525.Az

"525"çilər ideal qadın gözəlliyi haqqında


 

BU "QƏLİZ, ANCAQ VACİB" MÖVZU ƏTRAFINDA DÜŞÜNCƏLƏR HAÇALANIR

"525"çilər ideal qadın gözəlliyi haqqında<b style="color:red"></b>

Qadın elə bir ziddiyətli düyündür ki, binəva Ziqmund Freyd də bu dünyadan onu son dərəcə narahat edən «qadın nə istəyir?» sualı ilə köçüb. Özüm qadın cinsinə mənsub olsam da heç özüm də bəzən nə istədiyimi bilmirəm, bu bədbəxt psix(analitik) kişi hardan biləydi?

Yəqin ki, qadın daima ideal olmağa can atdığı üçün bu qədər söhbət mövzusudur. Bunun üçün hər bir qadının öz sirləri var.  Əminəm ki, jurnalist qadınların sirləri oxucularımıza maraqlı olacaq.

«525-ci qəzet»in xanım müxbirlərinin  gözəllik sirlərini öz dillərindən eşitdiyim kimi yazıram.

Müxbir Sevinc Mürvətqızı yüngül, təbii makiyaja üstünlük verir. İki uşaq anası olmasına baxmayaraq, tələbə kimi görünür. Qırışsız dərisinə və gur saçına görə, özünün də dediyi kimi, yəqin ki, anası tərəfdən genlərinə minnətdar olmalıdır. 

Müxbir Günel Musanın gözlərini sürməsiz görmək hələ mənə nəsib olmayıb. Onu həmişə ərəb makiyajında və baxımlı saçlarla görə bilərsiniz. Günel deyir ki, qadın həmişə baxımlı olmalıdır.

Korrektor Cəmilə Ələkbərova ənlik-kirşandan istifadə etməyi sevir. Onun sözlərinə görə, yanaqlardakı ənlik qadın gözəlliyinin əsas bəzəyidir. Bəzəkdən söz düşmüşkən, Cəmilənin bəzək əşyalarına, xüsusilə qızıldan olanlarına böyük rəğbəti var.

Kompüter operatoru Vəfa Əliyeva həm də «Orifleym» kosmetika firmasının təmsilçisidir. O həmişə nəmləndirici kremin tərəfdarıdır. Onun mülahizələrinə görə, gənclərə kosmetika lazım deyil, cavanlıq özü gözəllikdir, amma yetkin qadın mütləq düzgün makiyaj etməyi bacarmalıdır.

Peşəkar jurnalistliyə gedən yolda uğurlu bir məktəb kimi təcrübə keçdiyim «525-ci qəzet»in hələ ki, «sonbeşik» təcrübəçisi kimi özüm haqqında onu deyə bilərəm ki,  qətiyyən makiyaj istifadə etmirəm. Bir sirrimi də açım ki, hələ çox gənc olduğumdan atam icazə vermir. Amma nə gizlədim, hərdən mənim də ürəyimdən makiyaj etmək keçir.

İndi keçək redaksiyamızın kişi qisminin fikirlərinə. Təbii ki, onların gözəllik sirlərindən yox,  ideal qadın haqqında nə düşündüklərindən, xəyallarındakı qadın obrazından bəhs edəcəyik.

«525-ci qəzet»in baş redaktoru Rəşad Məcid hesab edir ki, gözəl qadın həm də ağıllı, savadlı olmalıdır. Əks halda,  bu gözəlliyin heç bir mənası olmaz. Elə qadınlar var ki, onlar öz gözəlliyindən əmindirlər, amma bu xarici görünüşün arxasında heç nə dayanmır, onda mənim belə qadınlara marağım itir. Qadın gərək maraqlı, müəmmalı, sirli olsun. Azdanışan, yaxud çoxdanışan olması vacib deyil. Çoxdanışan olub maraqlı da ola bilər, ümumiyyətlə, heç nə danışmayıb müəmmalı, sirli də qala bilər.  Mən ümumiyyətlə, istər qadın olsun, istər kişi, çox danışanları xoşlamıram. İtalyan aktrisası Ornella Muti xəyalımdakı ideal qadın obrazına uyğundur.  Gözlərini xüsusilə bəyənirəm».

