525.Az

İnsan öz şəxsiyyətini təsdiq edəndə böyük olur


 

İnsan öz şəxsiyyətini təsdiq edəndə böyük olur<b style="color:red"></b>

... Dostum Oqtay Əliyev səlist qələmi olan, insan təbiətindəki incəlikləri yetərincə üzə çıxara bilən bir nasirdir.

Onun müxtəlif səpkili yazılarını təkrar-təkrar oxusam da, hər dəfə mən gözəllik və təravət hiss etmişəm. Yazılarında bir artıq söz və yersiz ifadə belə işlətmir. Özünün təbiətindəki rəvanlığı, xarakterindəki ahəngdarlığı yazılarında da qoruyub saxlaya bilir.

Oqtay Əliyev "Qızıl qələm" (mediya mükafatı) laureatıdır. Beynəlxalq Rəsul Rza mükafatına layiq görülüb, Nəsir İmamquliyev adına fəxri diplomla təltif olunub. "2010-cu ilin nüfuzlu ziyalısı", "Şərəf" diplomu, uzun illər dövrü mətbuatda vətənpərvərlik mövzusundakı yazılarına görə "Ağrı dağı" diplomu ilə təltif edilib, Azərbaycan Respublikası prezidentinin Xüsusi Təqaüdünə layiq görülüb.

... Oqtay Əliyevlə dostluğumuzun, tanışlığımızın yarım əsr tarixi var. Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində oxumuşuq. Sonradan isə yeddi- səkkiz il də bir yerdə  işləmişik. Bir yerdə işləmişik deyəndə 1985-ci ildə Mətbuatda Dövlət Sirlərini mühafizə edən Baş İdarədə (Qlavlitdə) redaktor işləyirdim.

Məni Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi tərəfindən Cəbrayıl rayonunda nəşr olunan "Xudafərin" qəzetinə Baş Redaktor göndərdilər.Təzə kollektiv, tanımadığım insanlar. Buna baxmayaraq, məni qınamayın - mənə elə gəlir ki, bu dünyanı daha işıqlı, daha nurlu, otundan-pəncərindən, qayasından, tozundan-torpağından belə məhəbbət ələnən vaxtları varmış. Və mənə elə gəlir ki, o vaxtlar lap buludlu havada da, lap qaranlıqda da yer üzünə əlçim-əlçim, ovuq-ovuq, qucaq-qucaq nur ələnir, işıq səpələnir, məhəbbət tökülür. Vallah elə bil o vaxtlar adamlar daha səmimi, daha mehriban və qayğıkeş idilər. Onların iç dünyalarını daha asanlıqla görmək olurdu. Və elə bil ki, bu bakirəliyi o cəmiyyətin ayaq tutub yeriyən eybəcərlikləri poza bilməmişdi... Sözəqüvvət: Bu saflığı Oqtay müəllim kimi insanlarda bu gün də görürəm ...

... İşə başladım. Elə ilk gündən redaksiyanın mətəbəəsində çatışmazlıq yarandı. Iş yoldaşlarım bildirdilər ki, "Xudafərin" qəzetinin mətbəsi qonşu Füzuli rayonunda yerləşən Respublika Mətbuat və İnformasiya Nazirliyinin birləşmiş mətbəəsinin tabeliyindədir. Gərək texniki çatışmazlığı onların vasitəsilə həll edəsən. Təcili Füzuli rayonuna yollandım. Birləşmiş mətbəə müəssisəsinin binasına daxil olub Baş Direktoru soruşdum. Gördüm ki, bir nəfər gülə-gülə mənə yaxınlaşır. Gözlərimə inanmadım. Tələbə dostum Oqtay Əliyev idi. Qucaqlaşdıq. Elə bil otağın işığı artdı:

- Sənin Cəbrayıl rayonuna, "Xudafərin" qəzetinə gəlməyini təzə eşitmişəm. Təbrik etməyə gələcəkdim. Bir az işim çoxdur. Yaxşı oldu ki, özün gəldin. Çox şad oldum.  - deyə məni qucaqlayıb bir daha təbrik etdi.

