525.Az

Uğurlu iqtisadi inkişafla nəticələnən parlaq strategiya


 

Uğurlu iqtisadi inkişafla nəticələnən parlaq strategiya<b style="color:red"></b>

Azərbaycanın beynəlxalq aləmdə böyük nüfuz qazanması, dünya miqyasında mövqelərini getdikcə möhkəmləndirməsi, əlaqələrini daha da genişləndirməsi tanınmış ekspertlər, habelə iqtisadçılar tərəfindən yüksək qiymətləndirilir.

Ölkəmizin iqtisadiyyatın inkişaf tempinə görə regionda lider dövlətə çevrilməsi təsadüfi deyil. Bundan ötrü Azərbaycan uzun, çətin, mürəkkəb bir yol qət edib, bütün sahələr üzrə uğurlu islahatlar aparıb, iri infrastruktur layihələrin reallaşdırılması istiqamətində qətiyyətlik nümayiş etdirib, qarşıya çıxan bütün maneələr aradan qaldırılıb.

Azərbaycanda iqtisadi və sosial inkişafın, dövlət quruculuğunun əsası 1993-cü ildə ulu öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişindən sonra qoyulub. Ümummilli liderin ikinci dəfə hakimiyyətdə olduğu 1993-2003-cü illər müstəqil Azərbaycanın tarixində həlledici illər kimi qalacaq. Vaxtilə Heydər Əliyevin uzaqgörənliklə həyata keçirdiyi islahatlar olmasaydı, Azərbaycanın hazırkı inkişafı ancaq xəyal olaraq qalardı.

Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması ilə yeni iqtisadi yüksəliş başlanıldı, Azərbaycan iqtisadiyyatına xarici investisiyalar yatırıldı, ulu öndər digər sahələrdə olduğu kimi bu sahədə də köklü dəyişikliklərin aparılması üçün yeni imkanlar yaratdı. Bu mərhələdə ilk növbədə gələcək müstəqil və güclü iqtisadi siyasətin zəminləri yaradıldı. Bu siyasətin başlıca istiqamətlərini müxtəlif mülkiyyət formaları əsasında yaradılan iqtisadi sistem, bazar iqtisadiyyatına keçid və dünya iqtisadiyyatına inteqrasiya təşkil edib.

1993-cü ilin yarısından başlayaraq, aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində ictimai-siyasi sabitliyin təmin olunması, istehsalda yaranmış geriləmə proseslərinin qarşısının alınması və digər tədbirlərdən sonra iqtisadiyyatda tənəzzül tədricən aradan qaldırıldı və bununla da Azərbaycanın iqtisadi inkişafına mahiyyətcə yeni mərhələnin təməli qoyuldu. Əldə olunan makroiqtisadi sabitlik, sənayedə və digər sahələrdə iqtisadi göstəricilərin artımı, həyata keçirilən geniş miqyaslı iqtisadi islahatların ilkin nəticələri aparılan siyasətin düzgünlüyünü və Azərbaycanın bazar iqtisadiyyatı yolunda inamlı addımlarını təsdiq edirdi.

Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində, ağır şərtlərə baxmayaraq, ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfatı sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlər əldə olundu. Ən əsası isə bu dövrdə ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni bir modeli - Azərbaycan modeli yaradıldı.

Heydər Əliyevin rəhbərliyi ilə iqtisadi islahatların mühüm istiqaməti olan özəlləşdirmə prosesi uğurla həyata keçirildi, 1996-cı ildən  ümumi daxili məhsul istehsalı ilbəil artmağa başladı, respublikada görülən təxirəsalınmaz tədbirlər nəticəsində iqtisadiyyatda tənəzzülün qarşısı alındı və beləliklə, 1994-1995-ci illərdə bugünkü nailiyyətlərin əldə olunmasının təməli qoyuldu. Hazırda həmin tarixi dövrü təhlil etdikdə onu sabitləşmə dövrü kimi səciyyələndirmək olar. Məhz həmin illərdə geriləmənin qarşısı alındı və 1996-cı ildən etibarən dirçəliş dövrü başladı.

1997-ci ildən sənaye məhsullarının buraxılışında artım müşahidə edilmiş, bu sıradan neft emalı, metallurgiya, ağac emalı, şüşə və çini-saxsı məhsullar istehsalında artım daha yüksək olmuşdur. Digər istehsal sahələrində geriləmənin sürəti azaldılmış, bəzi hallarda isə bu meyl tamamilə dayandırılıb, hasilat sənayesi ilə yanaşı, qeyri neft sektoru  da inkişaf etdirilib.

