525.Az

Səfir: "Ölkələrimiz turizm sahəsində böyük potensiala malikdir"


 

"AZƏRBAYCAN-SLOVENİYA ƏLAQƏLƏRİ YÜKSƏK SƏVİYYƏDƏDİR"

Səfir: "Ölkələrimiz turizm sahəsində böyük potensiala malikdir"<b style="color:red"></b>

Müsahibimiz Sloveniyanın Azərbaycandakı (iqamətgahı Türkiyədə) səfiri İqor Jukiçdir. Səfir ötən ilin noyabr ayında özünün diplomatik missiyasına başlayıb.

O, müsahibə zamanı iki ölkə arasındakı əlaqələrdən, nəzərdə tutulan tədbirlərdən danışıb. 

-Cənab səfir, ölkələrimiz arasında əlaqələrin səviyyəsini necə dəyərləndirirsiniz?

-Sloveniya Azərbaycan Respublikasının dövlət müstəqilliyini 27 dekabr 1991-ci ildə tanıyıb. Ölkələr arasında diplomatik əlaqələr isə 1996-cı ilin fevral ayında qurulub. 2014-cü ildə Sloveniyanın Azərbaycanda fəxri konsulluğu açılıb. 2012-ci ilin noyabrında isə Azərbaycanın Avstriya, Slovakiya və Sloveniyadakı səfirliyinin Lyublyana ofisinin rəsmi açılışı olub. Azərbaycandakı fəxri konsulumuz Elnur Allahverdiyevlə müntəzəm olaraq əlaqə saxlayırıq. Onun əsas fəaliyyət istiqaməti hər iki ölkəyə aid olan biznes subyektlərinin bir-biriləri ilə əlaqəli və səmərəli şəkildə işləmələrini təmin etməyə yönəlib və həyata keçirdiyi fəaliyyətlə iki xalqın yaxınlaşmasında mühüm rol oynayır. Bir ölkədə iqamətgahı olmayan səfir (konsul) kimi fəaliyyət göstərmək o qədər asan deyil. Bütün sahələri daim nəzarətdə saxlamalı olursan. Lakin əsas odur ki, əlaqələrimiz yüksək səviyyədədir, müntəzəm şəkildə qarşılıqlı səfərlərimiz olur və heç şübhəsiz ki, yüksələn xətlə də davam edəcək. İqtisadi, ticari əlaqələrimiz də yüksək səviyyədədir və deyərdim ki, bu sahələrdə nəzərə çarpacaq dərəcədə inkişaf var. İnsanlarımız isə mədəniyyətlərarası dialoq vasitəsilə bir-birlərinə daha da yaxınlaşır ki, bu da bir diplomat kimi bizi sevindirməyə bilməz.

- Sloveniyalılar Azərbaycanı necə tanıyır və ümumiyyətlə, bu gün Azərbaycan Sloveniyadan necə görünür?

-Biz bilirik ki, Azərbaycan Odlar diyarıdır. Təsadüfi deyil ki, Avropa Oyunları atəşi də ilk dəfə olaraq Azərbaycanda yandırıldı. Azərbaycan Respublikası gənc, müstəqil dövlətdir. Ölkəniz coğrafi baxımdan çox əlverişli nöqtədə qərar tutub. Çox zəngin tarixi irsiniz var. İki il öncə Lyublyanada Azərbaycanın böyük şairi Nizaminin heykəli qoyuldu. Mən bilirəm ki, o, XII əsrdə Gəncə şəhərində yaşayıb və bütün Şərqdə çox tanınmış şair olub.

Hər bir ölkə, ələlxüsus gənc və kiçik ölkələr öz tanıtımları üçün təbliğat aparır. Bu təbliğat iqtisadi, mədəni, turizm və s. sahələrdə ola bilər. Sevinirəm ki, Azərbaycan da müxtəlif tədbirlər keçirməklə bu missiyanın öhdəsindən çox gözəl gəlir. Deyərdim ki, insanlarımızın çoxu Azərbaycanı tanıyır. Məsələn, mənim 13 yaşlı qızım ölkənizdəki "Eurovision" müsabiqəsini izləyirdi. Hətta deyirdi ki, sən necə səfirsən ki, mənə Bakıda keçirilən Avroviziya musiqi müsabiqəsinə bilet almırsan (gülür).

- Bəs turizm sahəsində əlaqələrin perspektivlərini necə görürsünüz?

