525.Az

Naxçıvan Muxtar Respublikası - milli iqtisadi inkişafa gedən yol


 

Naxçıvan Muxtar Respublikası - <b style="color:red">milli iqtisadi inkişafa gedən yol</b>

İnkişaf yollarında inamla addımlayan Naxçıvan Muxtar Respublikası XXI yüzilliyin yeniləşən, müasirləşən, bunlarla da ölkəmizin dövlətçilik ənənələrinin qorunması və inkişafına töhfə verən bir diyara çevrilib.

Ərazisinin kiçikliyinə baxmayaraq, yeni iqtisadi şəraitə xas proseslərin tənzimlənməsində, inkişafı və səmərəliliyinin artırılmasında böyük uğurlara nail olub. Əsasları ümummilli liderimiz böyük Heydər Əliyev tərəfindən uzaqgörənliklə qoyulan tədbirlərlə Naxçıvan Muxtar Respublikası ölkənin milli iqtisadi siyasətinin istiqamətverici qüvvəsi halına gəlib. Burada bir tərəfdən müstəqilliyin ilk illərinin çətinliklərində səmərəli fəaliyyətin təşkilinə, bir tərəfdən erməni təcavüzü ilə yaranan blokada vəziyyətində müqavimət gücünün artırılmasına, digər tərəfdən isə yeni iqtisadi münasibətlərə keçid dövründə davamlı inkişafın təmin edilməsinə diqqətin artırılması məqsədilə ciddi tədbirlər həyata keçirilib. Bu dövrdən başlayaraq muxtar respublikanın ictimai-siyasi, sosial-iqtisadi, mədəni-hüquqi və digər həyatında yeni səhifələr açılıb. İqtisadiyyat həm keyfiyyət, həm mahiyyət, həm də məqsədlər baxımından insanların və cəmiyyətin etibarlı təminatını ifadə etməyə başlayıb.

Bu bir həqiqətdir ki, ölkə iqtisadiyyatı hazırkı bazar münasibətlərinin qanun və tələbləri əsasında inkişaf tarixini məhz Naxçıvan Muxtar Respublikasından götürür. Ötən əsrin 90-cı illərinin əvvəllərindən burada iqtisadi islahatların keçirilməsi nəinki muxtar respublikada və ölkəmizdə, hətta MDB məkanında bir ilk olmaqla, qarşıdakı dövrlər üzrə həm də iqtisadi fəaliyyət istiqamətlərindən ibarət təkmil tədbirlər planına çevrildi. Xüsusən, böyük Heydər Əliyevin hələ Naxçıvan MR Ali Məclisinin sədri vəzifəsində işləyərkən 6 aprel 1992-ci il tarixdə qəbul etdiyi "Naxçıvan Muxtar Respublikasında zərərlə işləyən kolxoz və sovxozların ləğv edilməsi və onların əsasında şəxsi təsərrüfatların yaradılması haqqında" qərar və rentabelsiz işləyən kolxoz və sovxozların ictimai mal-qarasının özəlləşdirilməsini nəzərdə tutan təkliflər bütövlükdə Azərbaycan dövlətinin yeni iqtisadi siyasətinin müəyyənləşdirilməsinə əhəmiyyətli şərait yaradan mühüm addımlar idi. Bu dövrdən başlayaraq:

- iqtisadiyyatın bazar münasibətlərinin tələblərinə xas idarə edilməsinə;

- islahatların kəndlinin torpaqla bağlı münasibətlərinə inam və stimul verəcək şəkildə yönləndirilməsinə;

- yeni təsərrüfat formalarının yaradılmasına, onların fəaliyyətinin səmərəli təşkilinə ciddi diqqət göstərilərək yeni mərhələnin əsasları qoyuldu. Təbii ki, əldə olunan nəticələr isə arasıkəsilməz proseslərin ardıcıllığı, inkişafyönümlü hadisələrin əlaqəliliyi, stimullaşdırıcı tədbirlərin məqsədyönlülüyü ilə Naxçıvan Muxtar Respublikasının makroiqtisadi potensialına yeni güc qatırdı.

Bu mərhələdə Naxçıvan Muxtar Respublikası ölkənin milli-iqtisadi maraqlarının qorunmasında, sosial dayanıqlığının gücləndirilməsində, xüsusən, yerli məhsul istehsalının stimullaşdırılması və dəstəklənməsində, əhalinin alıcılıq qabiliyyətinin yüksəldilməsində, iqtisadi proseslərin biri-birini izləməsi və vəhdət təşkil etməsində, daxili bazarın formalaşması və digər təkanverici tədbirlərin həyata keçirilməsində başlanğıc addımlar atdı.

