525.Az

Tərtibatçı-dizayner Əziz Zeynalov: "Ən xırda səhvi də görməyi bacarırıq"


 

Tərtibatçı-dizayner Əziz Zeynalov: "Ən xırda səhvi də görməyi bacarırıq"<b style="color:red"></b>

Bəzən hər hansı bir memarlıq abidəsi və ya hansısa binanın tərtibatı, dizaynı diqqətimizi cəlb edər, hətta uzun müddət onun gözəlliyinə tamaşa edib zövq alarıq. Ancaq bu gözəlliyin yaradıcısı, qurucusu ilə maraqlanmaq çoxlarımızın ağlına belə gəlməz.

Müasir dövrümüzdə memarlıq, tərtibat-dizayner işinə maraq çox olsa da, həqiqi ustalar azlıq təşkil edir.

Aprelin 28-də sənətinin peşəkarlarından, qızıl əllərin sahibi Əziz Zeynalovun 55 illik yubileyidir.

Bu münasibətlə Əziz bəylə görüşüb ondan sənəti, fəaliyyəti haqqında öyrənməyə çalışdıq.

Danışmaqdan çox, gördüyü işlərlə göz önündə olmağı sevən müsahibim suallarımı cavabsız qoymadı...

- Əziz bəy, tərtibatçı-dizayner sahəsinə marağınız nə vaxt, hansı təsirlə yarandı?

- Mənim bu sənətə meylim uşaq yaşlarımda gözəl xətlərə olan marağımla yaranıb. Qonşuluqda bir ağsaqqal vardı, o, hər dəfə yazı yazanda mən onun xəttinə tamaşa edərdim. Çünki çox səliqəli və qeyri-adi yazısı vardı. Hərflərə özünəməxsus bəzək verərdi. Mən də diqqətlə onun əlinə baxıb, onun etdiklərini sonra öz-özümə təkrar edirdim. Bu minvalla məndə də o cür xətt formalaşmağa başladı. Sonralar məktəbdə nümayiş olunacaq yazıları, plakatları mənə yazdırardılar. Mən Bakı Politexnik texnikumunun və İnşaat Mühəndisləri İnstitutunun "Mülki sənaye-tikintisi" fakültəsini bitirmişəm. Uzun müddət öz ixtisasım üzrə Körpü-Tunel, Dəmir Beton konstruksiyaları zavodunda işlədim. Fəhləlikdən başlayaraq, sahə rəisi, satış şöbəsinin rəisi vəzifələrinə qədər yüksəldim. 1995-ci ildən sonra reklamla bağlı firma açdım. Orada reklam-tərtibat işləri ilə məşğul idim. Əvvəl tək işləyirdim, zaman keçdikcə isə gənc kadrlar yanımda bu işi öyrənməyə başladılar. 1998-2000-ci illərdən sonra mənim bu işimə olan maraq və tələbat artmağa başladı, artıq müxtəlif rayonlardan, bölgələrdən sifarişlər alırdım. Bu minvalla işimiz daha da genişləndi.

- Dediniz ki, bu sahədə xüsusi təhsiliniz olmayıb. Bəs, kimlərin təcrübələrindən bəhrələnmisiniz?

- Əslində mənim ixtisasım da hardasa memarlıqla əlaqədardır. Ancaq rəssam, heykəltəraş dostlarım çoxdur. Klassik rəssamlarımızın, heykəltəraşlarımızın da işləri ilə maraqlanırdım, tanış olurdum, öyrənirdim. Ancaq bu sənəti daha yaxşı öyrənməyimdə rəssam, heykəltəraş dostlarımın emalatxanalarında onların işlərini müşahidə etməyimin böyük təsiri olub. Bu işin əsas sirri istedaddan əlavə, görən gözünün, fantaziyanın, geniş düşüncənin olmasıdır. Həmçinin, bu işdə əsasən məsuliyyət, səbr və diqqətli olmaq lazımdır. Mənə görə, yaxşı rəsm əsəri, yaxşı heykəl insanla danışa bilməlidir. Bəzən hər hansı bir səhv tamaşaçının, seyirçinin gözünə görünməyə bilər. Ancaq biz bu sənəti bildiyimiz üçün ən xırda səhvi də görməyi bacarırıq.

- Bir az da fəaliyyətinizin istiqamətlərindən danışaq...

- Mənim ilk ən böyük fəaliyyətim 2000-ci illərin əvvəllərində prezidentin sərəncamı ilə bütün rayonlarda aparılan quruculuq işlərindən başlayıb. Ondan sonra müxtəlif rayonların icra hakimiyyətləri tərəfindən təkliflər aldım. Əsasən dövlət səviyyəli tədbirlərin tərtibatında işləmişəm. Azərbaycanın müxtəlif şəhərlərində, rayonlarında parkların, məktəblərin, idman komplekslərinin, gənclər mərkəzlərinin, dövlət müəssisələrinin, inzibati binaların, mədəniyyət saraylarının dizayn-tərtibat işlərini görmüşəm. Azərbaycanın Yaponiyadakı səfirliyindən aldığım sifarişləri həyata keçirmişəm.