«İdeal qadın necə olmalıdır» sualına redaktor Yaşar Əliyev «ideal insan olmur, qadın isə heç olmur» kimi cavablandırdı: «Qadının beyninin həcmi kişininkindən azdır. Mənə məşhur rəssam, yaxud kinorejissor qadın adı çəkə bilərsinizmi?» cavabından sonra sualımı bir az bəzəməyə məcbur oluram: «Sizin üçün ideal qadın gözəlliyi necədir?» Cavab: «Bu da mübahisəli mövzudur. Mənim üçün gözəl olan kimin üçünsə çirkin ola bilər.  Məsələn, qədim Misirdə buxaq gözəllik rəmzi sayılırmış… Mənim daha çox məsum gözəllik xoşuma gəlir. Susqun, tamamilə sirli olan qadınları xoşlayıram»

Redaktor müavini Aydın Bağırova bu sualı verdikcə bacardığı qədər yayındı. Gah ovqatı olmadı, gah vaxtı olmadı, axırda da mən bezib yazası olmadım.

Publisist Tofiq Abdin qum saatı formasında olan qaraşın qadınları sevir.O qadınların çox danışan olmasına inanmır: «Hər halda mən hələ çoxdanışan qadına rast gəlməmişəm».

Müxbir Bəxtiyar Məmmədlinin fikrincə, qadın ilk öncə anlayışlı olmalıdır: «Qadın az sual verməlidir, problemlərin müzakirəsi ilə çox məşğul olmamalıdır. Uşaqların qayğısına qalmalıdır, çünki uşaqların tərbiyəsi ilk növbədə anadan asılıdır. Xarici görünüşə gəlincə, əlbəttə ki,  kifir olmamalıdır. Müasirliyin də tərəfdarıyam».( Qeyd edim ki, Bəxtiyar subaydır, yəqin ki, bütün bu keyfiyyətləri gələcək həyat yoldaşında görməyi arzulayır».

Müxbir Aqil Lətifov: «Bütün müsbət cəhətləri birləşdirən qadını ideal xanım hesab edirəm. Daxili gözəllik və xarici görünüş bir-birini tamamlamalıdır»

Müxbir Ceyhun Abasov mühafizəkardır, köhnə dəbli qızları xoşlayır: «Onda əsl azərbaycanlı ruhu olmalıdır. Özünə hörmət edən qadına mən də hörmət edərəm. Özünü kişilərlə dostluq və müasir geyim tərzində göstərən müasirliyin əleyhinəyəm2. ( Əlbəttə, facebookda kifayət qədər dostu olan bir müasir oğlandan bu cavabı eşitmək çox təəccüblü oldu)

Qəzetin mühasibi Ruhin Məmmədov təbəssümlə bildirdi ki, mənim həyatımdakı ideal qadınlar iki əkiz qızımdır ( yeri gəlmişkən, bunu ən yaxşı cavab hesab edirəm)

Bunlar bizim əziz "525"çilərin- qadınların və kişilərin qadınlar haqqında düşüncələri idi.

Mənim fikrimcə, həyatımızı qoyma kipriklər və silikon dodaqlarla çətinləşdirməyə heç bir ehtiyac yoxdur. Əgər sizi kimsə sevirsə, deməli, necə varsınızsa, elə də sevəcək. Məhz onun üçün siz ideal olacaqsınız. Əlbəttə, bizim sualımızdakı ideallıq məsələsi də nisbidir. Çünki ideal olan bircə Allahdır. Amma qadınlar istəsələr, kiminsə gözündə ilahəyə çevrilə bilərlər.

Firəngiz AĞALAR

 





02.05.2013    çap et  çap et