525.Az

Bakı Forumu dünyanın diqqətində


 

XARİCİ EKSPERT: "AZƏRBAYCANIN MƏDƏNİYYƏTLƏRARASI DİALOQDA BÖYÜK ƏNƏNƏSİ, TƏCRÜBƏSİ VAR VƏ BU TƏCRÜBƏ İLƏ DÜNYADA MƏDƏNİYYƏTLƏRARASI DİALOQUN İNKİŞAFINA ÖZ TÖHFƏSİNİ VERİR"

Bakı Forumu dünyanın diqqətində<b style="color:red"></b>

Xalqımızın çoxəsrlik tolerant və mehriban birgəyaşayış ənənələri dünya sivilizasiyaları arasında münasibətlərin tənzimlənməsində və inkişafında nümunə kimi göstərilir.

Hər il Bakıda təşkil olunan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu isə öz fəaliyyəti ilə bütün dünyada mədəniyyətlərarası dialoqun əhatə dairəsini artıraraq, fərqli fikir və konsepsiyalar arasında ziddiyyətlərin aradan qaldırılması, xalqlar arasında dialoq və qarşılıqlı anlaşmanın dəstəklənməsı üçün mühüm beynəlxalq platformaya çevrilib. Daha əvvəl keçirilən forumların uğurlu nəticəsi və hər il genişlənən mütərəqqi təcrübəyə əsaslanan IV Bakı Forumu öz növbəsində mədəniyyətlər və sivilizasiyalararası gərginliklərin aradan qaldırılması, davamlı inkişaf və inklüziv cəmiyyət məsələlərinin müsbət dinamika üzrə inkişafını təmin etmək və başqa bu kimi ali məqsədlərin həll olunması üçün səy göstərəcək, beynəlxalq aləmdə sülh və əmin-amanlığın möhkəmlənməsinə, istər etnik-mədəni, istərsə də dini-siyasi sferada konstruktiv ideyaların reallaşması və yayılması prosesinə öz töhfəsini verəcək. Azərbaycan hökuməti IV Ümumdünya Forumu çərçivəsində beynəlxalq təşkilatların birinci yüksək səviyyəli görüşünün keçirilməsi təşəbbüsünü irəli sürüb. Bu təşəbbüs qlobal miqyasda narahatlıq doğuran məsələlərin həlli istiqamətində beynəlxalq təşkilatların müştərək fəaliyyət mexanizminin daha effektiv fəaliyyəti üçün yeni imkanlar yaradacaq.

Forumda Qərb və Yaxın Şərq regionlarındakı mövcud vəziyyətin təhlili ilə yanaşı, Asiya-Sakit okean regionunda da müxtəlif sahələr üzrə yaranmış problemlərin həlli üçün innovativ əməkdaşlıq mexanizmlərinin yaradılması, əldə edilmiş mütərəqqi təcrübənin tətbiqi və paylaşılması kimi məsələlər də müzakirəyə çıxarılacaq.

Beynəlxalq səviyyəli tədbir olan IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz ətrafında hökumət başçılarını, nazirləri, müxtəlif beynəlxalq təşkilatların rəhbərlərini, yüksək vəzifəli siyasətçiləri, mədəniyyət işçilərini, xoşməramlı səfirləri, jurnalistləri, ziyalıları bir platformada birləşdirir, müxtəlif milli, mədəni, dini, etnik mənsubiyyətlərə məxsus insanları bir araya gətirir, bu insanlar arasında qarşılıqlı fəaliyyət, səmərəli və intensiv dialoqun yeni, zəruri forma və səviyyələrini yaradır.

Forum çərçivəsində beynəlxalq tərəfdaşlarla birgə ümumilikdə 40-dək sessiya və tədbir keçiriləcək. Bu sessiyalar insan təhlükəsizliyi, davamlı inkişaf, miqrasiya, mədəniyyətlər və dinlərarası dialoq, ekstremizmə qarşı mübarizə, qaçqın və miqrantlara münasibət, gənclərin və təhsilin mədəniyyətlərarası dialoqda rolu, ərzaq təhlükəsizliyi mövzularını əhatə edəcək.

IV Bakı Forumunda iştirak etmək üçün ölkəmizə səfər edən tərəfdaş təşkilatların rəsmi nümayəndələri, eləcə də digər xarici qonaqlar - ekspert, siyasi-ictimai xadimlər forumun əhəmiyyətini yüksək qiymətləndirirlər.

UNESKO baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Nada əl-Naşif "Trend"ə bildirib ki, Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun məqsədi insanlar arasında sülh mühitinin yaradılmasıdır. Onun sözlərinə görə, məqsəd münaqişələrin qarşısının alınmasından ibarətdir:

"Bizim burada etdiklərimiz UNESKO-nun bütün dünyada mədəniyyətlərarası dialoqla bağlı səylərinin bir hissəsidir".

N.əl-Naşif qeyd edib ki, Bakı forumunun uğuru onun beynəlxalq arenaya çxışını müəyyən edib: "Biz inkişaf etməkdə davam edirik və insanlar bu platformanın daha çox iş görə biləcəyindən əmin olur".

