525.Az

Ağcabədidə arıçılıq təsərrüfatı genişləndirilir


 

Ağcabədidə arıçılıq təsərrüfatı genişləndirilir<b style="color:red"></b>

Əhalinin maddi durumunun yaxşılaşdırılması məqsədi ilə respublikamızda qeyri-neft sektorunun, xüsusilə kənd təsərüfatının inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılır.

Ölkə prezidenti İlham Əliyevin aqrar sahədə qarşıya qoyduğu vəzifələr bu gün uğurla yerinə yetirilir.

Görülmüş tədbirlər nəticəsində bölgələrdə kənd təsərrüfatı məhsulları istehsalının artırılması, ərzaq bolluğunun yaradılması sahəsində ilk uğurlara imza atılıb. Bütün bunlar yerli sakinlərlə bərabər, qaçqın və məcburi köçkünlərin güzarının, dolanışığının, həyat səviyyəsinin yüksəlməsinə ciddi təsir göstərib.Laçından olan köçkün, Taxta Körpü qəsəbəsinin Divlər adlanan ərazisində salınan Alxaslı obasında məskunlaşmış Səxavət Abbasovla söhbətimiz məsələyə aydınlıq gətirib.Dövlət başçısının çağırışından ruhlanan məcburi köçkün həyətyanı torpaq sahəsində yaratdığı arıçılıq təsərrüfatının genişləndirməsinə nail olub. Özünün dediyi kimi, təsərrüfatda  arı yeşiklərinin sayı 50-ni ötüb.

S.Abbasovun sözlərinə görə, babası Abdürrəhim və atası Niyazalı sovetlər dönəmində məhşur arıçılar kimi tanınıblar. Hazırda Səxavətlə birlikdə yaşayan 85 yaşlı Niyazalı kişi vaxtı ilə Laçının Alxası kəndində fəaliyyət göstərən sovxozda arıçılıq briqadiri vəzifəsində çalışıb. O, adıçəkilən rayonun qabaqcıl əmək adamlarından sayılıb. Səxavət özü də həmin sovxozda arı bəsləyib, daim bol məhsul yetişdirib. Polad Bəylərov adına Alxaslı köçkün tam orta məktəbində təsərrüfat müdiri işləyən S.Abbasov məskunlaşdığı ərazidə öz köhnə peşəsi ilə məşğul olmaq qərarına gəlib. O, xeyli vaxtır ki, işdən sonra, asudə vaxtlarında burada arı yetişdirməklə məşğuldur. Bol məhsul götürmək üçün arılara yaxşı qulluq edən, vaxtlı-vaxtında yemləmə aparan, ziyanvericilərə və xəstəliklərə qarşı mübarizə tədbirləri həyata keçirən arıçı bu işdə atası, qocaman mütəxəssis Niyazalı kişinin təcrübəsindən, köməkliyindən lazımınca yararlanır. Odur ki, ötən il olduğu kimi,bu il də təsərrüfatdan yüksək keyfiyyətli məhsul gözlənilir.

Səxavət Abbasov ailəsi ilə birlikdə qoyun-quzu, qaramal da bəsləyir. Təsərrüfatlardan əldə edilən yaxşı gəlir ailənin güzəranının xeyli yaxşılaşmasına səbəb olub. Onun qənaətinə görə, dağ yerində təsərrüfatla məşğul olmaq arandakından xeyli fərqlənir. Xüsusilə, arıçılıq sahəsində. Bu, ilk növbədə, təbii şəraitlə, hava, qida mənbələri ilə əlaqədardır. Arılar aranda bu yerlərdə çox rast gəlinən,yabanı yağtikanı, biyan,texniki yonca və pambıq bitkilərinin, eləcə də meşə ağaclarının çiçəklərindən məhsul götürür. İsti yerdə arı nisbətən sürətlə inkişaf edir, bal tez yetişir.Arıçılığın çox xeyirli və gəlirli sahə olduğunu qeyd edən təsərrüfat başçısı söhbətinin sonunda onu inkişaf etdirməyin vacibliyindən danışıb.

Qeyd olunub ki,  uzunmüddətli  kreditinin verilməsi ilə bu sahədə daha yüksək nəticələr əldə etmək olar. Bundan başqa, yetişdirilən bol məhsulu təhvil vermək üçün qəbul məntəqələrinin təşkil olunmasına da zəruri ehtiyac yaranıb. Arının halallığı çox sevdiyini vurğulayan S.Abbasov onun saxlanılması və məhsul satışı zamanı halallığın müləq gözlənilməsini məsləhət görür.

Yəhya PAŞAZADƏ

 





26.04.2017    çap et  çap et