Sənayenin inkişafı ilə yanaşı Heydər Əliyev respublikada kənd təsərrüfatının inkişaf etdirilməsinə də xüsusi diqqət yetirirdi. Məhz bu diqqətin nəticəsində ölkədə 40-dan çox normativ-hüquqi akt qəbul edilib, kənd təsərrüfatı məhsullarının satışında qiymətlər tam sabitləşib, idxal-ixrac əməliyyatlarında bütün maneələr aradan qaldırılıb.

Yaxın keçmişdə əsas kənd təsərrüfatı məhsullarını müxtəlif xarici ölkələrdən alan Azərbaycan indi əksinə, xaricə məhsul ixrac edir. Bu da sözsüz ki, məhsul istehsalının intensiv artımı nəticəsində mümkün olub.

İdxal-ixrac əməliyyatlarının bazar iqtisadiyyatının tələblərinə uyğun qurulması nəticəsində ölkəmizin beynəlxalq əlaqələri ilbəil genişlənir, möhkəmlənir və inkişaf edir.

1991-1994-cü illərdə inflyasiyanın böyük sürətlə, hətta dördrəqəmli faizə qədər artması müşahidə olunduğu halda, aparılan iqtisadi islahatlar nəticəsində 1995-ci ildən başlayaraq sabitləşmə prosesi getmiş, inflyasiyanın birrəqəmli həddə saxlanılmasına nail olunub.

İqtisadiyyatda aparılan islahatlar ölkənin maliyyə vəziyyətinin yaxşılaşmasını, dövlət büdcəsinin gəlirlərinin ildən-ilə artmasını təmin etmişdir. 2002-ci ildə dövlət büdcəsinin bütün mənbələrdən daxil olan gəlirləri 1993-cü ilə nisbətən 85 dəfə, xərcləri isə 72 dəfə artıb.

Ulu öndər tərəfindən həyata keçirilən qətiyyətli iqtisadi islahatlar az bir zamanda geniş beynəlxalq dəstək aldı. Beynəlxalq Valyuta Fondu və Dünya Bankı tərəfindən Azərbaycanda iqtisadi islahatlar haqqında xüsusi proqram hazırlanıldı və ölkəmizə maliyyə yardımının göstərilməsinə başlanıldı. Həmin beynəlxalq maliyyə-kredit institutları ilə sıx əməkdaşlıq şəraitində hazırlanmış sabitləşdirmə proqramına uyğun olaraq iqtisadiyyatın liberallaşdırılmasına yönələn radikal islahatlar həyata keçirildi. Sərt və çevik pul-kredit, büdcə-vergi siyasətinin aparılması, qiymətlərin, xarici iqtisadi fəaliyyətin və valyuta bazarının liberallaşdırılması və xarici kapitalın cəlb olunması nəticəsində tezliklə ölkəmizdə makroiqtisadi səviyyədə maliyyə sabitliyinin təmin edilməsinə nail olundu.

Ölkəmizin iqtisadi artım sürəti 1995-ci ildən başlayaraq MDB üzrə orta göstəricidən xeyli yüksək olub. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirilən strateji kurs Azərbaycanı zirvələrə doğru gedən ölkələr qrupunda öncül mövqeyə çıxarıb. Ölkənin inkişaf səviyyəsində ciddi kəmiyyət və keyfiyyət dəyişiklikləri baş verib və bu proses davam edir.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan beynəlxalq təcriddən çıxdı: "Bu gün Azərbaycan beynəlxalq aləmdə çox görkəmli yer tutur, beynəlxalq təşkilatların üzvüdür, onlarda fəal iştirak edir. Bütün dövlətlər tərəfindən tanınır. Azərbaycanın böyük hörməti var. Artıq demək olar ki, regional məsələlərdə Azərbaycanın sözü həlledici sözdür. Azərbaycanın iştirakı olmadan bölgədə heç bir regional layihə keçirilə bilməz. Beləliklə, Azərbaycan region üçün mərkəzə çevrilibdir. Bizim nüfuzumuz artır, gücümüz artır. Bu, bizə imkan verəcək ki, qarşımızda duran bütün məsələləri öz xeyrimizə həll edək. Bütün bunlar Heydər Əliyevin xidmətləridir".

Azərbaycanın iqtisadi siyasətinin öncül istiqamətlərindən biri müstəqil dövlətin neft strategiyasının hazırlanması olub. Müəllifi ulu öndər Heydər Əliyev olan bu strategiyanın həyata keçirilməsinə 1994-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə dünyanın aparıcı ölkələrinin ən məşhur neft şirkətləri arasında Xəzər dənizinin Azərbaycan bölməsindəki "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında fəaliyyət müddəti 30 il olan müqavilənin imzalanması ilə başlanıb.

Azərbaycan üçün həyati əhəmiyyəti olan bu müqavilə həm ölkə daxilində sabitliyin bərqərar olunması, həm də xarici siyasətdə uğurların əldə edilməsində müstəsna rol oynadı.

