Mayın 4-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş "Azərbaycanda sabitliyin, vətəndaş həmrəyliyinin bərqərar olunmasında Heydər Əliyev amili" mövzusunda tədbir keçirilib.
Komitədən verilən məlumata görə, tədbirdə çıxış edən Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, həyatımızın bütün sahələrində Heydər Əliyevin gördüyü işlərdən danışmaq olar: "Ulu öndər Azərbaycan xalqının yetişdirdiyi dahi şəxsiyyətdir. O, bütün təcrübəsini, siyasi biliklərini, dünyagörüşünü ölkəmizin inkişafı, xalqımızın güzəranının yaxşılaşması istiqamətində səfərbər edib".
"İllər keçəcək ulu öndərin təcrübəsindən istifadə olunacaq. Fikir verin, dünyada iqtisadi böhran baş verir. Əlbəttə ki, bu, Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşmədi. Məhz belə bir vaxtda dövlətimizin başçısı Ulu öndərin təcrübəsindən yararlandı. 1970-ci illərdə bizim neftdən gəlirimiz yox idi. Neftimiz var idi. Lakin bundan SSRİ rəhbərliyi istifadə edirdi. Buna baxmayaraq, ölkə iqtisadiyyatı inkişaf edirdi. Prezident İlham Əliyev də həmin təcrübədən yararlanmağa qərar verdi. Pambıqçılığın, tütünçülüyün, baramaçılığın və digər kənd təsərrüfatı sahələrinin hesabına o vaxt inkişafa nail olmaq mümkün idi. Bu gün də o təcrübədən istifadə olunur. Artıq bu istiqamətdə görülən işlər öz nəticələrini verir", - deyə Baş nazirin müavini vurğulayıb.
Azərbaycanda sabitliyin, vətəndaş həmrəyliyinin bərqərar olunmasının Heydər Əliyevin adı ilə bağlı olduğunu deyən Ə.Həsənov bildirib ki, ulu öndərin hakimiyyəti dövründə "Sərbəst toplaşma azadlığı haqqında" qanun qəbul olundu, senzura ləğv edildi: "Bütün bu işlər vətəndaş həmrəyliyinin təmininə xidmət edirdi".
Həmçinin, qeyd edilib ki, prezident İlham Əliyevin hakimiyyəti illərində də ölkəmizdə sabitliyin, həmrəyliyin qorunub saxlanılması istiqamətində önəmli addımlar atıldı, mühüm qanunlar, qərarlar qəbul edildi.
Daha sonra tədbirdə çıxış edən Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin sədri Bayram Səfərov, "Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov və Laçın rayonundan məcburi köçkün Əmirxan Zeynalov ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən danışıblar. Qeyd olunub ki, görkəmli dövlət xadimi, dünya şöhrətli siyasətçı Heydər Əliyevin fəaliyyəti müasir tariximizin ən mühüm mərhələsini əhatə edir: "Ulu öndərin qətiyyəti, güclü siyasi iradəsi, böyük təcrübəsi sayəsində müasir Azərbaycan dövləti qurulub və ölkəmiz beynəlxalq arenada özünə layiqli yer tutub. Ümummilli lider Heydər Əliyev hər zaman qaçqın və məcburi köçkünlərə xüsusi qayğı ilə yanaşıb".
Ceyhun ABASOV
çap et