Təbii ki, bütün bunlar muxtar respublika iqtisadiyyatının islahatlar nəticəsində qazandığı uğurların ən gerçək ifadəsi idi. İslahatların keçirilməsi isə çox zəruri idi. Çünki dövrün iqtisadi reallıq və tələblərinə əsasən yaxşı nə varsa, iqtisadiyyata tətbiq edilməklə, cəmiyyətin iqtisadi maraqlarının ifadə olunacağı bir sistem qurmaq ən zəruri məqsəd idi. Bu mənada 1993-cü ildən ölkə başçısı kimi fəaliyyətini davam etdirən milli lider ölkə miqyasında bu islahatlara start verdi. Çoxsaylı konfranslar, müşavirələr və tədbirlərlə yeni iqtisadi şərait üçün səmərəli zəmin formalaşdırıldı. Qeyd edək ki, 1994-cü ildə iqtisadiyyatın təkcə kənd təsərrüfatı sahəsində problemlərin həllinə və aqrar bölmədə islahatlara dair səkkiz müşavirə keçirilmişdi. Həmin ilin dekabr ayının 9 və 10-da Azərbaycan Respublikasının Ali Sovetində Türkiyə, Çin, İsrail, İran, Rusiya və digər ölkələrin nümayəndə heyətlərinin iştirakı ilə "Aqrar islahat: problemlər və onların həlli yolları" mövzusunda keçirilən beynəlxalq konfransda elə aqrar sahədəki islahatların effektivliyini təmin etmək və bu sahədə beynəlxalq təcrübədən yararlanmaq məqsədləri nəzərdə tutulurdu.

Göründüyü kimi, böyük Heydər Əliyev müasir müstəqillik şəraitində də ölkədə ictimai-siyasi sabitliyin təminatında zəruri mərhələni təmin etməklə, makroiqtisadi proseslərin tənzimlənməsində dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsindən kifayət qədər bəhrələndi və bu, ölkənin regional siyasətinin ən mühüm elementinə çevrildi.

İqtisadiyyat o zaman səmərəli inkişaf edir ki, həyata keçirilən tədbirlər özündə ayrıca olaraq bir fərdin, bütövlükdə isə bütün sakinlərin, vətəndaşların və cəmiyyətin maraqlarını ifadə etməyi bacarsın və bununla da ölkənin milli-iqtisadi maraqlarına xidmət etsin. Bir an belə durmadan, heç bir neqativ amillərin təsirinə düşmədən (məs: dünya iqtisadi böhranı), hətta həmin vəziyyətdə belə pozitiv meyllərin arxasınca getməklə, düşünülmüş olaraq, maneələrdən keçmək bacarığı ilə ölkəyə yeridilən dövlət siyasətinə sədaqət hissini daha da gücləndirməklə yalnız tərəqqiyə nail olmaq olar. Bu mənada muxtar respublikanın günü-gündən artmaqda olan hazırkı inkişaf potensialı İntibahın Naxçıvan Modelinin bütün dünya üçün təqdimatını verməkdədir.

Keçən müddət ərzində Naxçıvan Muxtar Respublikasında yeni iqtisadi şəraitə uyğun istehsal münasibətləri üçün əlverişli zəmin formalaşdırılıb, insan amili əsas götürülüb, yeni istehsal sahələrinin təşfiqi və stimullaşdırılmasına diqqət artırılıb. Nəticədə bazar münasibətlərinin obyektiv inkişaf qanunlarının işləkliyi üçün sağlam iqtisadi mühit təmin edilib, xüsusi mülkiyyətin üstünlüyünə əsaslanan təsərrüfat subyektlərinin səmərəli fəaliyyətinə dəstək verilib, özəl sektorun təşkilati-iqtisadi mexanizmləri özünə dolğun şəkildə kök salıb. Bütün bunların fonunda iqtisadiyyat yeni ideya və təşəbbüslər üçün hazır vəziyyətə gətirilib, iqtisadi idarəetmənin çevik təşkilati forması olan sahibkarlıq fəaliyyətinin təşkili, formalaşdırılması, stimullaşdırılması və inkişafı üçün çox səmərəli zəminlər yaradılıb.

