525.Az

“Ekstremistlər müxtəlif vasitələrlə cəmiyyətin həyatına zərbə vururlar”


 

“Ekstremistlər müxtəlif vasitələrlə cəmiyyətin həyatına zərbə vururlar”<b style="color:red"></b> “Ekstremistlər bu gün müxtəlif vasitələrə əl ataraq cəmiyyətin həyatına zərbə vururlar”.
 
APA-nın məlumatına görə, bunu BMT baş katibinin müavininin səlahiyyətlərini icra edən, İctimai İnformasiya Departamentinin rəhbəri Mahir Nasser IV Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Dialoqun təşviqi və körpülərin qurulması: zorakı ekstremizmin qarşısını almaq üçün vasitələr" adlı panel müzakirəsində deyib.
 
O bildirib ki, bu gün bütün dünya informasiyanı internet vasitəsi ilə alır və ötürür: “Bu gün terror təşkilatları da çirkin əməllərini yaymaq üçün ümumi proqram təminatlarından istifadə edirlər. İnternet də onlar üçün bir vasitədir. Onlar müxtəlif mesajlarla sosial cəhətdən aşağı təminatlı insanları cəlb edirlər. Təhsil, dialoq, icmalar arasında körpülərin salınması çox vacibdir. Dünyada 1 milyard 800 milyon gənc var. Onlara daha yaxın olmalıyıq. Gələcəyin açarı onların əlindədir. Biz onların rifahı üçün çalışmalıyıq".
 
BMT baş katibinin hüququn aliliyi və təhlükəsizlik institutları üzrə müavini Aleksandr Zuyev qeyd edib ki, təhsil və mədəniyyətin zorakı ekstremizmə qarşı mübarizədə böyük rolu var: "Antisemitizmin bütün formaları müasir dövrdə qəti şəkildə qəbuledilməz haldır. Zorakı ekstremizmi bəzən müxtəlif dini cərəyanlarla, bəzən islamla əlaqələndirlər. Bu, yanlışdır".
 
Daha sonra çıxış edən Bolqarıstanın vitse-prezidenti İlliana Malinova İotova bəyan edib ki, gənclərə yaxşı təhsilin verilməsi çox vacibdir: "Eyni zamanda, insanlar həyatını da yaşamağı bacarmalıdır. Uşaqlara aşılamaq lazımdır ki, ölkəmizi və ailəmizi sevməliyik, başqalarına da hörmət etməliyik. Uşaqlarla, gənclərlə işləmək, onları dinləmək lazımdır. Müasir dövrdə dini mübarizələr getdikcə təhlükəli hal alır. Biz bunların qarşısını almalı, radikalizmə həmrəyliklə cavab verməliyik".
 
NATO baş katibinin müavini Tacan İldem çıxışında zorakı ekstemizmlə bağlı müzakirələri artıq praktikada tətbiq etməyin vacib olduğunu bildirib: "İndiyə kimi Azərbaycan bir sıra müzakirələrə ev sahibliyi edib və biz onun irəli sürdüyü təşəbbüsləri dəstəkləyirik. Bizim təşkilat bunu yüksək qiymətləndirir. Çalışmalıyıq ki, dövlətlər və ölkələr arasında işbirliyinin qurulmasına nail olaq. Bu baxımdan da dəstəyə ehtiyacı olan ölkələrə kömək etməliyik".
 





05.05.2017    çap et  çap et