”nı alnından dabanınadək süzmək isə insana tamam başqa zövq verir. Qarlı-buzlu döngələrini, sərt enişlərini ram edib xizəklə ecazkar səslər çıxarmaq, yarğanına, uçurumuna qar tozanağı yaymaq, adrenalin bolluğu yaşamaq bir özgə aləmdir, fərqli duyğudur. Elə bil dağlara üz tutub, Məmməd Araz təbirincə:”Mən bilirəm sən olmağın çətinliyini, Ey mən-qaya, mən olmaq da asan iş deyil” - deyərək öcəşirsən dağla, zirvəylə... Ancaq dağlar da ona qalib gəlmək istəyənlərə qarşı hərdən dağ qədər amansız ola bilir. Mənim timsalımda olduğu kimi!

lll

Uşaqlıqda - əgər Bakıya gedərəmsə - ən böyük arzum dənizi görmək olub. Sonra “Neftçi”nin stadionuna gedib, yamyaşıl qazona toxunmaq,bu təmasdan ləzzət almaq istəmişəm. Televiziyanın olmadığı o vaxtlarda, kəndə gələn kinoların əvvəlindəki jurnallarda görürdük belə mənzərələri.Zaman gəlir, dənizləri də, okeanları da görür, suyunda çimir, üstüylə belədən-belə ya üzüb, ya da uçub keçirik də.Amma dayanıb-durmuş suyun təsiri, təəssüratı - istər dəniz, istər göl olsun - bir başqadır, hərəkətdə olanın, axar suyunku tamam başqa.Düzdür, dəniz insanla pıçıldaşa, yaxud coşub-daşaraq tufan qopara bilər.Ancaq ümumən laldır, hərəkətsizdir. Hətta bir vaxtdan sonra adamı yorur da.Tutalım, Niaqara şəlaləsi isə, birbaşa dil açıb insanla danışır, onu özünə çəkib bağlayır, hipnoz edir! Xizək sürən onlarla, yüzlərlə insanın eyni vaxtda dağ yamaclarına səpələnib böyük sürətlə, üzüaşağı, ox kimi süzüb getməsi, bir-birini ötməsi, dağla, təbiətlə qaynayıb qovuşması da olduqca cazibədar, möcüzəvi lövhədir.Elə vaxtlarda sanki insanlar dağın ürəyi, dili, ayaqları olur, dağ beləcə bəlli ahəng üzrə hərəkətə gəlir. Və o hərəkəti yaradanlardan biri də sən olursan!Sən də, onlarla başqa insan kimi, öz kiçikliyinə, zəifliyinə rəğmən, nəhəng dağı hərəkətə gətirirsən! Bu yolla təbiət və insan arasında, hədsiz rahatlıq, məmnunluq mənbəyinə çevrilən, incə harmoniya yaranır...

lll

Bu, bir gerçəklikdir ki, bəzən insan, orta ömürdən hələ beş-on ildə artıq yaşayandan sonra, ömrün astar üzünə bürünüb yaşam mücadiləsi verir. Cürbəcür reseptlerdə sağlamlıq, cavanlıq iksiri axtarır, ovuc-ovuc dərmanlar içir. Tədricən özü də təngə gəlir, ətrafındakıları da bezdirir. Şair demişkən, istəyənlər istəməkdən yorulur, pisləyənlər pisləməkdən...

Mənimsə devizim başqadır: həyatı dolğun, təbiətlə sıx təmasda yaşamaq! Ömrün uzun-qısalığı şərt də deyil, dərd də.

 





15.04.2017    çap et  çap et