Muxtar respublika eyni zamanda, iqtisadi inikişafın tənim olunması üçün iqtisadi fəaliyyətlə hüquqi tənzimləmənin səmərəli vəhdətini təmin edə bilib. Təbii ki, hüquqi tənzimləmə siyasəti iqtisadi nailiyyətlərin göstəricisi, onun əldə olunmasının stimullaşdırıcı amili, daha doğrusu, sosial-iqtisadi nailiyyətlərin mövcudluğunun təsdiqidir. Naxçıvan MR Ali Məclisinin sədri tərəfindən 2005-ci il aprel ayında təsdiq olunmuş və 2005-2010-cu illəri əhatə edən "Naxçıvan Muxtar Respublikasında kartofçuluğun inkişafı üzrə Dövlət Proqramı", 2007-ci il 30 may tarixdə təsdiq edilmiş Naxçıvan Muxtar Respublikasında Məşğulluq Startegiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramı (2007-2010-cu illər), 17 sentyabr 2008-ci ildə təsdiq edilmiş "2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı", 2012-ci il fevralın 14-də təsdiq edilmiş "2012-2015-ci illərdə Naxçıvan MR-də meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı", 2014-cü ilin 31 yanvar tarixində təsdiq edilmiş 2014-2015-ci illərdə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı üzrə Proqramın qəbul edilməsi məhz bəhs olunan məsələlərin səmərəli həlli deməkdir.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı (2016-2020-ci illər üzrə) muxtar dövlətin başçısı tərəfindən 8 fevral 2016-cı il tarixdə təsdiq edilərək cari və qarşıdakı dövrlər üzrə uğurla icra olunmaqdadır.

Göstərilən fəaliyyət mühiti faydalı əmək şəraitinə stimul verib, bunun da nəticəsində formalaşan sağlam iqtisadi mühit və sahibkarlığın inkişafı isə bütün sahələrlə birlikdə məşğulluq mənzərəsini formalaşdırıb. Bu isə təbii ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri tərəfindən 18 dekabr 2013-cü ildə təsdiq edilərək 2014-2015-ci illəri əhatə edən, 11 yanvar 2016-cı ildə təsdiq olunmaqla, 2016-2020-ci illəri əhatə edən "Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılmasına dair Dövlət Proqramı"nda əsas məqsədlər kimi götürülüb və qarşıdakı illərdə yaradılması hədəflənən yeni iş yerlərinin açılmasına öz töhvələrini verməkdədir. Hazırkı mərhələdə icrası uğurla davam etdirilən Dövlət Proqramının məqsədləri içərisində:

- sağlamlıq imkanları məhdud uşaqların təhsil hüquqlarının təmin olunması;

- inklüziv təhsilə keçid imkanlarının artırılması;

- məsafədən (distant) təhsilin əhatə dairəsinin genişləndirilməsi;

- sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyasında müasir üsulların tətbiq edilməsi;

- sağlamlıq imkanları məhdud uşaqların müasir informasiya texnologiyalarından istifadə imkanlarının artırılması;

- sağlamlıq imkanları məhdud uşaqların təhsili ilə bağlı müvafiq pedaqoji kadrların hazırlanması və s. kimi məsələlərin olduğunu görməkdəyik.

Ümumiyyətlə, Naxçıvan Muxtar Respublikası ötən 22 ildə ölkəmizin prioritet seçdiyi məqsədlərə xidmət edərək:

1. sosial dayanıqlığın təmin edilməsində yer alan bütün istiqamətlərin iqtisadi-hüquqi tənzimləmələr vasitəsilə daha da güclənməsinə şərait yaradıb;

2. əhalinin məskunlaşma prosesində stimullaşdırıcı amilləri səfərbər edib və onun bütün təbəqələrinin dövlət qayğısı ilə əhatələnməsinə diqqəti artırıb;

3. ərazilərin ixtisaslaşdırılmasına uyğun olaraq məhsuldar qüvvələrdən səmərəli istifadənin yollarını təkmilləşdirib;

4. səmərəli məşğulluğun təmin edilməsi istiqamətində güclü iqtisadi-hüquqi baza formalaşdırıb;

5. ölkə iqtisadiyyatının şaxələndirilməsində, məhsuldarlıq səviyyəsinin yüksəldilməsində, sosialyönümlülüyünün çəkisinin çoxaldılmasında, müqavimət gücünün və dayanıqlığının artırılmasında və s. nailiyyətlərin əldə olunmasında, bununla da milli iqtisadiyyatın əsas sektorlarının davamlı inkişafında söz sahibi olub.

Cavadxan QASIMOV
İqtisad üzrə fəlsəfə doktoru, dosent

 





19.04.2017    çap et  çap et