525.Az

İstanbul Texniki Universitetində hüzn və qürur dolu bir gün


 

İstanbul Texniki Universitetində hüzn və qürur dolu bir gün<b style="color:red"></b>

İTÜ-də 1954-cü il məzunu İnşaat ali mühəndislərinin sinif toplantısına, atam dünyasını dəyişdiyi üçün, ailəmiz adından ən böyük qızı olaraq həmişə mən qatılmaq istərdim.
 
Bilirsiz niyə? O toplantılara gedəndə həmişə keçmişin indiləşməkdə olduğu anlar yaşayıram. İTÜ Maçka kampusunun qapısından bağçaya addım atdığım andan başlar ürəyimin quş kimi çırpınması... Rahatlıq və xoşbəxtlik hiss edirəm. Ardınca atamın buradan məzun olmasının verdiyi qürur... 

İTÜ Maçka Sosial Təsisatlar binasının nərdivanlarından çıxıb salona girdiyimdə xəfifdən həyəcan duyuram. Çünki dostlarını görəndə atamın universitet illərini xəyal edirəm... Və sonra o dönəmin insanlarına məxsus ciddi, düzgün, özündən əmin, ağır duruşları həmişə xoşuma gəlir, lap atamda gördüyüm kimi...    

Dostlarından bir çoxu uşaqlığımızı, bal və piyano dərslərinə gedişimizi, bal gecələrimizi, məslək sahibi olmamızı, ailə qurmamızı, hətta nəvələri belə çox yaxşı xatırlayırlar. Həmişə paylaşılmış ortaq həyəcanlar, sevgilər, sevinclər və çox təəssüf ki, sevimli ana-atamız vəfat edəndə yaşanmış hüzn... 

Bu ay baş tutan toplantı 25 apreldə oldu. Atamın doğum günüydü. Onu böyük sevgiylə anan dostları da atamla bağlı xatirələrini dilə gətirdilər. Mən də atamla yaşadığımız gözəl günlərdən söz edərkən proyektorla fotolarını göstərdim... 

2007-ci ildə "Ataköy" qəzetində yayımlanmış "Atalar və qızları" adlı köşə yazımdan alıntılarla çıxışımı davam etdirdim.

"O mənim atamdı, çox sevdiyim, saydığım, yaraşıqlı və avtoritar atam. İlk qızıydım, dörd qızından birincisi, ən böyüyü. Həmişə içim titrərdi, hər şeyini, hər şeyini diqqətlə izlərdim. Beş yaşındaykən anam, atam, bacım və mən gəmiylə İzmirə getdik. Kordondan faytona minib birbaşa İzmir sərgisinə yollandıq. Gah anam, gah atam şəkil çəkdilər. Və anam sərgidə qadın heykəlinin üstündə oturub poza verən atamın fotosunu çəkmək istəyəndə ağlamağa başladım. "Yox, atam o qadının qucağına otura bilməz" - deyə. Nə qədər komikdi! Daş heykələ qısqanacaq qədər çox sevirdim atamı. Mənimki fərqli sevgiydi. Onları çox sevirdim, amma əsla göstərə bilməzdim.

... Gedərək sürətlənən yaşamda ulduz kimi axan anlardan xəyallar muzeyinə girib dolaşmaq... Muzeylər həmişə keçmişə qaytarır insanı;  indiylə keçmiş qarışaraq yaşadığımız yerlə göy arasında yumşaq meh kimi sarır mənliyimizi, sözcüklərlə görür, yaşayırıq haa, bax elə bir şey... Arxasınca qaçdığımız keçmiş gələcəkdə sona çatarkən onlar yenidən yaşanır. Saralmış hüznlü yarpaqlar sevincli rüzgarlarla sovrularkən həyatdan yağmur yağar... İslanır bütün xatirələr...  Sevgilərimiz... Hafizəmdə hər şey bugünkü kimidir. Yaşadığım zaman və çevrə keçmişə işıq tutarkən yaşananları yenidən yaşamanın imkansızlığımı insanı çarəsiz və gücsüz edib, həm xoşbəxt, həm də bədbəxt qılan?

Ancaq ana-atasını çox uzaqlara göndərənlər anlayar, geridə qalanlar bu sevgi yoxluğunun əskikliyini dərk edə bilməz. Ana və ata nəfəsi əskiləndə ətrafındakılara baxıb əslində sənə həyat verənlərin səni nə qədər yaxşı və güclü yetiştirdiklərini anladığında daha da çox darıxarsan. Çatılmayan uzaqlıqlardakı sevgilər..." (Yasemin Bayer. "Ataköy" qəzeti, İstanbul , oktyabr, 2007, say164)

Atam "mənim qəhrəmanım" idi.  Dürüst, etibarlı xarakteriylə həmişə örnək oldu. Və həmişə heyranı oldum. Bu gün də zaman-zaman düşdüyüm situasiyalarda "o olsaydı necə davranardı?" - deyə düşünərək qərar verirəm.

