525.Az

Çernobıl xatirələri: acı talelər


 

XƏLƏF HƏSRƏTOV: “QƏZANIN BAŞ VERDİYİ YERƏ GEDƏN 7 MİNDƏN ÇOX VƏTƏNDAŞIMIZ ÖZ İNSANLIQ BORCUNU YERİNƏ YETİRİB”

Çernobıl xatirələri: <b style="color:red">acı talelər</b>

Aprelin 26-sı Çernobılda dəhşətli qəzanın baş verdiyi gündür. Düz, 31 il bundan əvvəl, 1986-cı ildə dünya üzərində görünməyən bu qasırğa minlərlə insan taleyinə ağır zərbə vurdu.

Azərbaycandan 7 mindən çox adam öz həyatını təhlükə qarşısında qoyaraq Çernobıla yollandı. Sonrası acınacaqlı oldu. Respublikamızdan gedənlərin özləri də şüalanmaya məruz qaldılar. Lakin Çernobıldan qayıdanlar özlərinə qarşı biganəlikdən savayı heç nə görmədilər. Sovet rəhbərliyi onların problemlərinə laqeyd yanaşırdı. Çernobıl əlilləri acı taleləri ilə üz-üzə buraxılmışdı. Belə bir şəraitdə, hadisədən 4 il vaxt keçdikdən sonra Çernobıl əlillərimiz bir araya gələrək Azərbaycan Çernobıl Əlilləri İttifaqı İctimai Birliyi yaratmaq qərarına gəldilər.

Təşkilatın Nəsimi və Səbail rayon filiallarının sədri Xələf Həsrətov “525”ə bildirib ki, təzə yaradıldığı vaxt Çernobıl Əlilləri İttifaqı İctimai Birliyinin yerləşdiyi otaqda çoxlu adam vardı: “Hamısının da bənizi solğun idi. Onlar Çernobıldan qayıdanlar idi və böyük ümidlə bu təşkilata pənah gətirmişdilər. Doğrusu, ətrafımızda baş verən haqsızlıqlar ürəyimizi ağrıdırdı. Biz də belə qərara gəldik ki, SSRİ dövrünün bürokratçılığına, süründürməçiliyinə qarşı mübarizə aparmaq lazımdır. Onsuz da bizimlə heç kəs maraqlanmırdı. Əgər özümüz özümüzə gün ağlamasaydıq, heç kəs bizi itirib axtarmayacaqdı”.

Çernobıl xatirələrindən danışan X.Həsrətov qeyd edib ki, o dövrdə Bakı Baş Tunel Tikinti Birliyinin Mexanikləşdirmə İdarəsində ağır tonnajlı avtomobildə sürücü işləyirdi. Onun sözlərinə görə, gecə saat 01:00 radələrində Nərimanov rayon Hərbi Komissarlığı tərəfindən xəbər verildi ki, hazırlaşın: “Ancaq bizi hara və nə üçün apardıqları barədə bir söz demədilər. Hadisə yerinə gələndə bildik ki, bizi bura nə üçün gətiriblər. Biz Çernobıl torpağına çatanda artıq bəzi yerlər çəpərlənmiş, dirəklərə “ehtiyatlı olun! radiasiya!” sözləri yazılıb vurulmuşdu. Ən dəhşətlisi isə o idi ki, energetiklərin keçmiş mərkəzi Pripyat şəhəri çox acınacaqlı vəziyyətə düşmüşdü. Gözəl şəhərdən əsər-əlamət qalmamışdı. Vaxtı ilə insan nəfəsi ilə boy atan hay-küylü şəhərdə artıq bir adam da yaşamırdı. Şəhərin qeyri-adi sakitliyini görəndə adamı qəribə bir vahimə bürüyürdü, elə bil ki, burada bünövrədən insan yaşamamışdı, şəhər sanki quruca maketə bənzəyirdi”.

Təşkilatın Nəsimi və Səbail rayon filiallarının sədri bildirib ki, əsrin faciəsi adını alan Çernobıl qəzası ilə bağlı beynəlxalq konvensiyaya əsasən beynəlxalq qurumlar - MAQATE, BMT tərəfindən dünyada hüzn günü elan olunub: “Qəzanın baş verdiyi yerə gedən 7 mindən çox vətəndaşımız öz insanlıq borcunu yerinə yetirib. Hazırda respublikamızda 3 mindən çox Çernobıl əlili rəhmətə gedib. Əldə etdiyimiz məlumatlara görə, 4200 nəfərdən çox əlil yaşayır, 500-ə yaxın yataq xəstəsi var. Kədərli olsa da, sizə bildirirəm ki, Nəsimi rayonunda yaşayan 33 nəfər Çernobıl faciəsi zamanı şəhid olublar”.

İctimai birliyin fəaliyyəti barədə məlumat verən X.Həsrətov qeyd edib ki, qurum Çernobıl əlilləri və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi ilə məşğul olur: “Ümummilli lider Heydər Əliyev 2-ci dəfə hakimiyyətə qayıtdıqdan sonra, 1993-cü ilin dekabrın 6-da Çernobıl əlillərinin statusu və sosial müdafiəsi haqqında qanun qəbul edildi. 2002-ci ilin avqustun 12-də isə Nazirlər Kabinetinin qərarı ilə Çernobıl əlilləri 2-ci dünya Müharibəsi əlillərinə bərabər tutuldu. Ulu öndərin layiqli davamçısı prezident İlham Əliyev hakimiyyətə gəldikdən sonra Çernobıl əlillərinin sosial rifahı daha da yaxşılaşdırıldı. Çernobıl qəzasında iştirak etmiş və qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında Azərbaycan Respublikası qanununa əsasən prezident İlham Əliyev bir çox qərar və fərmanları həyata keçirib. Məhz buna görə də xüsusi etibarla ümidvarıq ki, hörmətli prezidentimiz Çernobıl əlillərinin ən əsas problemlərindən biri olan onların mənzil-məişət problemləri barədə yeni qərar və qanunlar qəbul edəcək. Bunu da heç vaxt unuda bilmərik ki, rəhbərlik etdiyim Nəsimi və Səbail rayon filiallarında hörmətli Asif Əsgərovun Azərbaycan Respublikası Prezidentin 25 iyun 2009-cu il tarixli sərəncamı ilə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı və 2 sentyabr 2015-ci il tarixli sərəncamı ilə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunduğu gündən bizim Çernobıl əlillərinə onun səyi nəticəsində diqqət və qayğı göstərilir və heç zaman unudulmuruq. Hörmətli Asif Əsgərov öz daxili imkanları hesabına bütün bayramlarda və Çernobıl faciəsinin ildönümü ərəfəsində Çernobıl əlillərinə səmimi münasibət bəsləyir, onları dinləyir, onlara maddi-humanitar yardımlar göstərir”.

Ceyhun ABASOV

 





29.04.2017    çap et  çap et