Böyük Britaniyanın Coventry Universitetinin Etimad, Sülh və Sosial Münasibətlər Mərkəzinin icraçı direktoru professor Mayk Hardi isə bildirib ki, Bakıda keçirilən 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dünya üçün olduqca vacib əhəmiyyət daşıyır. O qeyd edib ki, artıq 4-cü dəfə keçirilən Bakı Forumu hər il daha səmərəli olur və əhəmiyyətini artırır: "Bu gün müxtəlif mədəniyyətlər arasında dialoqun qurulması mühüm əhəmiyyət kəsb edir. Bu forum Azərbaycan tərəfindən təşəbbüs ediləndən mən bu prosesə qatılmışam və bu forum mədəniyyətlər arasında dialoqun qurulmasına vacib töhfə verir".

Professor bildirib ki, Azərbaycan Qərblə Şərqin, Şimalla Cənubun kəsişməsində yerləşir: "Bu, çox mühüm coğrafi mövqedir və bir çox müxtəlif mədəniyyətləri bir araya gətirməyə imkan verir. Bu baxımdan Azərbaycanın belə foruma ev sahibliyi etməsi çox böyük səmərə gətirə bilər".

ABŞ-ın Oreqon Universitetində transmədəni araşdırmalar, dinlərarası dialoq və sülh kafedrasının UNESCO üzrə həmsədri Stiven Şankman qeyd edib ki, dünyada mədəniyyətlər arasında dialoqunu qurulması və inkişafı olduqca vacib amildir.

S.Şankman hesab edir ki, bu gün mədəniyyətlərarası dialoq genişləndirilməlidir.

O bildirib ki, Azərbaycanın mədəniyyətlərarası dialoqda böyük ənənəsi, təcrübəsi var və bu təcrübəsi ilə dünyada mədəniyyətlərarası dialoqun inkişafına öz töhfəsini verir: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi də bu istqamətdə atılan mühüm addımdır".

Burkina-Fasonun Gənclər Birliyinin əlaqələndiricisi Daniel Da Hien isə bildirib ki, Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dünya əhəmiyyətli tədbirdir. Onun sözlərinə görə, müxtəlif mədəniyyətlər arasında yaxın münasibətlər qlobal təhlükəsizliyin bərqərar olmasında mühüm rol oynayır:

"Bu gün Bakı dünyada mövcud problemlərin həlli yollarının axtarışı üçün meydandır. Belə ki, multikulturalizm və tolerantlıq mərkəzi olan Azərbaycanın bu sahədə ənənəsi və böyük təcrübəsi var".

Qeyd edək ki, dünən Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayıb. "Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar" mövzusunda olan tədbir YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, BMT-nin Ümumdünya Turizm Təşkilatı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, İSESKO-nun tərəfdaşlığı ilə keçirilir.

Forum çərçivəsində Mədəniyyətlərarası və dinlərarası dialoq üzrə UNESKO kafedralarının 2-ci akademik forumu və UNESKO-nun İpək Yolu "Onlayn" Platformasının Beynəlxalq Şəbəkəsinin 3-cü toplantısı olub.

Bu gün isə forumun rəsmi açılış mərasimi keçirilir. Daha sonra "zorakı ekstremizmin qarşısının alınması üçün vasitə kimi dialoq və universal dəyərlərə dəstək" mövzusunda plenar sessiya çərçivəsində müzakirələr aparılacaq, beynəlxalq təşkilatların yüksək səviyyədə görüşlərin keçirilməsi planlaşdırılıb. İştirakçılar kiberməkanda ekstremizmə qarşı mübarizə mədəni mübarizə məsələlərini, elektron resurslar vasitəsilə mədəniyyətlərarası dialoqun təşviqini, sivilizasiyalar arasında mədəni körpülərin qurulmasında parlamentarilərin rolunu müzakirə edəcəklər.

Tədbirin sonuncu günü, mayın 6-da isə Ümumdünya Forumunun nazirlər görüşü, "Qızların təhsil alması vasitəsilə zorakı ekstremizmə qarşı mübarizə" mövzusunda yüksək səviyyəli görüş baş tutacaq. Ardından sessiya çərçivəsində "Sülhün yaradılması: BMT-nin fəaliyyətinin 70 ili", "Qütbləşmə əsrində inklüziv dialoq", "Heydər Əliyev və Azərbaycanda dinlərarası harmoniya", "Mədəniyyətlər arasında dialoqun təşviqində şəhərlərin rolu", "Mədəniyyətlərarası dialoq və sülh üçün idman", "Mədəniyyətlərarası dialoq vasitəsilə dinc münasibətlərin qurulması", "İnklüziv cəmiyyətlərin və dinc yaşayışın qurulması: ASEAN-ın perspektivləri", "Mədəniyyətlərarası dialoq şəbəkəsi kimi Avropa Şurasının mədəniyyət marşrutları" və digər mövzular haqqında müzakirələr aparılacaq.

Həmçinin, forumun "Qida təhlükəsizliyi və cəmiyyətin sabitliyi məsələsində mədəniyyətlərarası dialoq: davamlı inkişaf və sülhə nail olmaqda əsas elementlər" mövzusunda ikinci plenar sessiyası da keçiriləcək.

Ceyhun ABASOV

 





05.05.2017    çap et  çap et