Gəlişimin səbəbini deməyə hazırlaşırdım ki, Oqtay müəllim imkan vermədi.

 Heç nə demək lazım deyil. Gəlişinin səbəbini bilirəm. Narahat olma. Hər şey qaydasında olacaq. Cəbrayıl rayon qəzetinin mətbəəsi çap məhsulunun keyfiyyətinə görə lap mükafat da alacaq. Mətbəə üçün bütün texniki avadanlıqlar artıqlaması ilə varımızdır. Indi isə getdik - deyib, qoluma girdi. Nahar vaxtıdır.

Sevincimin həddi-hüdudu yox idi. Tələbə dostuma rast gəlmişdim. Özü də böyük bir müəssisənin Baş direktoruna. Tələbəlik illərində gördüyüm kimi üz-gözündən nur tökülürdü.

Bu minvalla düz səkkiz il "Xudafərin" qəzetinə rəhbərlik etdim.  Mətbəə cəhətdən zərrə qədər də olsun çətinliyim olmadı. Çətinliyə düşən kimi ya zəng vururdum, ya da özüm Füzuliyə yollanırdım. Daha doğrusunu desəm, mətbəə sarıdan heç bir çətinliyim də olmurdu. Elə-belə boş vaxtım olan kimi Oqtay müəllimin yanına gedirdim. İndi o günləri xatırlayarkən hərdən öz-özümdən soruşuram.

- Mən dostum Oqtay müəllimə nə qədər əziyyət vermişəm? Adamın bir ayda neçə dəfə qonağı olmaq olar? Yəqin ki, saymaqla qurtarmaz. Həmişə də onun yanına gedəndə üzündən təbəssüm, nur əksik olmurdu. Yəqin ki, aşağıdakı misralar Oqtay müəllim kimi insanlar üçün deyilibmiş.

Başdan-ayağa nur idi Gövdəsi,
Nur ayandır, Nurun olmaz kölgəsi ... 

Sözə qüvvət: Onu da qeyd edim ki, həmin vaxtlar respublikanın bölgələrində Mətbuat və İnformasiya nazirliyinin birləşmiş iki mətbəəsi qabaqcıllar sırasında gedirdi. Bunlardan biri Gəncə şəhər mətbəəsi (Baş direktor İlham İmamquliyev), ikincisi isə Oqtay müəllimin Baş direktor olduğu Füzuli rayon mətbəəsi idi. İki peşəkar mütəxəssisinin nazirliyin şəhər lövhəsində şəkilləri vardı.

Həmin illərdə Oqtay müəllim rəhbərlik etdiyi müəssisə nəzdində 18-20 rayonu əhatə edən möhür-ştamp hazırlayan xüsusi təyinatlı sex də yaratdı. Daha ətraf rayonlar möhür-ştamp hazırlatmaq üçün Bakıya getmirdilər.  Bu işi hər adama etibar etməzdilər. Bunu uzun müddət Mətbuatda Dövlət Sirlərini Mühafizə edən Baş İdarədə (Qlavlitdə) işlədiyim üçün bilirdim. Möhür-ştamp hazırlamaq işi xüsusi orqanların nəzarətində olurdu. Hələ rayon partiya komitəsinin bürosunun, plenumunun sənədlərini demirəm. Həmin məxfi sənədlər məhz Baş Direktorun xüsusi nəzarəti altında çap edilirdi. Şəxsi nüfuza malik, ictimai-siyasi fəal rəhbər kimi tanınan  Oqtay müəllim dəfələrlə Füzuli rayon və Füzuli şəhər Sovetlərinin Deputatı seçilmişdi. Füzuli Rayon Partiya Komitəsinin plenum üzvü idi.

Oqtay müəllimi həmişə rayona rəhbərlik edən şəxslərlə isti münasibətdə görürdüm. 

