525.Az

Aprel üzrə gündəlik hasilat məlumatları OPEC-ə təqdim edildi


 

Aprel üzrə gündəlik hasilat məlumatları OPEC-ə təqdim edildi<b style="color:red"></b>

OPEC-ə üzv olan və kartelə daxil olmayan ölkələrin neft hasilatının azaldılması ilə bağlı Vyana razılaşmasına uyğun olaraq, Azərbaycan bu ilin aprel ayı ərzində gündəlik neft hasilatı ilə bağlı məlumatları Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.
 
Energetika Nazirliyinin mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, həmin məlumatlara əsasən, aprel ayı ərzində respublika üzrə gündəlik neft hasilatı 781,1 min barel olub. Bunun 726,8 min barelini xam neft, 54,3 min barelini kondensat təşkil edib. Gündəlik 601,6 min barel xam neft, 54,3 min barrel kondensat, 19,0 min barrel isə neft məhsulları ixrac edilib. Beləliklə, 11 ölkənin 2017-ci il yanvarın 1-dən gündəlik neft hasilatını 558 min barel azaltmaq barədə razılaşması çərçivəsində Azərbaycan hasilatı sutkada 35 min barel azaltmaqla bağlı götürdüyü öhdəliyi tam yerinə yetirib.

Qeyd edək ki, yanvar ayı ərzində respublika üzrə gündəlik neft hasilatı 793,9 min barel, fevral ayında 776,4 min barel, mart ayında isə 733,3 min barel olub.
 
Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 mln. barel azaldılaraq 32,5 mln. barelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barel azaldılması barədə sazişə imza atıb. Saziş bu ilin birinci yarısı üçün bağlanıb və ilin ikinci yarısı üçün Sazişin müddətinin uzadılması, yaxud digər hansısa bir qərarın qəbulu OPEC-in Nazirlər Şurasının 25 may 2017-ci il tarixində Vyanada keçiriləcək 172-ci iclasında müəyyənləşəcək.

 





05.05.2017    çap et  çap et