525.Az

Putin-Ərdoğan görüşü nəticəsiz yekunlaşdı


 

"MOSKVANIN SURİYADAKI SİLAHLI KÜRDLƏRƏ DƏSTƏK VERİB-VERMƏYƏCƏYİ SOÇİ GÖRÜŞÜNDƏN SONRA BƏLLİ OLMADI"

Putin-Ərdoğan görüşü nəticəsiz yekunlaşdı<b style="color:red"></b>

Xəbər verdiyimiz kimi, mayın 3-də Soçidə Rusiya prezidenti Vladimir Putin və Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib.

Görüş zamanı V.Putin iki ölkə arasındakı münasibətlərin xüsusi status əldə etdiyini və tam bərpa olunduğunu bildirib.

R.T.Ərdoğan isə rəsmi Moskva və Ankaranın birgə səylərinin Yaxın Şərqdəki vəziyyətə təsir edə biləcəyini açıqlayıb.

Görüşlə bağlı ikirlərini bildirən "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu qeyd edib ki, Rusiya prezidenti Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı Soçiyə niyə dəvət edib, görüş keçirdiyi doğrusu onun üçün tam aydın olmadı: "Prezidentlər bir ay əvvəl Moskvada görüşmüşdülər və münasibətlərin bütün parametrlərini müzakirə etmişdilər. Düşünmək olardı ki, Putin Ərdoğanı Soçiyə ona görə dəvət edib ki, hansısa problemli məsələnin həllində nəsə təklifi var, irəliləyiş gözlənilir. Ancaq bu görüşdən sonra bəlli oldu ki, Moskva Türkiyənin bəzi kənd təssərrüfatı məhsullarına, o cümlədən, haqqında daha çox danışılan pomidora qoyduğu embarqonu ortadan qaldırmaq fikrində deyil".

Politoloqun sözlərinə görə, Putin bunun səbəbini belə izah etdi ki, iki ölkə arasında münasibətlər gərginləşəndə Rusiya hökuməti yerli pomidor istehsalçılarına dövlət kreditləri verib və onlar bazarı doldurmalıdırlar: "Yəni Putin demək istəyirdi ki, Türkiyə pomidorunu Rusiya bazarına buraxsalar, Rusiya pomidorlarını alan olmayacaq. Türkiyənin Rusiyadan taxıl alıb-almayacağı da bəlli olmadı. Ayrıca, Putinin sözlərindən o da bəlli oldu ki, Türkiyə vətəndaşlarına tətbiq olunan viza da ortadan qaldırılmır".

E.Şahinoğlu hesab edir ki, Putinin Ərdoğanın Suriyadakı silahlı kürdlərə dəstək verib-verməyəcəyi haqqında həssasiyyətini nəzərə alıb-almayacağı da bu görüşdən sonra bəlli olmadı: "İki ölkə arasındakı enerji layihələri tam gücüylə davam edir. Ancaq bu Putin-Ərdoğan görüşündən öncə də məlum idi. Bizə aid olan isə odur ki, Rusiya və Türkiyə prezidentləri Dağlıq Qarabağ münaqişəsinin həlli haqqında xüsusi fikir mübadiləsi aparmadılar. Bu, gözlənilən idi. Təəssüf ki, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi Rusiya-Türkiyə dialoqunun əsas mövzularından biri deyil".

Ceyhun ABASOV

 





05.05.2017    çap et  çap et