525.Az

"Qızıl Kəlmə" - ədəbiyyata qayğının yüksək təzahürü


 

YENİ LAUREATLAR BU MÜKAFATI HƏM ÖZ YARADICILIQLARINA, HƏM DƏ ÜMUMƏN BƏDİİ SÖZƏ VERİLƏN BÖYÜK DƏYƏRİN GÖSTƏRİCİSİ HESAB EDİRLƏR

"Qızıl Kəlmə" - <b style="color:red">ədəbiyyata qayğının yüksək təzahürü</b>

Mayın 1-də Beynəlxalq Muğam Mərkəzində "Qızıl Kəlmə" Ədəbi Mükafatının 2017-ci il üçün qaliblərin təltif edilməsilə bağlı mərasim keçirilib.

Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, tanınmış ədəbiyyat və mədəniyyət xadimləri, media nümayəndələri iştirak ediblər.

Ə.Qarayev mərasimdəki çıxışında "Qızıl Kəlmə"yə və bu kimi ədəbi mükafatlara olan marağın dövlətimizin mədəniyyətimizə, ədəbiyyatımıza olan diqqətinin, qayğısının nəticəsi olduğunu deyib: "Dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın uğurlu fəaliyyəti nəticəsində artıq Azərbaycan dünyada mədəniyyət sahəsində aparıcı qüvvələrdən birinə çevrilməkdədir. Bu cür inkişafla dövlətimizin yaxın illər ərzində dünya mədəniyyətində bir örnəyə çevriləcəyinə şübhə etmirik". Azərbaycan ədəbiyyatını dünyada tanıtmaq yolunda həyata keçirilən və  nəzərdə tutulan tədbirlərdən söz açan Ə.Qarayev "Qızıl Kəlmə" mükafatının təsis və təqdim olunmasını bu siyasətin ayrılmaz tərkib hissəsi adlandırıb. 

Sonra qaliblərin təltifatı gerçəkləşib. 2017-ci il üzrə "Qızıl Kəlmə" Ədəbi Mükafatının "Nəsr əsərləri nominasiyası üzrə" qalibləri Sona Vəliyeva ("İşığa gedən yol" kitabı), Vaqif Nəsib ("Sənsizlik, mənsizlik, onsuzluq" romanı) və Əkrəm Qaflanoğlu ("Talelər kəsişəndə" kitabı) seçilib.

"Poeziya əsərləri nominasiyası üzrə" Firuzə Məmmədli ("Seçilmiş əsərləri" kitabı) ilə Vaqif Bayatlı Odər ("Hər iki dünyanın ən gözəli" silsilə şeirləri) qalib olub.

"Ədəbi tənqid və publisistika əsərləri nominasiyası"nda Bəsti Əlibəyli ("İkinci mətn" kitabı) və Nərgiz Cabbarlı ("Qurtuluşdan sonra. Yeni nəsil ədəbiyyatı" kitabı) mükafat qazanıb.

 "Orijinaldan bədii tərcümə əsərləri nominasiyası" üzrə  Əyyub Qiyas (Svetlana Aleksiyeviçin "Müharibənin qadın olmayan üzü" romanı) və Fərid Hüseyn (Orxan Kamalın "Nazim Hikmətlə 3 il yarım" əsəri) mükafat alıb.

 "Uşaqlar üçün yazılmış bədii əsərlər nominasiyası üzrə" qaliblər Zahid Xəlil ("Ağ leyləklər" kitabı) və Qəşəm Nəcəfzadədir ("Çiçəkli xalça" kitabı).

 "Qızıl Kəlmə" Ədəbi Mükafatı çərçivəsində "Şans" ödülünə Mirmehdi Ağaoğlu ("Alman malı" kitabı ) və Şəhriyar del Gerani ("Darıxmağın adı" kitabı) layiq görülüblər.

Qaliblərə diplom, pul mükafatı və xüsusi plaket təqdim edilib.

Mükafatçılar müsabiqə haqqında, yaradıcılıqlarının dəyərləndirilməsi barədə təəssüratlarını bölüşüblər.

Nəsr əsərləri nominasiyası üzrə qalib olan yazıçı Sona Vəliyeva bildirib ki, artıq beşinci dəfə təqdim olunan "Qızıl Kəlmə" mükafatı çağdaş Azərbaycan ədəbiyyatına verilən dəyərdir: "Bu, ədəbiyyatın tərəqqisinin göstəricisidir. Mənim mükafata layiq görülən "İşığa gedən yol"  romanıma verilən dəyər isə hesab edirəm ki, Həsən bəy Zərdabinin, onun Azərbaycan xalqının tərəqqisi uğrunda apardığı mübarizənin qiymətləndirilməsidir. Bundan sonra da "İşığa gedən yol" romanım hansısa mükafata, ödülə layiq görülərsə, yenə də mən onu Həsən bəy Zərdabiyə həsr edəcəyəm".

