525.Az

Azərbaycanın perspektiv inkişafı üçün yeni platforma


 

“ƏSASLI İSLAHATLAR, SAHİBKARLIĞA DÖVLƏT DƏSTƏYİ QEYRİ-NEFT SEKTORUNUN İNKİŞAFINA TƏKAN VERƏN ƏSAS AMİLLƏRDİR”

Azərbaycanın perspektiv inkişafı üçün yeni platforma<b style="color:red"></b>

Məlum olduğu kimi, aprelin 17-də Yevlaxda prezident İlham Əliyevin sədrliyi ilə qeyri-neft ixracatçılarının respublika müşavirəsi keçirilib.

Dövlət başçısı tədbirdə çıxış edərək Azərbaycanda sahibkarlığın inkişafı üçün yaradılan şərait, iş adamlarına göstərilən dövlət qayğısından danışaraq bu istiqamətdə işlərin ardıcıl və davamlı aparılmasının zəruriliyini qeyd edib. Bu gün cəmiyyətdə sahibkarlara münasibətin müsbətə doğru dəyişdiyini deyən prezident bildirib ki, sahibkarların sosial məsuliyyəti də gündəlikdə duran məsələlərdən biridir: “Mən dəfələrlə bu barədə öz fikirlərimi bildirmişəm. Bu, həm sahibkarlara lazımdır ki, cəmiyyət onların işini daha yüksək qiymətləndirsin, eyni zamanda, sahibkarlar da öz tərəflərindən nəinki biznes maraqları, ümumiyyətlə ölkə qarşısında duran vəzifələrin, o cümlədən sosial vəzifələrin icrası üçün də səylərini qoysunlar. Əminəm ki, onlar maddi imkanları artdıqca bu məsələyə daha da böyük diqqət və vəsait ayıracaqlar”.

Prezident bildirib ki, Azərbaycan son üç ayda 1 milyard dollar vəsait qazanıb: “Bizim valyuta ehtiyatlarımız artır. Bu müsbət dinamika deməyə əsas verir ki, biz il ərzində daha da böyük nəticələrə gəlib çatacağıq. Çünki götürdüyümüz bu temp və geniş vüsət almış islahatlar, o cümlədən, sahibkarlar tərəfindən bizim siyasətimizə göstərilən praktiki dəstək, - onlar öz işi ilə, öz investisiyaları ilə bunu göstərirlər, - deməyə əsas verir ki, 2017-ci il çox uğurlu il olacaq. Eyni zamanda, biz yeni iqtisadi modelə keçməklə bundan sonra iqtisadiyyatımızı ancaq islahatlar, innovasiyalar, texnologiyalar və qeyri-neft sektoru hesabına inkişaf etdirəcəyik”.

Keçən il qəbul edilmiş qərarlar, qanunlar, imzaladığı fərman və sərəncamların iqtisadiyyatımızı daha da şaxələndirmək üçün yaxşı imkanlar yaratdığını deyən dövlət başçısı İlham Əliyev qeyd edib ki, xüsusilə qeyri-neft ixracı ilə bağlı atılmış addımlar artıq öz gözəl nəticələrini verməkdədir: “Biz təşviq sistemini tətbiq etməyə başladıq. Mən əvvəlki illərdə də bu barədə demişdim. Çünki bir neçə ölkədə təşviq sistemi özünü doğruldub və ixracın sürətli artımına gətirib çıxarıb. Biz dünyada mövcud olan ən qabaqcıl təcrübəni öyrənmişik və Azərbaycanda investisiyanın və ixracın təşviqi sistemlərini tətbiq etməyə başlamışıq. Hər iki mexanizm işə salınıb və artıq uğurla icra edilir. Sahibkarlar bəlkə də ilk anlarda inanmırdılar ki, dövlət onlara bu güzəşti də edəcək. Bəzi hallarda buna təəccüb edirdilər. Ancaq indi görürlər ki, əgər o, ixracyönümlü məhsulu istehsal edirsə və onu dünya bazarlarına çıxarırsa, dövlət onun qiymətinin müəyyən faizini ona qaytarır. Yəni bu, çox böyük stimul verən təşəbbüsdür. Sahibkar iqtisadi cəhətdən bundan həm əlavə qazanc əldə edir, eyni zamanda, hesab edirəm ki, bunun mənəvi cəhətdən də mənası var. Çünki sahibkarda inam artır, öz işini daha da böyük inamla qurur, ölkəmizə daha da böyük inamla sərmayə cəlb edir”.