Çıxışımın sonunda atamın dostlarından verdiyim dəftərə atamla bağlı bir neçə cümlə yazmalarını rica etdim.

Dəftərə yazılanlardan bəzilərini sizlərlə paylaşmaq istəyirəm:

Semra-Nurhan Motugan: "Sevgili qardaşım Attila, xatirələrimiz çox uzaqlarda qaldı, amma əziz qızım doğum günündə onları o qədər gözəl canlandırdı ki... Bizləri duyursansa, çox sevinəcəksən. Sevgilər!"

Şenol Utku: "Əziz Attila, səni anmaq, xüsusən, qızının nəfis çıxışından sonra, bütün sinif yoldaşlarını məmnun etdi. Səni heç vaxt unutmayacağıq!"

Haldun Dinçman: "Dostum Attila, bu gün, 25 aprel 2017-ci il,  doğulduğun tarixdə səni andıq. Böyük qızının xatirələrini dinlədik. Səni yaddan çıxarmayacağıq!"

Lütfü Örgücü: "Sevgili dostum Attila, bu gün yoldaşlarımızla səni xatırladıq. Yaseminin uğurlu işlərini iftixarla dinlədik. Səni rəhmətlə anırıq!"

Lütfü Eldem: "Qiymətli dostum, mərhum Attila Bayerin dəyərli böyük qızı Yasemin Bayeri təqdir və qibtə ilə tanıdım. Uğurlarının davamını arzulamaqla yanaşı, Attila qardaşıma və əziz mərhumə Sevim bacımıza rəhmət diləyirəm!"

Ergun Çağlar: "Sevgili Yasemin, bu gün mənə müstəsna bir gün hədiyyə etdin. Ataköydə; rəhmətlik Sevim, atan Attila və uşaqlarımız olaraq Səba, Fəhmi, Sevinc və siz bacılar gözümün önündən film şəridi kimi axdınız. C blokunda və terrasında əziz Attila ilə söhbətlərim, zarafatları, bu gün istər atan, istərsə ananın xatirələri qəlbimi acıdaraq gözümdən axıb getdi. Nə yaxşı ki, sənin kimi iddialı, milliyyətçi qızları var. Hamınızın xətri mənim üçün ölçülməyəcək qədər dəyərlidir. Məkanları cənnət olsun!"

Rüçhan Göksel: "Sevgili Attilaya çox dəyər verirəm. Çünki yaxın dostluğumuzdan əlavə, 1954-cü ildə İTÜ  İnşaat fakültəsini bitirməmə kömək edib. Son kursda Dəmir-beton dərsimizdə yekun imtahanlarına girə bilməmə ehtimalımız yaranmışdı. O da eyni durumdaydı. Kafedraya gedib daha bir imtahan keçirilməsinə nail oldu. O imtahandan keçib yekun imtahana qatılma haqqı əldə etdik. Buna görə Attilanın həyatımda çox özəl yeri var. Onu rəhmətlə anıram. Qəbri nurla dolsun!"

 Toplantıya qatılan hər kəsə təşəkkür edəndə atamın bizi uzaqlardan gülümsəyərək izlədiyini düşünürdüm.

Dəyərli Azərbaycan yazıçısı Anarın valideynlərəni itirdikdən sonra yazdığı "Sizsiz" romanının son cümlələri gəldi ağlıma:

"Əlvida deyə bilmirəm onlara.

Hələlik - deyirəm, görüşənə qədər, - deyirəm.

Gülə-gülə - deyirəm.

Sağ olun, deyirəm.

Sağ olun ki, vardınız.

Sağ olun ki, varsınız.

Sağ olun ki, hər zaman bizimlə qalacaqsınız".

Mən də bu düşüncəyə böyük səmimiliklə qatılıram.

Əziz anam və atam,

"Sağ olun, deyirəm.

Sağ olun ki, vardınız.

Sağ olun ki, varsınız.

Sağ olun ki, hər zaman bizimlə qalacaqsınız." (Anar. "Sizsiz", "Gənclik" Nəşriyyatı,  Bakı 1992)

(Çevirən: Cavid Qədir)

 





02.05.2017    çap et  çap et