525.Az

Ağcabədidə meliorasiya və irriqasiya tədbirləri həyata keçirilir


 

Ağcabədidə meliorasiya və irriqasiya tədbirləri həyata keçirilir<b style="color:red"></b>

Son dövrlər ölkənin iqtisadi həyatında,xüsusilə kənd təsərrüfatı sahəsində böyük canlanma, yeni bir ab-hava yaranıb.

Respublika prezidenti İlham Əliyevin göstərişlərinə əsasən bölgələrdə mühüm kənd təsərrüfatı sahəsi kimi pambıqçılığın inkişafına da diqqət və qayğı artırılıb. Görülmüş tədbirlər nəticəsində bu istiqamətdə ciddi uğurlara imza atılır. Nazirlər Kabinentinin cari ilin birinci rübünün yekunlarına həsr olunmuş iclasında əldə olunan nəticələri yüksək dəyərləndirən dövlət başçısı  aqrar sahədə  daha mühüm vəzifələr müəyyənləşdirib.Yığıncaqda kənd təsərrüfatının inkişafında, ərzaq bolluğunun yaradılmasında meliorasiya və suvarma işlərinin vacibliyi vurğulanıb,bunun üçün konkret tapşırıqlar verilib. Ağcabədi Rayon Suvarma Sistemləri İdarəsi bu sahədə mühüm tədbirlər həyata keçirir. Adıçəkilən idarənin rəisi Malik Mirzəyevin dediklərinə görə, 2016-cı ildə və bu ilin ötən dövrü ərzində bölgədə geniş meliorasiya və suvarma işləri aparılıb.

Qeyd olunub ki,bütövlükdə, kollektiv tərəfindən rayonun 36 min 300 hektardan çox əkin sahələrinə xidmət göstərilir.Ötən il təsərrüfatlarda 3 min 661 hektar sahəyə pambıq əkilib.Suvarma işlərinin səmərəli təşkili nəticəsində əkin sahələrində yüksək məhsuldarlıq əldə olunub.

Bu il bölgədə pambıqçılığa daha geniş meydan verdiyini bildirən idarə rəisi qeyd edib ki, əkin üçün nəzərdə tutulmuş 9 min 223 hektar sahədə geniş suvarma işləri təşkil olunub,arat aparılıb.  İdarə tərəfindən becərmə dövründə əkin sahələrinin müntəzəm suvarma suyu ilə təmin olunması diqqət mərkəzində saxlanılır. Qış aylarında mövsümə ciddi hazırlıq buna tam imkan yaradıb. M.Mirzəyevin sözlərinə görə,rayonda pambıqla yanaşı, taxıl və digər kənd təsərrüfatı bitkiləri əkin sahələrinin bol su ilə təmin olunması üçün  hər cür imkan mövcuddur.Təsərrüfatların suvarmaya olan tələbatını lazımınca ödəmək məqsədi ilə idarənin balansında olan bütün hidrotexniki qurğular işlək vəziyyətə gətirilib. Suvarma kanallarının təmiri və lildən təmizlənməsi üçün qabaqcadan tədbirlər görülüb. Daha çox pambıq əkiləcək sahələrə diqqət xüsusilə artırılıb. İlin ötən dövrü ərzində  şəhər mərkəzində, rayonun "Şənlik" və Aran kəndləri ərazilərindəki beton kanallar təmir olunub, lildən təmizlənib. Həmin ərazilərdə yerləşən  yüksək təzyiqli boru kəmərlərinin korriziyaya uğrayan hissələri dəyişdirilib.Rayonun Avşar kəndi ərazisində Yuxarı Qarabağ kanalı üzərində yerləşən nasos stansiyasında yeni boru xətləri çəkilərək istifadəyə verilib. Rayon icra hakimiyyətinin dəstəyi, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin köməkliyi ilə Nəcəfqulubəyli kəndində həyətyanı torpaq sahələrinin suvarılması məqsədi ilə alınmış yeni nasos stansiyasının avadanlıqları quraşdırılıb. Hazırda ərazidə yeni boru xətləri çəkilişi davam etdirilir.

İdarə rəisi bunu da qeyd edib ki, 2006-cı ildən etibarən, bölgənin qəsəbə və  kəndlərində Dünya Bankının vəsaiti hesabına kompleks meliorasiya və irriqasiya tədbirləri  həyata keçirilir.

İndiyədək 9 kənddə mövcud suvarma kanalları, diren kollektorlar və hidrotexniki qurğular əsaslı bərpa olunub. Ötən ildən Hacıbədəlli, Pərioğullar, Cəfərbəyli və Ağabəyli kəndlərində kompleks meliorasiya və irriqasiya işləri aparılır.

M.Mirzəyevin qənaətinə görə, atılan mühüm addımlara baxmayaraq,suvarma sahəsində hələ də müəyyən çətinliklər var. Rayonun Qaradolaq və Xocavənd kəndlərində suvarma suyuna ehtiyacla əlaqədar Yuxarı Qarabağ kanalı üzərində 2 ədəd nasos tikintisi çox vacibdir. Bu məqsədlə yuxarı təşkilatlar qarşısında müvafiq məsələ qaldırılıb. Bundan başqa, bölgənin "Kanalüstü" adlanan ərazilərində fəaliyyət göstərən subartezian quyularının məhsuldarlığının aşağı düşməsi səbəblərdən Yuxarı Qarabağ kanalı üzərində pilləli nasos stansiyası tikilməsi üçün də təkliflər verilib.

Sonda sudan istifadə haqlarının vaxtında ödənilməsi üçün ölçülər götürüldüyünü vurğulayan M.Mirzəyev mövcud çətinliklərin aradan qaldırılması, qarşısında duran vəzifələrin layiqincə yerinə yerilməsi üçün bütün imkanların səfərbərliyə alınacağını bildirib.

Yəhya PAŞAZADƏ

 





02.05.2017    çap et  çap et