525.Az

Aqil Abbas Bakıdakı 14 saylı məktəbin qonağı oldu


 

Aqil Abbas Bakıdakı 14 saylı məktəbin qonağı oldu<b style="color:red"></b>

Dünən Bakının Nəsimi rayonundakı 14 saylı tam orta məktəbdə yazıçı, millət vəkili Aqil Abbasın həyat və yaradıcılığına həsr olunmuş "Torpaq- mənim namusum, torpaq mənim ünvanımdır" adlı ədəbi-bədii gecə keçirilib.

Tədbirdə məktəb rəhbərliyi, Bakı şəhəri üzrə Təhsil İdarəsinin, Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndələri, məktəbin müəllim və şagird kollektivi, valideynlər, media nümayəndələri iştirak ediblər.

Ədəbi-bədii gecə Azərbaycan Respublikasının Dövlət Himni ilə açılıb.

Aqil Abbası və digər qonaqları salamlayan məktəb direktoru Hürzad Verdizadə məktəbdə bu cür tədbirlərin müntəzəm keçirildiyini deyib: "Təhsil nazirimiz Mikayıl Cabbarovun 16 dekabr 2014-cü ildə imzaladığı "Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması" ilə bağlı sərəncamına əsasən, artıq bir neçə ildir ki, mütəmadi olaraq, məktəbimizdə bu kimi tədbirlər, şair və yazıçılarla görüşlər keçiririk. Əlbəttə, bu cür tədbirləri keçirməkdə əsas məqsədimiz şagirdlərdə mədəniyyətimizə, ədəbiyyatımıza olan marağı artırmaq, onlara vətənpərvərlik ruhunu aşılamaqdır. Bu gün hörmətli yazıçımız Aqil Abbasla görüşün təşkil edilməsində də məqsədimiz budur. Çünki Aqil müəllimin yaradıcılığında vətənpərvərlik ruhlu əsərlər, əsasən Qarabağ mövzusu daha qabarıqdır. O, Qarabağ müharibəsinin canlı şahidi, işğal ağrı-acısının daşıyıcısı olaraq, hər zaman qələmilə bu problemi diqqətə çatdırır. Düşünürəm ki, onun əsərləri hər bir azərbaycanlı üçün dəyərlidir".

Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Elnurə Mamedova öz çıxışında kitabın insan həyatındakı rolu barədə danışıb, Aqil Abbasın roman və povestlərindən misallar çəkib: "Xalqımızın  vətənpərvər oğullarının obrazları Aqil Abbasın özünün bir sıra əsərlərində öz əksini tapıb. Bu xüsusda "Dolu" romanını mütləq vurğulamaq lazımdır.

Aqil müəllim müharibə davam edə-edə onun haqqında yazan yazıçıdır. Deməliyəm ki, bu, daha çətindir. O, "Dolu" romanında hələ də davam edən Qarabağ müharibəsinin sonunu öz təsəvvürünə uyğun olaraq göstərir".

Daha sonra şagirdlərin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub. Kompozisiyada məktəbin müxtəlif sinif şagirdləri "Qarabağ şikəstəsi"ni, "Yanıq Kərəmi" saz havasını, "Ana, mən şəhid oldum", "Hay ver mənə, cənab leytenant" mahnılarını,  Xalq şairlərindən Bəxtiyar Vahabzadə, Məmməd Araz və Zəlimxan Yaqubun vətənpərvərlik ruhlu şeirlərini səsləndiriblər.

Aqil Abbasın "Qar üstündə qan çiçəyi" povesti əsasında hazırlanmış səhnəcik tədbir iştirakçılarının xüsusi marağına səbəb olub.

Kompozisiyanı böyük maraqla izləyən A.Abbas bu cür tədbirləri təşkil etdiklərinə görə məktəb rəhbərliyinə öz təşəkkürünü bildirib: "Mən belə tədbirlərin keçirildiyini görəndə sevinirəm. Şagirdlərimiz yazıçılarımızı, şairlərimizi tanımalıdırlar, onlarla canlı ünsiyyətdə olmalıdırlar. Bu tədbirdə xoşuma gələn bir cəhət də burada valideynlərin də iştirak etməsi oldu. Fikrimcə, bu, daha vacibdir. Bayaq şagirdlər mənim povestimdən səhnəcik canlandırdılar. Bu, məni çox kövrəltdi. 2001-ci ilin 30 dekabrında Hinaldağda bizim yeddi əsgərimiz soyuqdan donaraq şəhid olmuşdu. Bu hadisə mənə çox pis təsir etmişdi. Bir anlıq o yeddi oğulun yerində öz övladlarımı düşünmüşdüm. Onlar da bizim balalarımızdır. Səhərisi yeni il bayramı idi. Biz ailəmizlə birgə həmin bayramı qeyd etmədik. İki günün içərisində o povesti yazıb bitirdim. Həqiqətdə orada hamı ölsə də, mən əsərimdə bir nəfəri ümid işığı kimi sağ saxladım".

Yazıçı öz kitablarını məktəbin kitabxanasına hədiyyə edəcəyinə söz verib: "Mən tez-tez kitablarımı kitabxanalara hədiyyə edirəm. Düşünürəm ki, bu, hər bir yazıçının mənəvi borcudur. Dünyada kitabdan gözəl heç nə yoxdur. Məncə, orta məktəblər sadəcə universitetlərə tələbə yetişdirən qurum deyil. Onun vəzifəsi dövlətə vətəndaş yetişdirməkdir. Bunun da ən gözəl yolu kitablardan keçir".

A.Abbas tədbirdə adı çəkilən "Dolu" romanını da xatırlayıb: "Dolu" romanını 1992-2008-ci illər arasında yazmışam. Bir dəfə bir jurnalist məndən soruşdu ki, Aqil müəllim, biz bu əsəri oxuyanda sanki nəfəssiz qalırıq, havamız çatmır, bəs siz bunu yazanda necə dözmüsünüz? Mən də dedim ki, bu əsəri yazarkən dəfələrlə ağladığım olub. Elə indi də onu hər oxuyanda özümdən asılı olmadan ağlayıram. Çünki orada canlandırdığım uşaqların hamısını şəxsən tanıyırdım. Onlardan qucağımda ölənlər də vardı. Hər oxuyanda həmin uşağın özü gəlib durur gözümün qarşısında".

Sonda millət vəkili müəllimlərə duyduğu sonsuz sevgidən və hörmətdən danışıb, uşaqları müəllimlərini sevməyə səsləyib: "Yaradıcı adam, müəllim pis ola bilməz. Müəlliminə hörmət etməyən bir millət məhvə məhkumdur. İnsanı insan da, vətəndaş da edən müəllimdir".

Müəllimlər xatırlanmışkən, Aqil Abbasın müəllimi Bəxtiyar Vahabzadənin vaxtilə ona həsr etdiyi "Biz nələri itirdik" şeiri səsləndirilib. Daha sonra məktəbin musiqi müəllimi Xanım Zeynalovanın A.Abbasın sözlərinə yazdığı "Çiçəkləri ayaq altına atmayın" mahnısı ifa edilib.

Şahanə MÜŞFİQ

 





03.05.2017    çap et  çap et