525.Az

Azərbaycandan qlobal miqyaslı təşəbbüs: Mədəniyyətlərarası Dialoq Forumu


 

"DÖVLƏTİMİZ ARTIQ DÜNYANIN ƏN AKTUAL PROBLEMLƏRİNİN MÜZAKİRƏ OLUNDUĞU SİYASİ DİALOQ MƏRKƏZİNƏ ÇEVRİLİR"

Azərbaycandan qlobal miqyaslı təşəbbüs: <b style="color:red">Mədəniyyətlərarası Dialoq Forumu</b>

Bu gün Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayıb.

Prezident İlham Əliyevin qlobal miqyaslı təşəbbüsü olan Bakı Forumu dünya miqyasında nüfuzlu beynəlxalq tədbirlər sırasında özünə layiqli yer tutub. Dövlətin apardığı məqsədyönlü və əsaslı siyasəti nəticəsində ölkəmiz dünyanın mühüm mədəniyyət və mədəniyyətlərarası dialoq mərkəzlərindən birinə çevrilib. UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, ISESCO kimi nüfuzlu beynəlxalq təşkilatların forumun və prosesin tərəfdaşları qismində çıxış etməsi ölkəmizə  verilən böyük önəmin əyani təzahürüdür. Eyni zamanda, forumun yüksək səviyyəli tədbirləri BMT-nin televiziyası və internet resursunda canlı yayımlanacaq. İlk dəfə olaraq, BMT bilavasitə özünün təşkil etmədiyi tədbiri öz kanalları vasitəsilə canlı yayımlayacaq.

Xalqımızın çoxəsrlik tolerant və mehriban birgəyaşayış ənənələri dünya sivilizasiyaları arasında münasibətlərin tənzimlənməsində və inkişafında nümunə kimi göstərilir. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz fəaliyyəti ilə bütün dünyada mədəniyyətlərarası dialoqun əhatə dairəsini artıraraq, fərqli fikir və konsepsiyalar arasında ziddiyyətlərin aradan qaldırılması, xalqlar arasında dialoq və qarşılıqlı anlaşmanın dəstəklənməsı üçün mühüm beynəlxalq platformaya çevrilib. Daha əvvəl keçirilən forumların uğurlu nəticəsi və hər il genişlənən mütərəqqi təcrübəyə əsaslanan IV Bakı Forumu öz növbəsində mədəniyyətlər və sivilizasiyalararası gərginliklərin aradan qaldırılması, davamlı inkişaf və inklüziv cəmiyyət məsələlərinin müsbət dinamika üzrə inkişafını təmin etmək və başqa bu kimi ali məqsədlərin həll olunması üçün səy göstərəcək, beynəlxalq aləmdə sülh və əmin-amanlığın möhkəmlənməsinə, istər etnik-mədəni, istərsə də dini-siyasi sferada konstruktiv ideyaların reallaşması və yayılması prosesinə öz töhfəsini verəcək. Azərbaycan hökuməti IV Ümumdünya Forumu çərçivəsində beynəlxalq təşkilatların birinci yüksək səviyyəli görüşünün keçirilməsi təşəbbüsünü irəli sürüb. Bu təşəbbüs qlobal miqyasda narahatlıq doğuran məsələlərin həlli istiqamətində beynəlxalq təşkilatların müştərək fəaliyyət mexanizminin daha effektiv fəaliyyəti üçün yeni imkanlar yaradacaq.

Forumda Qərb və Yaxın Şərq regionlarındakı mövcud vəziyyətin təhlili ilə yanaşı, Asiya-Sakit okean regionunda da müxtəlif sahələr üzrə yaranmış problemlərin həlli üçün innovativ əməkdaşlıq mexanizmlərinin yaradılması, əldə edilmiş mütərəqqi təcrübənin tətbiqi və paylaşılması kimi məsələlər də müzakirəyə çıxarılacaq.

 

Beynəlxalq səviyyəli tədbir olan IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz ətrafında hökumət başçılarını, nazirləri, müxtəlif beynəlxalq təşkilatların rəhbərlərini, yüksək vəzifəli siyasətçiləri, mədəniyyət işçilərini, xoşməramlı səfirləri, jurnalistləri, ziyalıları bir platformada birləşdirir, müxtəlif milli, mədəni, dini, etnik mənsubiyyətlərə məxsus insanları bir araya gətirir, bu insanlar arasında qarşılıqlı fəaliyyət, səmərəli və intensiv dialoqun yeni, zəruri forma və səviyyələrini yaradır.

Forum çərçivəsində beynəlxalq tərəfdaşlarla birgə, ümumilikdə 40-dək sessiya və tədbir keçiriləcək. Bu sessiyalar insan təhlükəsizliyi, davamlı inkişaf, miqrasiya, mədəniyyətlər və dinlərarası dialoq, ekstremizmə qarşı mübarizə, qaçqın və miqrantlara münasibət, gənclərin və təhsilin mədəniyyətlərarası dialoqda rolu, ərzaq təhlükəsizliyi mövzularını əhatə edəcək.

