525.Az

Qarşıya qoyulan məqsədlər nəticələrini verməkdədir


 

Qarşıya qoyulan məqsədlər nəticələrini verməkdədir<b style="color:red"></b>

"Azərbaycan özünün sosial-iqtisadi inkişafının yeni mərhələsində uğurla inkişaf edir və naliyyətlər qazanır. Bu mərhələnin adı postneft dövrüdür".

Bunu millət vəkili Musa Quliyev ölkədə qeyri-neft sektorunun inkişafı ilə bağlı görülən işləri şərh edərkən bildirib.

O bildirib ki, postneft dövrünün də əsas dividentləri qeyri-neft sektorunun inkişafı və ümumdaxili məhsulun çox böyük hissəsinin bu sektorda əldə olunmasıdır: "Dövlət başçısının da qeyd etdiyi kimi, artıq qarşıya qoyulan məqsədlər, irəli sürülən ideyalar həyata keçməkdə və özünün konkret nəticələrini verməkdədir. Pambıqçılığın, baramaçılığın, tütünçülüyün, fındıqçılığın inkişafı Azərbaycanın idxal məhsullarını əvəz edən, eyni zamanda ixrac potensialı yaradan qeyri-neft sektorunun çox mühüm sahələridir. Bu sektorun inkişafı urbanizasiya prosesinə də müsbət təsir edəcək. Kənd yerlərində, regionlarda əhalinin məşğulluğunu təmin edəcək, həmçinin onların həyat səviyyəsinin yüksəlməsinə gətirib çıxaracaq".

M.Quliyev bildirib ki, Azərbaycan brendinin tanınması  ilə bağlı da prezidentin tapşırıqları icra olunmaqdadır:"Artıq müxtəlif növ Azərbaycan şərablarının, yüngül sənaye, kənd təsərrüfatı, emal sənayesi məhsullarının xarici bazarlara çıxarılması prosesi başlayıb. Bu bazarlarda bilirsiniz ki, yer tutmaq o qədər də asan məsələ deyil. Amma biz həm keyfiyyətli məhsul istehsal etməliyik, həm elə etməliyik ki, onun maya dəyəri ucuz olsun ki, rəqabət qabiliyyətli olsun. Bundan başqa, həm də sahibkarlarla yanaşı hökumətin müxtəlif strukturları, xüsusilə Kənd təsərrüfatı, İqtisadiyyat, Xarici İşlər Nazirliyi, səfirliklərimiz yeni bazarların əldə olunması ilə bağlı geniş proqram çərçivəli fəaliyyət aparmalıdır ki, dövlət başçısı da bu vəzifəni onların qarşısına qoydu. Prezident bu yaxınlarda Yevlaxda keçirdiyi görüşdə balıqçılığın inkişafı ilə bağlı da vacib tövsiyələrini verdi, gələcəkdə Azərbaycanın qida sənayesində balıqçılığın xüsusi yer tutması barədə fikirlərini söylədi. Həmçinin, ərzaq təhlükəsizliyi baxımından da bu sahənin inkişafı çox önəmlidir. Bununla yanaşı, qeyri-neft sektorunda ciddi gəlir gətirə biləcək turizm sahəsinin inkişafı ilə bağlı da Prezident hər görüşlərində, səfərlərində dəyərli tövsiyələrini verir. Ötən il turizm sektorundan 2 milyard dollardan çox vəsait büdcəyə daxil olub. Bu, kifayət qədər yaxşı bir göstəricidir. İldən-ilə də artacaq. Nəqliyyat, kommunikasiya, logistika məsələləri də hər zaman ölkə rəhbərinin diqqətindədir. Xüsusilə, Şərq-Qərb qədim İpək Yolu istiqamətində Azərbaycandan keçən dəmiryol xəttinin inkişafı Çindən, Koreyadan, Yaponiyadan gələn malların Xəzər dənizi və Azərbaycan üzərindən Avropanın ən uzaq nöqtələrinə gedib çatması, Hind okeanından gələn malların Azərbaycan üzərindən Rusiya və Finlandiyaya qədər daşınması da bizə xeyli gəlir gətirəcək".

Millət vəkili Eldəniz Səlimov isə bildirib ki, prezidentin yürütdüyü iqtisadi siyasət Azərbaycanda stabilliyin qorunmasına və inkişafına kömək edib. Onun sözlərinə görə, dünya ölkələrində son 2-3 ildə davam edən iqtisadi və siyasi böhran ölkəmizdən yan keçib: "Dövlət başçısının keçirdiyi müşavirədə qeyri neft sektorunun, sahibkarlığın inkişafı, Azərbaycan məhsullarının ixracatının artması, "Made in Azerbaijan" brendinin yayılması və yeni bazarlara çıxış yolları müzakirə edilib. Düzgün aparılan iqtisadi siyasət 2016-cı ildə və 2017-ci ilin 1-ci rübündə ixrac olunan məhsulların həcmi, o cümlədən, ölkəyə daxil olan xarici valyutanın həcmi artıb. Prioritet sayılan kənd təsərrüfatı məhsullarının: pambıqçılığın, baramaçılığın, şəkər çuğundurunun əkin sahələri artıb, yeni fındıq və badam bağları salınıb. Bununla yanaşı, ölkə başçısı tərəfindən kiçik sahibkarlığa daim diqqət və qayğı göstərilir. Dövlətin metodiki köməkliyi, sahibkarlara güzəştli kreditlər ayrılması və kənd təsərrüfatını  texnika ilə təmin edilməsi sahəsində bu sahə inkişaf edir. 2017-ci ilin 1-ci rübünün nəticələri bir daha sübut edir ki, ölkə başçımızın apardığı iqtisadi siyasət düzgündür. Azərbaycan iqtisadiyyatı inkişaf edir və bu ilin axırları bu inkişafın bəhrəsini daha çox görəcəyik”.

İqtisadçı-ekspert Samir Əliyev vurğulayıb ki, ölkə iqtisadiyyatının böyük hissəsinin neftdən asılı olması əsas problemlərdən biri idi. Buna görə də digər sahələrdə inkişaf getmirdi: "Neftin baha olduğu vaxtlarda bu hiss edilməsə də, son illər açıq şəkildə hiss olunmağa başladı. Bu baxımdan Azərbaycanın əsas hədəfi qeyri-neft sektorunu inkişaf etdirməkdir. Bunun da əsas yolu kiçik və orta sahibkarlığı inkişaf etdirməkdir. Plan icra edilərsə, yeni iş yerlərinin açılmasına, sağlam rəqabət mühitinin formalaşmasına səbəb olacaq".

Ekspert hesab edir ki, eyni zamanda, daxili bazarı maksimum dərəcədə qorumaq lazımdır. Yəni, gömrük rüsumlarını qaldırmaqla idxal məhsullarını azaltmalı və ucuz başa gələn yerli məhsullarını satışı çoxaltmalıyıq. S.Əliyev bu məsələdə də ehtiyat edir. Onun fikrincə, bu da hər zaman effekt vermir. İqtisadçı müsbət nəticə olması üçün daxili potensialın yüksək olmasının vacibliyini qeyd edib.

O əlavə edib ki, ixracı stimullaşdırmaq əsas məqsədlərdən biri olmalıdır: "İxrac üçün 2 amil var ki, bunlardan heç olmasa biri mütləq təmin olunmalıdır. Birincisi, keyfiyyətdir. Məhsul keyfiyyətli olmalıdır ki, bazarda özünə yer tuta bilsin. Əgər bu olmursa, o zaman ikinci amil - yəni qiymət sərfəli olmalıdır".

PƏRVANƏ

 





20.04.2017    çap et  çap et