Şair Vaqif Bayatlı Odər səhhətindəki problemlə əlaqədar mükafatlandırmada iştirak edə bilmədiyindən onu xanımı Tamam Bayatlı Odər təmsil edib. Mükafata layiq görüldüyünü eşidən sənətkarın böyük sevinc hissi keçirdiyini söyləyən Tamam xanım bu işdə rolu olan hər kəsə şairin və özünün adından minnətdarlığını bildirib: "Şairin silsilə şeirləri müsabiqəyə "Ulduz" jurnalı tərəfindən, özündən xəbərsiz təqdim edilib. Buna görə, başda jurnalın rəhbəri Qulu Ağsəs olmaqla, bütün kollektivə öz minnətdarlığımızı bildiririk. Şair mənə xüsusi olaraq tapşırıb deyim ki, o taylı-bu taylı bütün Azərbaycan xalqına təşəkkür edir. Çünki onun:

Hər iki dünyanın ən gözəl dili
Sən danışdığın dil,
Hər iki dünyanın ən gözəl eli
Sən doğulduğun el...

- kimi qızıl kəlmələri ilə başlayan silsilə şeirləri "Təbrizli çocuqlara" adlanır".

Mükafatların sənətkarın həyatı və yaradıcılığındakı önəmindən söz açan qalib şairə Firuzə Məmmədli, eyni  zamanda dövlətimizin ədəbiyyata olan qayğısından da məmnunluq duyduğunu ifadə edib: "Mükafat almaq çox gözəl hissdir. Yaradıcılığının qiymətləndirilməsi sənətkarı mənəvi cəhətdən yüksəldir, ona gələcək yaradıcılığı üçün stimul verir. Mən mükafat üçün yazmıram, ancaq bəyənib mükafat verilibsə, bunun üçün çox təşəkkür edirəm. Bugünkü mükafatı mən dövlətimizin ədəbiyyata qayğısı hesab edirəm. Bunun üçün ilk növbədə prezidentimiz cənab İlham Əliyevə minnətdaram. Mədəniyyət və Turizm Nazirliyinə, "Qızıl Kəlmə" Ədəbi Mükafatının komissiya üzvlərinə də ürəkdən təşəkkür edirəm. Xüsusi minnətdarlığım isə kitabımı müsabiqəyə təqdim edən sədrimiz Anar müəllim, katib Rəşad Məcid başda olmaqla,Yazıçılar Birliyinədir".

Şair Qəşəm Nəcəfzadə mükafata layiq görülən "Çiçəkli xalça" kitabı ilə uşaq ədəbiyyatına göstərdiyi xidmətdən qürur hissi duyduğunu qeyd edib: "Həm bu kitabla, həm də kitabın layiq görüldüyü ödüllə Azərbaycan uşaq ədəbiyyatındakı boşluğu azacıq da olsa, doldura bilirəmsə, bunun üçün sevinirəm".

Ədəbi tənqid və publisistika əsərləri nominasiyası üzrə qalib olan "İkinci mətn" kitabının müəllifi Bəsti Əlibəyli bu mükafatı 15 illik fəaliyyətinə, Azərbaycan ədəbiyyatının isə 60 illik dövrünə verilən yüksək dəyər kimi gördüyünü vurğulayıb.

Bədii tərcümə əsərləri nominasiyası üzrə ödülləndirilən gənc şair Fərid Hüseyn deyib: "Bu il böyük türk şair Nazim Hikmətin doğumunun 115 illik yubileyidir. Hazırda dünyanın hər yerində Nazim Hikmətlə bağlı tədbirlər, layihələr həyata keçirilir. Düşünürəm ki, Azərbaycan da bu mükafatla dünyanın Nazim Hikmətə həsr etdiyi yubiley tədbirlərinə öz töhfəsini vermiş oldu".

"Şans" ödülünə layiq görülən şair Şəhriyar del Gerani özündən daha çox, Vaqif Bayatlı Odərin mükafatlandırılmasına sevindiyini söyləyib: "Bu ilki qaliblər arasında bir sıra ciddi imzalar var. Mən özümdən də öncə, bütün Türk dünyasının böyük şairi Vaqif Bayatlı Odərin qalib seçilməsinə görə Mədəniyyət və Turizm Nazirliyinə, xüsusən nazir Əbülfəs Qarayevə, münsiflər heyətinə və zəhməti olan hər kəsə təşəkkürümü bildirirəm. Düşünürəm ki, Vaqif müəllimə bu mükafatın verilməsi mükafatın imicini möhkəmləndirir. Ümumiyyətlə, son zamanlar dövlət tərəfindən mədəniyyətimizə, ədəbiyyatımıza göstərilən diqqət, qayğı ürəkaçan səviyyədədir. Münsiflər heyətinin kimliyindən hələ də xəbərim yoxdur. Ancaq hər halda qaliblərin adlarına nəzər saldığımızda seçimin kifayət qədər obyektiv olduğunu görürük".

Nasir Mirmehdi Ağaoğlu mükafata layiq görülməsindən böyük sevinc duyduğunu önə çəkib: "Arzum qalib olmaq idi, ancaq "Şans" ödülünə layiq görüldüm və düşünürəm ki, heç də pis nəticə deyil. Ümumiyyətlə, 2016-cı ildə çap olunan "Alman malı" kitabım mənim üçün düşərli olub. Bu zamana qədər qonorar aldığım yeganə kitabımdır. Bu gün isə ödülə layiq görülür. Əlbəttə ki, sevindirici və qürurverici haldır".

Şahanə MÜŞFİQ

 





03.05.2017    çap et  çap et