Forumun əhəmiyyətindən danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu qeyd edib ki, Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu hər şeydən öncə Azərbaycan prezidentinin qlobal təşəbbüsü və qlobal çağırışlara münasibəti kimi qiymətləndirilməlidir. O, "Milli.az"a bildirib ki, bu forumun tərəfdaşları UNESCO, İSESCO, Avropa Şurası kimi nüfuzlu beynəlxalq təşkilatlardır: "Azərbaycan artıq dünyanın ən aktual qlobal problemlərinin müzakirə olunduğu siyasi dialoq mərkəzinə çevirilir. Forum artıq 4-cü dəfədir ki təşkil olunur. Keçirilən bu tədbirlərdə mədəniyyətlər və sivilizasiyalararası gərginliklərin aradan qaldırılması, davamlı inkişaf və inklüziv cəmiyyət məsələlərinin müsbət dinamika üzrə inkişafını təmin etmək və başqa bu kimi ali məqsədlərin həll olunması üçün çoxsaylı fikirlər səsləndirilir, ideyalar irəli sürülür. Bütün bunlar, əslində beynəlxalq münasibətlər sisteminin yeni və daha hümanist gələcəyinin inşa edilməsinə xidmət göstərən mədəni seqmentlər rolunu oynayır. Forumda, eyni zamanda Qərb və Yaxın Şərq regionlarındakı mövcud vəziyyətin təhlili ilə yanaşı, Asiya-Sakit okean regionunda da müxtəlif sahələr üzrə yaranmış problemlərin həlli üçün innovativ əməkdaşlıq mexanizmlərinin yaradılması, əldə edilmiş mütərəqqi təcrübənin tətbiqi və paylaşılması kimi məsələlər də müzakirəyə çıxarılacaq. Bütün bunlar bir daha ölkəmizin dialoq məkanı kimi qlobal çağırışlara verdiyi töhfə olmaqla bərabər, həm də ən aktual qlobal problemlərin müzakirə olunduğu siyasi dialoq mərkəzinə çevrildiyindən xəbər verir. Şübhəsiz ki, bu, Azərbaycan prezidenti İlham Əliyevin siyasi strategiyasının mühüm mədəni komponentlərindən biri kimi səciyyələndirilməlidir".

Politoloq Zaur Məmmədov isə qeyd edib ki, Bakı, Azərbaycan belə mötəbər tədbirlərin keçirilməsi üçün artıq ənənəvi bir məkana çevrilib. O, SİA-ya bildirib ki, ölkə başçısının multikulturalizmin, tolerantlığın milli sərvətimiz olması deməsi, ölkəmizin bu kimi məsələlərə yanaşmasının nə dərəcədə humanist olmasını nümayiş etdirir: "Biz istəyirik ki, bütün xalqlar, bütün dinlərin nümayəndələri bir-biri ilə sıx təmasda olsunlar, bütün problemləri açıq şəkildə müzakirə etsinlər, öz fikirlərini bildirsinlər. Bütün dövrlərdə Azərbaycanda xalqlar bir ailə kimi yaşayıblar, onları həmişə dostluq münasibətləri bağlayıb". Bu, ölkə prezidenti İlham Əliyevin sözləridir. Son illərdə dünya xalqları arasında dialoqun müzakirəsi və inkişafında Azərbaycan mühüm rol oynayır. Sivilizasiyaların kəsişməsində yer alan Bakının bugünkü beynəlxalq təhdidlər zamanı dostluq, qardaşlıq və dialoq arenasına çevrilməsi olduqca mühümdür. XXI əsrə qədər əgər mədəniyyətlər və dinlər arası məsələlər o qədər də aktual deyildilərsə, indi qloballaşan dünyada bu, kifayət qədər vacib məsələlərdəndir. Hesab edirəm ki, bu gün dünyada millətlərarası, dinlərarası, mədəniyyətlərarası dialoqu dəstəkləyən liderlər olduqca azdır. Belə liderlər arasında ilk sıralarda İlham Əliyevin olması məndə bir azərbaycanlı kimi fəxr hissi oyadır. Eyni zamanda, vitse-prezident Mehriban xanım Əliyevanın UNESKO səviyyəsində həyata keçirdiyi tədbirlərdən tutmuş, digər tədbirlərədək hər kürsüdə mədəniyyətlərarası dialoqa verdiyi töhfə humanizmə, sülhə verilən qiymətin mühüm göstəricisidir".

Deputat Tahir Kərimli isə qeyd edib ki, təkcə ölkəmizdəki ictimai-siyasi qüvvələr deyil, xaricdə də etiraf edirlər ki, Azərbaycan son dövrlər mədəniyyət mərkəzinə çevrilməkdədir. O, "Azadinform"a bildirib ki, Azərbaycan islam ölkəsi olmasına baxmayaraq, dünyada islamofobiyanın hökm sürdüyü bir vaxtda ölkəmizə bu ləkəni yaxa bilmirlər: "Bu dəqiqə ermənilər bunun, üçün nə qədər canfəşanlıq etsələr də dünya Azərbaycanı mədəni mərkəz kimi qəbul etməkdədir. Bura ən yüksək səviyyədə fəaliyyətdə olan dövlət və hökumət başçıları, böyük Nobel mükafatı laureatları məmnuniyyətlə gəlirlər. Bu təkcə Azərbaycanın coğrafiyası ilə bağlı deyil. Azərbaycan Şərqlə Qərbin arasında, xristian və müsəlman dünyası arasında sanki bir keçid məntəqədir".

T.Kərimlinin sözlərinə görə, Bakının və rayonların mədəni, dini tolerantlığına nümunə olması Azərbaycan xalqının mahiyyəti kimi qəbul edilir: "Bu artıq həm dövlət siyasətidir, həm də xalqın özünün əsrlər boyu yaşantısıdır. Ona görə də Azərbaycanı dünya mədəniyyətinin paytaxtlarından biri kim qəbul edirlər. Buradan dünyaya sülh mesajları verilir. Bu, fəxr ediləsi bir haldır. On milyonluq əhalisi olan müsəlman dövləti xarici təcavüzə məruz qaldığı, problemlər içərisində olduğu bir halda özünü mədəni mayak kimi dünyada tanıdır və hamı qəbul edir".

Ceyhun ABASOV

 





04.05.2017    çap et  çap et