525.Az

İndiyədək TAP-ın inşasına 176 yunan şirkəti cəlb olunub


 

İndiyədək TAP-ın inşasına 176 yunan şirkəti cəlb olunub<b style="color:red"></b>

Bu ilin aprel ayının sonuna Trans-Adriatik boru kəmərinin (TAP) Yunanıstan ərazisindən keçən hissəsində inşaat işlərində istifadə olunması nəzərdə tutulan 32 min borudan 66%-dən çoxu alınıb.

"APA-Economics" yunan mətbuatına istinadən xəbər verir ki, bunu TAP-ın Yunanıstan üzrə ölkə meneceri Rikard Skufias bildirib.
 
Onun sözlərinə görə, artıq uzunluğu 550 kilometr olan boru kəmərinin 203 kilometrində qaynaq işləri aparılıb.

Menecer əlavə edib ki, kəmərin keçəcəyi ərazinin 270 kilometrindən təmizlik işləri aparılıb. Artıq 234 km ərazidə borular düzülüb.

"Hazırda layihənin Yunanıstandan keçən hissəsində 2500 nəfər çalışır ki, onlardan 400-ü arxeoloqdur", - deyə R.Skufias bildirib.
 
Onun sözlərinə görə, bu günədək TAP-ın inşasına 176 yunan şirkəti cəlb olunub.

Qeyd edək ki, TAP layihəsi Avropa Birliyinin enerji təhlükəsizliyi və enerji mənbələrinin diversifikasiyasına görə strateji məqsədlərində əsas rolu oynayır. Təbii qazın Azərbaycandan Avropa bazarlarına ixracının ən qısa və birbaşa marşrutunu TAP təşkil edir. TAP layihəsi üzrə Albaniya, İtaliya və Yunanıstan arasında "Hökumətlərarası Saziş" 2013-cü ilin fevral ayında imzalanıb. Borunun uzunluğu 878 km təşkil edir. Onun fəaliyyətə başlama tarixi kimi 2020-ci ilin yanvar ayı göstərilir.
 
TAP-ın ilkin illik daşıma qabiliyyəti 10 mlrd. kubmetrdir (illik 20 mlrd. kubmetrədək artırıla bilər).

Layihə üzrə hazırkı pay bölgüsü: "Cənub Qaz Dəhlizi" QSC - 20%, BP - 20%, "Snam" - 20%, "Fluxys" - 19%, "Enagás" - 16%, "Axpo" - 5%.

 





03.05.2017    çap et  çap et