-Bu sahədə hər iki ölkə böyük potensiala malikdir. Sloveniya bir turizm ölkəsidir. Ölkəmizin çox gözəl coğrafi şəraiti var. Sloveniya ərazisi kiçikdir, amma çoxlu rayonlardan ibarətdir. Ölkəyə çoxlu sayda turist gəlir. Bizdə turizmin bir çox sahələri də inkişaf etdirilib ki, bu, Azərbaycan turistlərini özünə cəlb edə bilər. Elə götürək sağlamlıq turizmini. Bundan başqa, aktiv turizm və onun bütün növlərinin inkişaf imkanları mövcuddur: xizək, velosiped, su idmanı, at çapmaq, alpinizm və s. Yaşıllıq turizminə gəlincə, Sloveniya dünyada bu sahə birinci yerdə dayanır. Turizm ölkəmizin əhəmiyyətli gəlir sahəsini təşkil edir. Azərbaycanlı turistlər daha çox ölkəmizin şərqindəki kurort zonada - Roqaşka Slatinada dincəlməyə üstünlük verirlər. Bura mineral sular və maqneziumlarla zəngindir.

- Azərbaycanla bağlı təəssüratınız nədən ibarətdir?

-2001-ci ildə ilk dəfə Sloveniya Xarici İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə Bakıya səfər etmişdim. Ötən il isə etimadnaməmi təqdim etmək üçün növbəti dəfə Bakıya getdim və çox təəccübləndim. Şəhər son 15 ildə çox dəyişmiş, gözəlləşmişdi. Xəzər dənizi, şəhərin memarlıq quruluşu, qədim şəhər, Qız qalası - bunlar hamısı çox gözəldir. Deyirlər ki, Bakı ətrafında da çox gözəl tarixi abidələr var. Gələcəkdə imkan tapan kimi Bakı ətrafına, eləcə də Azərbaycanın digər görməli, tarixi bölgələrinə səfər etməyi düşünürəm.

- Mədəniyyət sahəsində əməkdaşlıq barədə nə deyə bilərsiniz?

- Xalqları, insanları yaxınlaşdıran mühüm amillərdən biri də mədəniyyətdir. Çünki bu məfhum heç bir sərhəd tanımır və universal dəyərdir. Biz bununla bağlı çoxlu cəhdlər etməliyik. Azərbaycan və Sloveniya kimi kiçik ölkələrdə mədəniyyətin inkişaf etməsi, mədəni tanıtım vacibdir. 2015-ci ilin martında Bakıdakı Heydər Əliyev Mərkəzində "Azərbaycanda Sloveniya günü" adlı tədbir keçirdik. Tanınmış Sloveniya rəssamları - ata və oğul Peter və Joze Ciuhaların sərgisi oldu. Sloveniya sənətçisi Ljuben Dimkaroski dünyanın ən qədim fleytasında musiqilər səsləndirdi. Həmçinin, məşhur "Eroika" qrupunun konserti oldu. Tədbirləri xeyli sayda tamaşaçı izlədi və çox gözəl keçdi.

Biz bu minvalla, mədəni əlaqələrimizi qarşılıqlı şəkildə davam etdirməyə cəhd göstərməliyik. Düşünürəm ki, Azərbaycanın Sloveniyadakı səfirliyinə mədəni attaşe göndərmək imkanı var və bu, çox gözəl olardı. Bizim Bakıdakı Xalça Muzeyi ilə gözəl əlaqələrimiz var. İki ölkənin muzeyləri arasındakı anlaşmaya görə, Lyublyana Xalça Muzeyində Azərbaycan xalçalarının nümunələrindən ibarət sərgi keçiriləcək. Biz yaxın gələcəkdə bu anlaşmanı həyata keçirmək niyyətindəyik. Bu barədə müzakirələr gedir. Gələcəkdə Sloveniyada Azərbaycan mədəniyyəti günlərinin də keçirilməsi mədəni əməkdaşlığımızın inkişafı baxımından gözəl olardı.

 Onu da deyim ki, Sloveniya da qədim mədəniyyətə malikdir. Bir sıra abidələrimiz UNESCO-nun irs siyahısına daxil olub. Məsələn, bu sırada Skocjan mağaralarını göstərmək olar. Bu, dünyada ən böyük yeraltı kanyonların və yeraltı çaylarının olduğu bir məkandır. 1986-cı ildə UNESCO-nun Dünya irs siyahısına daxil edilib. Burada Merkuri mirasının adını da çəkmək olar ki, bu da iki civə mədəni - Almaden və İdrijanı əhatə edir. İdrija dünyanın ən böyük iki civə mədənindən biridir. Ümumiyyətlə, yuxarıda sadalananlarla yanaşı, dünya mirasına daxil olan digər abidələrimiz də turistlərin diqqətini çəkməkdədir.

PƏRVANƏ

 





03.05.2017    çap et  çap et