525.Az

Bakı İdarəetmə və Texnologiya Kolleci tələbələri Qobustan Qoruğunda


 

Bakı İdarəetmə və Texnologiya Kolleci tələbələri Qobustan Qoruğunda<b style="color:red"></b>

Bakı İdarəetmə və Texnologiya Kolleci (BİTKol) tələbələrinin Qobustan Milli Tarix - Bədii Qoruğuna ekskursiyası təşkil edilib.

Kollecdən 525.az-a verilən məlumata görə, ekskursiya qoruq ərazisində inşa edilən muzeylə tanışlıqdan başlayıb.

Muzey bələdçiləri tələbələrə məlumat verib ki, muzeyin açılışı 2011-ci ildə olub. Muzeyin girişində petroqliflər təqdim edilir. Qobustan petroqliflərinin rəsmlərini zalın divarlarında və tavanında görmək mümkündür. Rəsmlər halqavarı zolaqlar şəklində düzülüb.

Bələdçilər qeyd ediblər ki, muzeyin sərgi zalı müxtəlif bölmələrdən təşkil olunub. Hər bölmədə divarlara Qobustan qayaları haqqında məlumat verən xüsusi monitorlar quraşdırılıb. Döşəmələrə və divarlara qədim insanların məşğuliyyətini və həyat tərzini əks etdirən işıq şüalarından ibarət təsvirlər salınıb.

Eyni zamanda vurğulanıb ki, YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 2007-ci ildə Yeni Zelandiyanın Kristçorç şəhərində keçirilən 31-ci sessiyasında “Qobustan Milli Tarix - Bədii Qoruğu”nun Dünya Mədəni İrs Siyahısına daxil ediliməsi ilə bağlı yekdilliklə qərar qəbul olunub.

Sonra tələbələr qoruq ərazisindəki qədim rəsm nümunələrinə baxıblar. Qoruğun bələdçisi tələbələrə məlumat verib ki, Qobustan Azərbaycanın qədim tarixinin yadigarlarından biridir. Qoruq bu ərazinin üst paleolit və mezolit dövrlərinin ilk ovçu qəbilələrinin, neolit dövrünün ilk maldarlarının məskəni olmasını sübut edən abidədir.

Ərazidə aparılmış tədqiqatlar nəticəsində mindən çox qayanın üzərində altı mindən artıq təsvir qeydə alınıb. Burada 40-dan artıq kurqan aşkar olunub və 105 mindən çox maddi-mədəniyyət nümunəsi tapılıb.

Qobustan qayalarında insan, heyvan, kollektiv əmək, qayıq şəkilləri, döyüş və ov səhnələri təsvir edilib.

Oyma, sürtmə, çapma və cızma üsulları ilə çəkilmiş təsvirlərin ən qədimləri eramızdan əvvəl VIII minilliyə aiddir.

 





02.05.2017    çap et  çap et