Rayon Partiya Komitəsinin birinci katibi Əhməd Əhmədzadə ilə, Füzuli rayon İcra hakimiyyətinin başçısı işləmiş Aslan Mehdiyev və Nəbi Muxtarov da Oqtay müəllimin xatirini çox istəyirdilər. Ləyaqətli bir işçi kimi Oqtay müəllim bu gün də onlarla isti münasibətini davam etdirir.

... Hələ  tələbəlik illərindən yaradıcılığa başlayan Oqtay Əliyev (Ərgünəş) bu gün  tanınmış nasirdir. "Seyid Əşrəf müqəddəsliyi", "Zakir Zeynalov fenomeni", "Ətirli keçən zəhmət illəri", "Boş qalan papaqlar", "Təzadlı dünya", "Böyük günah", "Qum saatı" ABŞ-ın "Çarleston" nəşriyyatında nəşr edilmiş (ingilis dilində) "Hourglass", " Heydər Əliyev və Azərbaycan Milli Qəhrəmanları - Müqəddəs amal" adlı kitabları çap olunub. "Sözün qüdrəti, kəlamın hikməti" aforizmlər kitabı isə yenicə çapdan çıxıb. Bu kitablardakı əsərləri oxuyarkən adama elə gəlir ki, Oqtay müəllimin özü də insanlığın Ali Oqtay rütbəsindədir. Və bunu mənəvi mərtəbə kimi düşünüb elə bu adla da qəbul etmək olar.

Oqtay müəllim dostları, yoldaşları ilə hansı tərzdə danışırsa, əsərlərində də həmin tərzdə, xalq dilində ürəyini açır. Özündən nə bir qarış yuxarıda durmağa  çalışır, nə də bir qarış aşağıda. Bunu istəsə də bacarmaz, çünki alnındakı Allah yazısı Oqtaya belə buyurub.

Görünür, Oqtay dostum kimi nasirlərin qismətinə düşən budur. Onlar həyatı yazılı halda gələcək nəslə ötürə bilirlər. Oqtay Əliyev hazırda Azərbaycan Mətbuat Şurasının üzvü olan "Ərgünəş" FM nəşriyyat-poliqrafiya müəssisəsinin Baş direktorudur.

Dostumuz ədəbi təxəllüsü Qarabağın dilbər guşəsi Füzuli şəhərinə söykənən Ərgünəş dağının adı ilə eynidir: Oqtay Ərgünəş.

Oqtay Ərgünəş əsərlərində sözün ruhunu yaxşı qoruya bilir və çox sevinirəm ki, yenə həmin gücdədir. Onu da yaxşı bilirəm ki, Oqtay müəllim yaxşılıq etdiyi adamların xayanətini də, qolundan tutduğu sənət adamlarının arxa çevirməsini də görür. Ancaq bunlar onu sındırmayıb. Bu özü də onun üçün həyat məktəbi olub, söz, sənət mənzərəsi olub.

Dünənki gözəl,  xeyirxah, yaxşı oğlan, dostum - bu gün gözəl nasir Oqtay Ərgünəşin ən böyük keyfiyyəti onun kinsiz, qərəzsiz olmağıdır. Elə ona görə də sözü qurtarmır. O sözü sevdiyi kimi, söz də onu sevir. Nədənsə mənə elə gəlir ki, Oqtay Ərgünəş həm də sözə oxşayır. - İlahi zərrənin işığı olan SÖZƏ ...

Bir dəfə söz düşəndə Oqtay Ərgünəşdən soruşdum:

- Yazdığın əsərlərin hansı sənin üçün daha əzizdir?

Cavabı mənim üçün lap gözlədiyim kimi oldu.

- "Mənim üçün ən əziz əsərim balalarım və nəvələrimdir". Düz sözə nə deyəsən.

Əziz dostum, Oqtay  Ərgünəş!

70 yaşın mübarək! Sözümü bir bəndlik şeirlə başa vururam.

Sənin 70 yaşına gəlişin bir toy, 
Ömür ziynət deyil alına pulla
Ay Oqtay 70-i sapandına qoy,
İndi də 80-nin üstünə tulla ... 

Hafiz HÜSEYNXANLI

 





03.05.2017    çap et  çap et