Azərbaycanda iqtisadi sahədə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində qeyri-neft sektorunun inkişaf etdiyini, ölkənin ixrac potensialının artdığını deyən prezident vurğulayıb ki, ölkəmiz yeni iqtisadi modelə keçib, bundan sonrakı dövrdə ölkə iqtisadiyyatı islahatlar, innovasiyalar, texnologiyalar və qeyri-neft sektoru hesabına inkişaf etdiriləcək: “Azərbaycanda düşünülmüş siyasət, güclü iradə və ardıcıl fəaliyyət regionların sürətli inkişafını şərtləndirən əsas amillərdir

Azərbaycan öz iqtisadi potensialını şaxələndirmiş, hazırda qeyri-neft sektorunun iqtisadiyyatda çəkisi 65 faiz təşkil edir. Dünyada mövcud olan ən qabaqcıl təcrübəyə əsasən Azərbaycanda investisiyanın və ixracın təşviqi sistemlərinin tətbiqinə başlanıb. Azərbaycanda gözəl investisiya mühiti mövcuddur. Son illər ölkə iqtisadiyyatına 200 milyard dollardan çox sərmayə qoyulub. Əsaslı islahatlar, sahibkarlığın inkişafına hərtərəfli dövlət dəstəyi Azərbaycanda qeyri-neft sektorunun inkişafına təkan verən əsas amillərdir”.

İlham Əliyev əminliklə bildirib ki, 2017-ci ilə yekun vurarkən biz yaxşı dinamikanı görəcəyik: “Əlbəttə, qeyd etdiyim kimi, ixracı artırmaq üçün, ilk növbədə, daxili tələbat tam ödənilməlidir - həm ərzaq məhsulları, həm də inşaat materialları ilə. Bu istiqamətdə konkret addımlar atılır və atılacaqdır”.

Prezidentin keçirdiyi müşavirə ilə bağlı fikirlərini bildirən Milli Məclisin deputatı Kamran Nəbizadə qeyd edib ki, 2017-ci ilin ilk 3 ayının nəticələri qeyri-neft sektorunun inkişafı istiqamətində aparılan islahatların nə qədər səmərəli olduğunu aydın şəkildə göstərib. O, “Trend”ə bildirib ki, Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsində Azərbaycan prezidenti İlham Əliyev bütün bu məsələlərə toxunub və qarşıya yeni hədəflər qoyub. Deputatın sözlərinə görə, sənaye istehsalının və kənd təsərrüfatının inkişafı prioritet təşkil edən məsələlərdir və bu sahələrdə artıq müsbət nəticələr mövcuddur: “İqtisadiyyatın qeyri-neft sektoru 2,4 faiz, qeyri-neft sənaye sektoru 2 faiz, kənd təsərrüfatı 3,5 faiz artıb. Kənd təsərrüfatının inkişafı bir sıra səbəblərdən çox vacibdir. Bu sahəyə sərmayələrin yönəlməsi, sahibkarlara vergi imtiyazlarının verilməsi, istifadəsiz əkin torpaqlarının səmərəli istifadəsi, kənd sakinlərinin kütləvi şəkildə əmək fəaliyyətinə cəlb olunması, işsizliyin aradan qaldırılması, ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilməsi kimi məqsədləri təmin edir. Bu prosesin müsbət nəticələrini biz artıq müşahidə edirik”.

