525.Az

“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri mükafatlandırıldı


 

“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri mükafatlandırıldı<b style="color:red"></b> Gülüstan Sarayında Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə təşkil olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
 
APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov bildirib ki, müsabiqə ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında Təhsil Nazirliyi, Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təşkil olunub.
 
Nazir deyib ki, Heydər Əliyev təhsilin inkişafına böyük diqqət və qayğı göstərib, bu sahə ilə bağlı yeni ideyaları, əsas istiqamətləri müəyyənləşdirib: “Onun tərəfindən əsası qoyulan mühüm islahatlar son 14 ildə prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Artıq Azərbaycanın yeni inkişaf modeli formalaşıb, aparılan uzaqgörən siyasət nəticəsində sabitlik qorunub saxlanılır, ölkənin gücü və qüdrəti durmadan artır”.
 
Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov qeyd edib ki, son illər ölkədə formalaşan dəyərli ənənələrdən biri də məktəblilər arasında Heydər Əliyevin zəngin irsinin öyrənilməsi məqsədi daşıyan müsabiqənin keçirilməsidir: “Bu günə kimi müsabiqə qalibi olmuş 50 tələbəyə yaradıcısı Heydər Əliyev olan hakim partiya tərəfindən təqaüd verilib. Müsabiqədə qalib gələn şagirdlər gələcəkdə ali məktəbə qəbul olunarsa, onlar 4 illik təhsil müddətində YAP-ın təqaüdünü alacaqlar. Bu gün Azərbaycan hakimiyyətinin qarşısında duran əsas məqsəd ondan ibarətdir ki, gənc nəsillərin arzu etdiyi cəmiyyəti gələcəkdə onlara təqdim edə bilək. Bu ümumi məqsədə nail olmaq üçün var gücümüzlə çalışırıq”.
 
Sonra çıxış edən Heydər Əliyev Fondunun departament rəhbəri Soltan Məmmədov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Səttar Mehbalıyev qalibləri qazandıqları uğur münasibətilə təbrik ediblər.
 
Sonda “Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələrinə əsasən 6 nəfər I, 9 nəfər II, 15 nəfər III dərəcəli diplomla, 23 nəfər isə tərifnamə ilə təltif olunub. Müsabiqə qaliblərinə mükafat və müxtəlif qiymətli hədiyyələr təqdim edilib.
 





03.05.2017    çap et  çap et