Heydər Əliyevin özünün də vurğuladığı kimi, "Əsrin müqaviləsi"nin imzalanması ilə Azərbaycan Xəzər dənizi və onun enerji ehtiyatlarını bütün dünyanın üzünə açdı və bu hadisənin ölkənin gələcəyi üçün nə dərəcədə əhəmiyyətli olduğunu tarixçilər yazacaqlar".


"Əsrin müqaviləsi" adı ilə indi bütün dünyada tanınmış bu müqavilənin imzalanması və onun gerçəkləşməsi müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən və Heydər Əliyev tərəfindən işlənilib hazırlanan yeni neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.

Azəri, Çıraq və Günəşli yataqlarının istismarını nəzərdə tutan əsrin müqaviləsinin imzalanması ölkəyə külli miqdarda xarici investisiyanın axınına səbəb olub. Bu sovet dövründən başlanan danışıqların, Heydər Əliyev tərəfindən atılan konkret addımlarla həyata keçirilməsi idi.

Heydər Əliyev uğurlu strategiya vasitəsilə xarici ölkələrin şirkətlərini Azərbaycana gətirdi, bu o demək idi ki, bu ölkələr Azərbaycanla da hesablaşacaqlar.

"Əsrin müqaviləsi"nin imzalanması ilə yanaşı hasil olunacaq neftin dünya bazarına çıxarılması üçün əlverişli marşrutun axtarıb tapılması da mühüm əhəmiyyət kəsb edirdi. Heydər Əliyev Azərbaycan neft kəmərinin çoxvariantlılığı ideyası ilə çıxış edərək Bakı-Supsa kəmərinin işə salınmasına, eyni zamanda "Əsrin müqaviləsi" çərçivəsində hasil olunacaq əsas neftin nəqli üçün "Bakı-Tbilisi-Ceyhan" neft kəmərinin inşa edilməsi üzrə danışıqların intensivləşdirilməsinə nail olur. 1999-cu ilin noyabrında Azərbaycan, Gürcüstan və Türkiyə prezidentləri ABŞ-ın dövlət başçısının iştirakı ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin inşa edilməsinə dair hökumətlərarası saziş imzalanmış, bu kəmərin çəkilməsi yolunda yaradılan çoxsaylı əngəllərə baxmayaraq, Ulu öndərimizin siyasi iradəsi və uzaqgörənliyi sayəsində maneələrin hamısı dəf edilərək bu layihənin gerçəkləşməsi reallığa çevrilmiş, 2003-cü ildə kəmərin tikintisinə başlanılmışdır. Çox çətinliklərə baxmayaraq, Heydər Əliyevin seçdiyi yol uğurlu olmuş, Azərbaycan neftinin dünya bazarına çıxarılması reallığa çevrilib.

Bununla yanaşı, ölkəmizin iqtisadi həyatında Heydər Əliyev həm də, Azərbaycan qazının dünya bazarlarına çıxarılması üçün nəzərdə tutulan və regionun kifayət qədər əhəmiyyətli layihəsi hesab olunan  Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin də təməlini qoyulub.

Uğurlu iqtisadi siyasətin məntiqli davamı kimi, resursların daha da səmərəli paylanmasını təmin etmək üçün səmərəli büdcə sistemi və dövlət xərclərinin idraetmə sistemi tələb olunurdu ki, bu sahədə də ümummilli lider Heydər Əliyev tərəfindən xeyli işlər görülüb. Azərbaycanda büdcə sisteminin təşkilinin, büdcələrin tərtibi, təsdiqi, icrası və onların icrasına nəzarətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, habelə dövlət büdcəsi ilə büdcədənkənar dövlət fondlarının, yerli (bələdiyyə) büdcələrin qarşılıqlı əlaqələrinin əsas prinsiplərinin müəyyənləşdirilməsi  məqsədilə  2002-ci ildə "Büdcə sistemi haqqında" qanunu qəbul olunub.

Beləliklə, tam əminliklə demək olar ki, 1993-2003-cü illərdə Azərbaycan iqtisadiyyatı böhran və tənəzzül məngənəsindən çıxaraq, iqtisadi inkişaf və yüksəliş yoluna qədəm qoyub.

Ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulan və prezident İlham Əliyevin başçılığı altında uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində əldə olunan nailiyyətlər Azərbaycanın bu sahədə gələcəkdə də daha böyük uğurlar qazanacağına zəmin yaradır.

Müşfiq ŞÜKÜRLÜ
İqtisadiyyat Nazirliyi tərəfindən KİV nümayəndələri arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə  təqdim edilir

 





18.04.2017    çap et  çap et