K.Nəbizadə vurğulayıb ki, ölkənin sənaye potensialı güclənir, artıq bir neçə sənaye parkı fəaliyyət göstərir: “Bu parkların nəzdində bir çox yeni və müasir istehsal tələblərinə cavab verən zavod və istehsalat sahələri açılıb. Bu, yeni iş yerlərinin açılması ilə bərabər, xarici idxalı əvəzləşdirmək, Azərbaycanda istehsal olunan məhsullardan istifadə edərək digər hazır məhsulların istehsalını yaratmaq və rəqabətli mallarla Azərbaycanın ixrac potensialını genişləndirməklə xarici valyutanın ölkəyə axınını təmin etmək deməkdir”.

Deputat əlavə edib ki, turizm sahəsində də keçən il həyata keçirilən yeniliklər artıq öz bəhrəsini verir: “Bu sahənin inkişafı üçün Azərbaycanda hər bir şərait var idi. Yol, nəqliyyat, mehmanxana və digər infrastruktur imkanlar mövcud idi, amma turistlərin Azərbaycana axını istənilən səviyyədə deyildi. Dövlət başcısı tərəfindən bu sahəyə diqqətin artırılmasından sonra turizm sahəsində də irəlləyiş baş verdi. Belə ki, “ASAN viza” sisteminin yaradılması ilə viza prosedurları sadələşdi, elektron viza sistemi tətbiq olundu. Nəticədə ölkəyə gələn xarici turistlərin sayı artıb və artmaqda davam edir. Bu, həm bu sahədə fəaliyyət göstərən müəssisələrin gəlirlərinin, həm də ölkə büdcəsinə əlavə daxil olmaların artmasına gətirdi. Əminəm ki, ötən illərdə aparılan islahatların və iqtisadiyyatın restrukturizasiyası nəticəsində Azərbaycan iqtisadiyyatının bütün sahələrində inkişaf templəri bundan sonra daha da artacaq”.

Deputat Sədaqət Vəliyeva isə qeyd edib ki, bu gün Azərbaycanda kənd təsərrüfatı sahələrinin, istehsal sektorlarının inkişaf etdirilməsi dövlətin əsas prioritetlərindəndir. O, SİA-ya bildirib ki, qeyri-neft sektoruna yatırılan sərmayələr Azərbaycanın perspektiv inkişafı üçün karbohidrogen gəlirlərindən asılı olmayan tərəqqi platforması formalaşdırır: “Eyni zamanda, qeyri-neft sektorunda canlanmanın yaradılması, istehsal sahələrinin işə düşməsi zəncirvari reaksiya verərək, həm yerli istehsalı genişləndirəcək, həm çoxsaylı yeni iş yerləri yaradılacaq, həm insanların maddi rifah halı, gəlirləri artacaq, həm də geniş ixracat sistemi əsasında ölkəmizə əlavə valyuta daxil olacaq”.

Sədaqət Vəliyeva söyləyib ki, prezident İlham Əliyevin rəhbərliyilə həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi siyasəti nəticəsində bu ilin birinci rübündə qeyri-neft sektoru 2,4 faiz, qeyri-neft sənayesi 2 faiz, kənd təsərrüfatı 3,5 faiz, bitkiçilik 20 faizdən çox artıb: “Birinci rübdə valyuta ehtiyatları 1 milyard dollar səviyyəsində artıb və bu gün 38,5 milyard dollar təşkil edir. Bu ilin 3 ayı ərzində ticarət dövriyyəsi 15 faiz, ixrac təxminən 50 faiz, qeyri-neft ixracı isə təxminən 10 faiz artıb, idxal isə 17 faiz azalıb.  Ticarət dövriyyəsinin müsbət saldosu da 1 milyard dollar səviyyəsindədir. Birinci rübdə həmçinin, 85 min yeni iş yeri yaradılıb. Özəl sektorda 40 mindən çox yeni iş yeri yaradılıb ki, bu da iqtisadi inkişafın təzahürüdür. Bütün bunlar əlbəttə ki, Azərbaycan iqtisadiyyatının artması, nailiyyətlərin əldə olunması əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyasının prezident İlham Əliyevin uğurlu şəkildə və şaxələndirərək davam etdirməsi nəticəsində mümkün olub”.

Ceyhun ABASOV

 





22.04.2017    çap et  çap et