- Bəs gördüyünüz bu işlər arasında çətinlik çəkdiyiniz, tərəddüd etdiyiniz iş olubmu?

- Xeyr, çətinlik çəkdiyim iş demək olar ki, olmayıb. Ancaq yaxşı mənada məni həyəcanlandıran, məsuliyyətimi daha da artıran, ən çox qürur duyduğum işlərim olub. Bunlar ulu öndər Heydər Əliyevin və ölkə başçımız İlham Əliyevin şərəfli həyat yolunu özündə əks etdirən stendləri hazırlamağımdır. Bu işlər daha böyük məsuliyyət tələb edirdi. Çünki bacardığımız qədər onların adlarına, gördüyü işlərə layiq stendlər tərtib etməli idik. Şükürlər olsun ki, müəyyən mənada öhdəsindən gələ bilmişik.

- Bu sahədə hansı uğurlar əldə etmisiniz?

- Mənim üçün əsas uğur elə bu sənətin yaşaması, gələcək nəsillərə ötürülməsidir. Ömrüm boyu da bunun üçün çalışmışam. Ondan başqa isə Özbəkistanda, Macarıstanda, Rusiyada və başqa xarici ölkələrdə stendlərin tərtibatında bilavasitə iştirak etmişəm. Ən böyük uğurum 2007-ci ilin oktyabrında Moskvada təşkil edilmiş "BibliObraz-2007" beynəlxalq festivalının stendini hazırlamağım olub. Biz orada Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə iştirak edirdik. Dünyanın 22 ölkəsinin iştirak etdiyi festival çərçivəsində biz "Azərbaycan" stendinin ekspozisiyasında Azərbaycan ədəbiyyatı klassiklərinin rus və başqa dillərdə nəşr edilmiş əsərlərini, Fondun nəşrlərini, Azərbaycan mədəniyyətinə və Qarabağ probleminə həsr olunmuş nəşr və multimedia disklərini, miniatürləri, musiqi alətlərimizi və Azərbaycan kulinariyasını nümayiş etdirdik. Çox sevindirici haldır ki, Azərbaycan həmin festivalda yüksək yerlərdən birini qazandı. Bunun üçün yenə də Heydər Əliyev fonduna və şəxsən Mehriban xanıma təşəkkür edirəm. Onların sayəsində biz bu cür böyük festivalda iştirak etdik, adımızı, sənətimizi və əl işlərimizi beynəlxalq arenada nümayiş etdirmək şansı qazandıq.

- Ailənizdə sənətinizi davam etdirən varmı?

- İki oğlum var, ikisi də İqtisad Universitetini bitirib, başqa sahələrdə ixtisaslaşmış mütəxəssislərdir. Biri Londonda, digəri isə Maltada təhsillərini davam etdiriblər. Heç biri bu sahəyə yiyələnmədi. Ancaq indi Nigar nəvəmdə rəssamlığa maraq hiss edirəm. Uşaq olsa da, görürəm ki, indidən öz fantaziyasına uyğun nələrsə çəkməyə çalışır. Bu, əlbəttə, məni çox sevindirir. Hər dəfə ona rəngli qələmlər, boyalar alıram ki, daha da həvəslənsin. İnşallah, bir az böyüyəndən sonra rəssamlıq kursuna yazdırmağı düşünürəm.

- Tələbələr yetişdirirsinizmi?

- Bəli, yetişdirdiyim, bu peşənin davamçıları olan tələbələrim çoxdur. Bəzi gənclər vardı ki, tələbə vaxtı üç aylıq tətil müddətində mənimlə işləmək üçün gəlirdilər, sonradan özlərində elə bir maraq yaranırdı ki, bu sənəti daha da dərindən öyrənmək üçün davamlı gəlib gedirdilər. Zaman keçdikcə onlar da reklam-tərtibat işində daha da püxtələşdilər. Fəxrlə deyə bilərəm ki, mənim yetişdirdiyim tələbələrim var ki, hazırda hərəsi bir tərəfdə müstəqil şəkildə bu işi davam etdirirlər. Bu, məni ancaq sevindirə bilər.

- Bu sənətdən yorulduğunuz, peşmanlıq çəkdiyiniz olubmu?

- Heç vaxt olmayıb. Əksinə, bu sənət məni daha da cavanlaşdırır, yaşadır. Mən bacardığım qədər aldığım sifarişi vaxtından əvvəl və daha yaxşı şəkildə çatdırmağa çalışıram. Olub ki, sifarişçi necə istədiyini təsvir edib, ancaq mən bir tərtibatçı gözü ilə elə cüzi ştrixlər etmişəm ki, o, gözlədiyindən də daha artıq razı qalıb. Mən indi də yeni-yeni ideyalarla, gələcəkdə görəcəyim yeni işlərin xəyalları ilə yaşayıram. Bəli, çətinliklərim olub, həm də çox olub. Ancaq bir stendi, tərtibatı hazırlayıb qurtarandan sonra aldığım zövq çəkdiyim bütün əziyyətləri, çətinlikləri unutmağıma bəs edir. 

Şahanə MÜŞFİQ

 





27.04.2017    çap et  çap et