Mayın 5-də Misir Milli Tərcümə Mərkəzinin direktoru Ənvər Moğis Azərbayca Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub.
Görüş zamanı Tərcümə Mərkəzinin ərəb ədəbiyyatına diqqətindən, müxtəlif dövrlərdə məşhur ərəb yazıçıları Nəcib Məhfuz, Mahmud Teymur, İhsan Abdul Quddusun əsərlərinin tərcümə edilərək Azərbaycan oxucusuna tanıdılmasından söz açılıb.
Daha sonra Azərbaycan-Misir ədəbiyyatları arasında ədəbi əlaqələrin qurulması üzrə hər iki mərkəzin birgə təşkilatçılığı ilə həyata keçirilən layihələr, həmçinin bu ilin mart ayında Qahirədə işıq üzü görmüş irihəcmli “Müasir Azərbaycan hekayəsi” kitabının, eləcə də ayrı-ayrı yazıçıların kitablarının digər ərəb ölkələrində nəşri və təqdimatı məsələlələri müzakirə olunub.
Ənvər Moğis deyib ki, Azərbaycanın dünyaya, dini dözümlüyün, xalqlararası qarşılıqlı anlaşmanın bünövrəsini qoyan aparıcı ölkə kimi təqdim edilməsinin bir əsaslı istiqaməti də Azərbaycan ədəbiyyatının dünyaya tanıdılmasıdır:
"Bir xalq haqqında, onun milli düşüncəsi, məişəti, mənəvi dayaqları haqqında məlumat əldə etmək üçün, əlbəttə ki, ilk növbətə onun ədəbiyyyatına müraciət olunur. Bu mənada Mərkəzinizin gördüyü işlər təqdirəlayiqdir".
Görüşün sonunda qonağa mərkəzin son nəşrlərindən olan ərəb dilində “Azərbaycan xalqının tarixi, yaxud tərcümeyi-halı” və İslam Həmrəyliyi İli münasibətilə tərtib edilmiş “Azərbaycan-ərəb dili danışıq kitabçası” təqdim edilib.
çap et