Bu gün Nəsimi Rayon Məhkəməsində “Nida” Vətəndaş Hərəkatının üzvü Məmməd Əzizovun həbsinin ev dustaqlığı ilə əvəz olunması üçün verilən vəsatətə baxılıb. Vəkil Fariz Namazlı “Media forum” saytına deyib ki, prosesdə istintaq orqanının həbs qətimkan tədbirinin 2 ay artırılması ilə bağlı vəsatəti də müzakirə olunub.
Məmməd Əzizovu martın 7-də Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluğun birgə keçirdiyi əməliyyatda həbs olunub. Onun kirayə yaşadığı evdən 174,54 qram qurudulmuş marixuana, üzərində “Təcili demokratiya tələb olunur, tel:+994, ünvan: Azərbaycan” sözləri yazılmış 28 ədəd vərəqin aşkar edildiyi açıqlanıb.
Vəkilin sözlərinə görə, istintaq orqanı bu gün həbs müddətinin artırılması üçün formal əsaslar irəli sürüb: “Demək olar, həbs qətimkan tədbirinin artırılması zərurəti əsaslandırılmayıb. Biz isə vəsatətimizdə Məmməd Əzizovun tələbə olduğunu, həbsdə qaldıqda təhsil hüququnun pozulduğunu, onun bu cinayətlə əlaqəsi olmadığını, qurama bir ittihamla tutulduğunu bildirdik. Çox təəssüflər ki, Nəsimi Rayon Məhkəməsi vəsatətimizi qəbul etmədi və Məmməd Əzizovun həbs müddəti iki ay artırıldı”.
Bu iş üzrə “Nida” Vətəndaş Hərəkatının digər üzvləri Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşad Həsənov, Üzeyir Məmmədli, Rəşadət Axundov, Zaur Qurbanlı həbsdədir. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi onlara mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq partlayıcı maddələr əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə ittihamı irəli sürüb. İstintaqın iddiasına görə, gənclərin martın 10-da Bakıda kütləvi aksiya zamanı “Molotov kokteyli”ndən istifadəyə hazırlaşırmışlar.
çap et