525.Az

Görkəmli tarzən Ramiz Quliyevin 70 illiyi qeyd olundu


 

Görkəmli tarzən Ramiz Quliyevin 70 illiyi qeyd olundu<b style="color:red"></b>

Mayın 2-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında görkəmli tarzən, Xalq artisti, professor Ramiz Quliyevin anadan olmasının 70 illiyinə həsr edilən "Səslən tarım" adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, respublikanın tanınmış elm, mədəniyyət, incəsənət və dövlət xadimlərinin iştirak etdikləri tədbir Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Filarmoniyasının birgə dəstəyi ilə təşkil olunub.

Əvvəlcə qonaqlar Filarmoniyanın foyesində Ramiz Quliyevin həyat və fəaliyyətinə həsr edilmiş fotosərgi ilə tanış olublar.

Sonra sənətkarın həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş etdirilib.

Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək görkəmli tarzənin həyat və yaradıcılığından danışıb. Vurğulanıb ki, görkəmli tarzən həmişə olduğu kimi, bu gün də yorulmaz ifaçılıq fəaliyyəti ilə bərabər, pedaqoji sahəyə də böyük qüvvə sərf edir. O, bir neçə ildir ki, gənclər də daxil olmaqla böyük ifaçı ordusu yetişdirməklə yanaşı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətini davam etdirir. Onun Azərbaycan və xarici bəstəkarların tar ilə fortepiano üçün işləyib köçürdüyü çox dəyərli əsərləri çapdan çıxıb. Ramiz Quliyev bir sıra dərsliklərin, proqramların, elmi məqalələrin və metodiki tövsiyələrin müəllifidir.

Ramiz Quliyevin yorulmaz sənət fəaliyyətindən danışan nazir bildirib ki, o, dəfələrlə görkəmli ifaçı kimi respublikanın məşhur konsert salonlarında, radio və televiziyada, o cümlədən respublika zəhmətkeşləri qarşısında solo konsertlərlə çıxış edib. Onun xarici ölkələrə qastrolları da həmişə uğurla keçərək böyük rezonans doğurub.

Nazir qeyd edib ki, Ramiz Quliyev dünyanın ən məşhur konsert salonlarında tanınmış orkestrlərlə eyni səhnəni bölüşərək dinləyicilərin qəlbinə yol tapıb. Görkəmli tarzənin sənət fəaliyyəti hər zaman dövlətimizin başçısı tərəfindən yüksək qiymətləndirilib. Belə ki, 2007-ci ildə Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən ona musiqi sənətinin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni, bu yaxınlarda isə "Şərəf" ordeni verilib. Bundan əlavə, sənətkar 2014-cü ildə Dövlət mükafatı laureatı adını alıb.

Sonra Əbülfəs Qarayev "Şərəf" ordenini Ramiz Quliyevə təqdim edib.

Ramiz Quliyev çıxış edərək ona göstərilən diqqət və qayğıya, Azərbaycan muğamının və tarının qorunması, inkişafı və dünyada tanıdılması istiqamətində həyata keçirilən tədbirlərə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.

Daha sonra tədbir konsert proqramı ilə davam edib. Konsertdə respublikamızın tanınmış ifaçıları tərəfindən xalq və bəstəkar mahnıları səsləndirilib.

 





04.05.2017    çap et  çap et